Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Narkotik istifadəçilərinin 70 faizi həm də narkotacirdir"
"Narkotik istifadəçilərinin 70 faizi həm də narkotacirdir"

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3118 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Faktlar göstərir ki, ölkədə narkotik istifadəsi ilə yanaşı narkotik tacirlərinin də sayı artır. Hər gün narkotik maddə qəbul edərək avtomobil idarə edən sürücülərin saxlanılması, narkotik vasitələrin təsiri altında baş verən cinayətlərin statistikası sübut edir ki, ölkədə vəziyyət o qədər də ürək açan deyil. Narkotik istifadəçilərinin özləri də narkotik satışı ilə məşğul olaraq, narkotik almaq üçün qazanc əldə edirlər.

Narkotik tacirlərinin sayı necə artır?

Emil Maqalov Emil Maqalov

Narkomaniya üzrə ekspert Emil Maqalov Bizimyol.info saytına açıqlamasında bildirib ki, narkotik istifadəçisi narkotik istifadə etdikdən bir müddət sonra ağrıları başlayır. Onlar bu vəziyyətdən çıxmaq üçün hər bir yola əl atırlar: “Bu ağrısı güclü ağrıdır. Onlarda dırnaqdan tutmuş saçına qədər hər yeri ağrıyır. Bu səbəbdən də həmin şəxs məcburdur ki, narkotiki tapıb ondan ağrıkəsici kimi istifadə etsin. Narkotik istifadəçisi xəstə olduğundan cinayətkar olacaq və ineksion narkomandırsa, təhlükəli virus yayıcısı olacaq”.

Ekspertin fikrincə, ümumiyyətlə bütün narkotik istifadəçiləri risk qrupuna daxildir. Onun sözlərinə görə, bir müddət narkotik istifadə etdikdən sonra pulu bitən narkoman oğurluq etməyə başlayır, cibə girir, ev yarır, velosiped və ya dəmir oğurlayır. Sayğacları, kondinsionerlərin mis borularını oğurlayıb narkotik almağa gedir. Oğurladığı malı normal sata bilibsə, ehtiyacı olduğundan artıq narkotik alır.

“Məsələn; narkomanın 100 manatı varsa, o, ehtiyacı olan 1 qramın 10/1-ni almaq yerinə 1 qram alır. Çünki onlar həyatını narkotiklərə həsr etmiş olur. Onların təbirincə desək bu “ağrıkəsicini” tapmaq çox önəmlidir. Və bu, onlarda kifayət qədər olduğu zaman ürəkləri sakitləşir. Narkotacirlər 1 qramı adətən 5-8 yerə bölüb satır. Ancaq narkoman əldə etdiyini 10 yerə bölüb satmağa başlayır.

Məsələn, əgər o, aldığı 1 qram narkotiki 100 manata alıbsa, bölüb satdığı zaman 150 manat qazanır. Bu da o deməkdir ki, narkoman həm də potensial "bariqa"dır” - deyən Maqalov bildirir ki, narkotik istifadəçilərinin 70 faizi həm də narkotacirdir. Bu da o deməkdir ki, narkotik istifadəçilərinin qarşısını almaq çox çətindir. Yəni külli miqdarda satışın qarşısı alınsa da, narkomanlar özləri kiçik miqdarda bunu satırlar.

E.Maqalovun fikrincə, narkotik satışının artmasının qarşısının alınması üçün məsul qurumlarla yanaşı, cəmiyyətin özü də mübarizə aparmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »