Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz inancları: Bayram axşamı “Həmişə Belə” adlı bir mələk evlərə baş çəkir
Novruz inancları: Bayram axşamı “Həmişə Belə” adlı bir mələk evlərə baş çəkir

Novruz bayramı Azərbaycan xalqının qədim bayramlarındandır. Bu bayramda hər kəs sevinir. Ən çox da gənc qızlar. Çünki Novruz falları çox zaman düzgün çıxır. Bu da qızların marağına səbəb olur.

Novruzun ilk inancı, elə səməni ilə bağlıdır. Novruzdan öncə ilk çərşənbə axşamı səməni qoymağa başlayanda ürəyində niyyət tutursan. Deyilənə görə, Novruza qədər səməni cücərib, böyüsə arzuna çatacaqsan. Səməni həm də yazın çarçısıdır.

Novruz fallarından ikincisi, su falıdır. Novruz axşamı qız-gəlinlər lal su gətirərlər. Lal su o deməkdir ki, suyu gətirən suyu qaba yığıb götürən andan danışmamalı və niyyət tutmalıdır. Qarşısına çıxan ilk şəxsin onunla danışacağı mövzu ilə ürəyində tutduğu niyyəti uyğunlaşdıra bilər.

Digər fal isə, qulaq falıdır. Bayram axşamı, ürəyində bir niyyət tutub, heç kimlə danışmadan istədiyin bir qapını dinləməyə başlayırsan ilk eşitdiyin sözü niyyətinlə uyğunlaşdıra bilərsən. Bu səbəbdən bayram axşamı hər kəs evində xoş söhbətlər etməlidir. Unutmamaq lazımdır ki, sizin danışdıqlaırnız kiminsə taleyinə təsir edə bilər.

Başqa bir fal da yumurta falıdır. Bu, bir qədər narahat edici bir üsul olsa da, insanlar bu fala da çox inanır. Bayram axşamı söyüd ağacının altına bir yumurta və iki qara və qırmızı qələm qoyulub, niyyət tutulur. Səhər əgər yumurtanın üzərində qırmızı xətt varsa, niyyətinə çatacaqsan və qara xətt varsa, yaxşı nəticə gözlənilmir.

Digər bir niyyət falı isə, alma falıdır. Bayram axşamı alma yeyib, tumlarını yastığının altına qoyursan, gecə yuxunda gördüyün adam sənin bəxtin-qismətin olacaq.

Novruz bayramının digər falı isə, iynə falıdır. Qızlar iynələrin ucuna balaca pambıq bağlanılır və suya salınır. Hər kəs maraqlandığı gənclərin adına bir iynə salır suya. Hansı gəncin adını verdiyiniz iynə sizə yaxınlaşarsa, o deməkdir ki, o da sizə qarşı laqeyd deyil.

Başqa bir fal isə, ev əhli ilə bağlıdır. Ürəyində arzu tutub, gözləyirsən. Evə birinci girən şəxsin ilk sözü ilə bağlı niyyətini uyğunlaşdıra bilərsən.

Bayram gününün digər adəti isə, xalq içində formalaşıb. Deyilənə görə, bayram axşamı “Həmişə Belə” adlı bir mələk evlərə baş çəkir. Kimin evində vəziyyət necədirsə, bütün il boyu o evdə vəziyyət eləcə davam edəcək.

Bayram axşamı gec yatırlar, tonqal ətrafında oturub, arzular tutur və niyyətlərini oda danışırlar. Sonra səhərə yaxın tonqalın üzərindən atılıb, “ağırlığım, uğurluğum odlara” deyib, tonqalı söndürüb yatmağa getmək olar.

Qısası, xalqımızın Novruzla bağlı adət-ənənələri kifayət qədərdir. Əsas odur ki, bayram sevinci ürəyimizdə olsun. Kiminlə ailə quracaqsınız, niyyətləriniz həyata keçəcəkmi və s. bütün hər şey Allahın əlindədir.

Novruz bayramınız mübarək!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »