Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkəmizdə yaşayan müxtəlif millətlərin öz dilində danışması, inanclarını yaşaması tolerantlığın nümunəsidir"
"Ölkəmizdə yaşayan müxtəlif millətlərin öz dilində danışması, inanclarını yaşaması tolerantlığın nümunəsidir"

Tolerantlıq və xoşgörülü olmaq kimi ifadələr 20-ci əsrin qavramlarındandır. Burada əsas məqsəd müxtəlif inanclara, dinlərə, məzhəblərə, fərqli millətlərə, insanların yaşam tərzlərinə göstərilən xoşgörüdür, dözümlülükdür. Xoşgörülü olmaq, tolerantlıq fərqliliklərin məqbul sayılmasıdır. Məqbul saymaq onların doğru olduğunu qəbul etmək mənasına gəlməməlidir. Bu, “Bəli, sən varsan, mövcudsan, fərqli düşüncələrə, inanclara malik olsan da sən bu cəmiyyətə mənsubsan. Sənin varlığın, bu cəmiyyətə və dünyaya rənglilik, parlaqlıq qatır.” Elə isə müxtəlifliyi, fərqli olanları zənginlik kimi qiymətləndirməli, cəmiyyət quruculuğunda bunlardan maksimum istifadə edilməlidir. Azərbaycandaki dini və milli tolerantlıq, millətlərarası münasibətlərin mövcud durumunu dəyərləndirmək üçün bölgənin keçmiş tarixini, mədəniyyətini, milli və dini-mənəvi durumunu yaxından bilmək lazımdır.

İlahiyyatçı, professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına müsahibəsində vurğulayıb ki, cəmiyyətimizin indiki durumun keçmişdən süzülüb gələn bir yığımın nəticəsidir.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“Tarixə nəzər salanda görərik ki, İslam dininin yayılışından öncə Azərbaycanda Zərdüştilik, Atəşpərəstlik, Yəhudilik, Xristianlıq kimi inanclar mövcud olmuşdur. Bu inanc sistemlərinin bir çoxu İslamın gəlişindən sonra da varlığını davam etdirmiş, müasir dövrümüzə qədər gəlib çıxmışdır. Bunun əsas səbəbi Azərbaycanda fərqli inanc mənsublarına qarşı göstərilən tolerantlıqdır.

Bilindiyi kimi Azərbaycan əhalisinin 93%-dən çoxu İslam dininə mənsubdur. Vətəndaşlarımızın dini fəəliyyətləri qanunla tənzimlənmişdir.

Ölkəmizdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş 900-dən çox müsəlman dini icması fəaliyyət göstərir. Son illərdə dini təhsil sahəsində atılan addımlar öz müsbət nəticəsini verməyə başlamış, Azərbaycanda milli-mənəvi dəyərlərə malik olan və cəmiyyətin dini cəhətdən aydınlanmasına xidmət edən din mütəxəssislərinin sayı xeyli artmışdır.

Burada, Azərbaycan dövlətinin, ölkədəki fərqli dini inanclara mənsub vətəndaşların icma halında fəaliyyət göstərməsi və ibadətlərini icra etməsi üçün şərait yaratmasını xüsusilə ifadə etmək istəyirəm. Belə ki, DQİDK-də Azərbaycanda yaşayan fərqli dini inanclara mənsub vətəndaşlar qeyri-İslami dini icmalar adı altında rəsmi qeydiyyata alınmış, bu icmaların fəaliyyətləri də qanunla tənzimlənmişdir. “Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu”, “Bakı şəhəri Dağ Yəhudiləri dini icması”, “Azərbaycan Respublikasının Alban-Udi Xristian dinci icması”, “Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması”, “Sumqayıt şəhəri Bəhai dini icması”, “Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icması” və “Sumqayıt şəhəri “Alov” Xristian dini icması” bu icmalardan bəziləridir”-deyə ilahiyyatçı qeyd edib.

Azərbaycanda millətlərarası münasibətlərin vəziyyəti barədə Şahin Əhmədoğlu bildirib ki, Azərbaycanda Azərbaycan türkləri ilə birlikdə tat, ləzgi, talış, rus və digər millətlərin nümayəndələri əsrlərdir birgə yaşayırlar. Onların öz dillərində danışması, adət və ənənələrini qoruması ölkəmizdəki fərqli millətlərin nümayəndələrinə olan tolerantlığın bariz nümunəsidir. Həm birinci həm də ikinci Qarabağ savaşında ayrı-seçkilik etmədən Vətən torpaqlarını qorumaq üçün hamı bir nəfər kimi silaha sarılmışdır. Bu da Azərbaycanda millətlərarası münasibətlərin ən üst səviyyədə olduğunu göstərməkdə, eyni zamanda Azərbaycanın ölkədə yaşayan hamının Vətəni olduğunun nümunəsidir.

İlahiyyatçının fikrincə, indiki dövrə baxanda Azərbaycanda həm dini və milli, həm də millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində xeyli işlərin görüldüyünü müşahidə edirik. Məsələn, ali təhsil müəssisələrində multikulturalizm adı altında tədris olunan bir fənn var. Bu fənnin adı "Azərbaycan Multikulturalizmi - Ali məktəblər üçün dərslik" dir. Təhsil Nazirliyinin tabeliyində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin faaliyyət göstərməsi də bu sahədəki mühüm işlərdəndir. Ölkəmizdə bütün bunların olması təqdirəlayiq və bir o dərəcədə çox əhəmiyyətli məsələlərdəndir.

“Azərbaycan İlahiyyat İnstitutu və mənim də müəllim kimi fəaliyyət göstərdiyim Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı 2022-ci ildə Bakıda “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” mövzusunda Beynəlxalq Simpoziumunun birincisi keçirildi. Bu beynəlxalq tədbirdə çox sayda ölkədən gələn qonaqlar Azərbaycan insanının nə qədər qonaqpərvər, müxtəlif ölkələrdən gələnlərə qarşı necə hörmət göstərdiklərini müşahidə etdilər. Məhz buna görə də simpoziumun ikincisinin Türkiyənin Kırıkkale şəhərində keçirilməsi təklif edildi və bu tədbir 2023-cü ildə baş tutdu. Bizim məqsədimiz, bu kimi beynəlxalq səviyyəli tədbirlərlə Azərbaycanımızın sahib olduğu milli-mənəvi dəyərləri, millətlərarası münasibətlərdə ortaya qoyduğu nümunəvi fəaliyyətləri dünya ictimaiyyətinə çatdırmaqdır”-deyə professor bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »