Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər kəs Ramazanda özünü daha çox qorumalıdır, əks halda günahları ikiqat olacaq"
"Hər kəs Ramazanda özünü daha çox qorumalıdır, əks halda günahları ikiqat olacaq"

Bu gün 11 ayın sultanı hesab edilən Ramazan ayı başlayır. Ramazan ayı müqəddəsliyi ilə digər aylardan seçilir. Ramazan ayını bu qədər müqəddəs, sevincli ay edən nədir?

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramazan ayı Qurani-Kərimin nazil olduğu, insanların günahlardan təmizləndiyi, şeytanların zəncirləndiyi, Cəhənnəmin qapılarının bağlandığı və nəhayət, İlahi rəhmət ayıdır. Ramazan ayının gəlişi müsəlmanların sevincinə səbəb olan bir aydır. Bəlkə də bu səbəbdəndir ki, Ramazanın gəlişini həsrət və sevinclə gözləyən həzrət Peyğəmbər buyurmuşdur: “İlahi, bizi Ramazan ayına çatdır.”

İbrahim Quliyev İbrahim Quliyev

İ.Quliyev bildirir ki, Ramazan sözü “yandırıb məhv edən” və yaxud da “payızın ilk yağışı mənasındadır. Bu adın ramazan ayına verilməsinin səbəbi bəlkə o ayda insanların günahlarının silinməsi və ya yuyulub aradan aparılmasına görədir. Çünki od odunu necə yandırıb yox edirsə, payızın ilk günlərində yağan yağış yay boyu təbiətə qonmuş toz-torpağı necə yuyub aradan aparırsa, Ramazan ayında da insanların günahları eləcə silinib yox edilir. Öz günahlarının bağışlanmasını bilən şəxs özünü hamıdan xoşbəxt hiss edir, öz mənəviyyatında sanki “təmizlənmə işinin” aparıldığını görüb çox sevincək olur. Bunda görə də Allahın Peyğəmbəri, “Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını diləyər.”

Ramazan ayı həm də xeyir-bərəkət ayıdır. Bu ayda müsəlmanlar Uca Allahın qonağı hesab olunurlar. Ramazan yeganə aydır ki, insan hər halında – yatarkən, yeriyərkən, yeyib-içərkən belə ibadət etmiş kimidir: “İmam Əli, Ramazan öncəsi həzrət Peyğəmbərin bütün səhabələrini bir yerə toplayıb belə buyurduğunu nəql edir: “Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır.” Mən qalxıb dedim: “Bu ayda ən yaxşı əməl nədir?” Allahın Peyğəmbəri buyurdu: “Ey Əbəlhəsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.”

Bu hədis həm də onu göstərir ki, “Hər bir şəxs, Ramazan ayında özünü daha çox qorumalı və Uca Allahın haram buyurduğu hər bir əməldən çəkinməlidir. Əks halda onun günahları da ikiqat olacaqdır”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »