Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəxt üzüyü": Hamı üçün nəsə var - Video
"Bəxt üzüyü": Hamı üçün nəsə var - Video

Bağ mövsümü başlayanda 3 fərqli ailə eyni həyətdə yaşamağa başlayır. Yəqin “Bəxt üzüyü” filminə baxanda sadəcə Söylüyə gülmüsünüz. Filmin dərinliklərinə enmək, düşünmək, əslində filmin komediya deyil, həyatı əks etdirən bir faciə filmi olduğunu başa düşmək istəməmisiniz çoxunuz. Çünki bu gün həyatda hər kəs, üzünü güldürən, fikrini dağıda bildirən filmlərə, proqramlara üstünlük verir. “Bəxt üzüyü” filmi isə, hər kəs üçündür. Gülmək istəyənlər özü üçün gülüş obyekti tapıb gülə bilir. Həyatın 5 günlük olduğunu iddia edib keyfində damağında olanlar əylənə bilir. Və bir də ailəsində xoşbəxt ola bilməyənlər, keçimini daşdan çıxaranlar baxıb dərs alır. Bu filmdə hamı üçün nəsə var.

Moşu Qazaxdan Bakıya gəlib, bağda istirahət edir. Aylarla “xoşbəxtlik” sözünə qafiyə axtaran Moşu, müxtəlif şairlərin şeirlərini səsləndirərək öz adına çıxarmağa çalışır: Aşıq Ələsgər, Puşkin... Özü yazmağı bacarmasa da...

Moşunun həyat yoldaşı Söylü, 6 uşaq dünyaya gətirib və 7-ciyə hamilədir. Filmdə rejissor Azərbaycan kəndlərində ailənin təməlinin uşaq olduğunu göstərir. Və bu Söylünün dilindən bir neçə dəfə təkrar edilir. Özünü şair adlandıran, Moşunun arvadı olan Söylü, ildə bir uşaq dünyaya gətirir və elə düşünür ki, bu belə də olmalıdır. Hətta qonşusu Sevdanın niyə övlad dünyaya gətirməməsi barədə düşünür: “Bizim kənddə arvadı ildə doğmayan kişiyə, millət birtəhər baxır eyy...”, “Gecələr Rasim evə çoxmu gec gəlir?” - deyib Sevdanın həyatına da qarışır. Söylü üçün hər il bir uşaq dünyaya gətirib bazara getmək, lazım olsa həyat yoldaşını müdafiə etmək qadın olmağın - həyat yoldaşı olmağın məsuliyyətidir.

Hüseyn... Filmdə evinə gec saatlarda və sərxoş halda gələn bir ata. Heç yerdə işlərmir, evi ilə maraqlanmır. Spirtli içki aludəçisinə çevrilib. Hər gün içir. Heç kim ondan bu içkiyə bağlılığın səbəblərini soruşmur. Əslində o da xoşbəxt münasibətə, sevgiyə acdır. Uşaq evində böyüyün şəxslərin sevgiyə xüsusi ehtiyacı olur. Amma bunu Sara ya anlamır, ya da anlamaq istəmir...

Hüseynin həyat yoldaşı Sara da həyatından narazıdır. Hətta həyətdəki digər ailələrə həsəd də aparır. “Hamının kişisi gəldi...” - deyir... Hüseynlə Saranın bir qız övladı var. Və özünü bədbəxt hiss edir Sara...

Sevda... Açıq xarakterli, deyib-gülən olduğu üçün hamı onun həyat yoldaşı Rasimə “kişi” kimi baxmır. Rasim isə, fərqlidir. Çalışır. Həyat yoldaşına hətta həyətdəki uşaqlara belə, hər gün hədiyyələr almağa çalışır.

Söylü, Sara və Sevda... Film üç fərqli qadının ailə həyatından, həyata baxışları, düşüncələri, zövqlərindən bəhs edir. Maraqlısı budur ki, 3 Azərbaycan qadını obrazının heç biri xoşbəxt deyil. Hamısının axtardığı, düşündüyü, arzuladığı başqadır. Və istəklər fərqli olsa da, onlar içində olduqları həyatı yaşamaq məcburiyyətindədir. Söylü, savadsız olduğu üçün həyat yoldaşı Moşudan asılıdır. Sara, özü başqalarının paltarlarını yumaqla qızını və özünü saxlayır. Sevda isə...

Filmin əvvəlində deyib gülən, tikəni bölməyə çalışan qonşular filmin sonunda qatı düşməmə çevrilirlər. Saranın "bəxt" üzüyünün itməsi insanların iç üzünü ortaya çıxarır:

  • Məlum olur ki, bir-birinin üzünə gülən, zarafatlaşan, bir süfrə başında yemək yeyən insanlar əslində bir-birini sevmir və bir-birinə yuxarıdan aşağı baxırmış.
  • Məlum olur ki, Saranın paltar yuyaraq özünü saxlaması Sevdanın nəzərində əskiklik imiş.
  • Məlum olur ki, Söylünün dünyaya uşaq gətirməsi və yeməyinə fikir verməməsi “çuşka”lıq imiş.
  • Məlum olur ki, əslində Seda da əxlaqsız imiş.

Üzüyün itməsindən öncə bu çirkinliklər, eybəcərliklər gözə çarpmırdı. Əslində o üzük nə Moşunun, nə də Rasimin ailəsi üçün dəyərli deyildi. Saranın polisə şikayət etməsi ilə, bütün dostluqlar, mehribanlıqlar bitir.

Sarada günah varmı? Bəlkə də “detdom” uşağı olan Hüseynin evinə baxan, ailəsinə zaman ayırmayan biri olmasında elə Saranın günahı var. Bəlkə Sara nə istədiyini bilmədiyi və özünü bədbəxt hiss etdiyi üçün Hüseynlə ümumi dil tapa bilmir? Axı, Hüseyn heç də pis xarakterli obraz deyil.

Filmin sonunda hamının alkoqolik adlandırdığı Hüseynin monoloqu hamıya çox təsir edir:

"İtirə-itirə gəlirik. Biri qeyrətini-namusunu itirir. Biri ağlını, biri də bəxtini... Kimlər itirmir axı... Kim itirmir axı bu dünyada... İtirə-itirə gəlirik. Son günümüzdə ölüm. Bu qədər çirkaba dözmək olmur axı..."

Filmin sonunda məlum olur ki, filmin boyu hər kəsin alkoqolik kimi baxdığı və aşağıladığı Hüseyn, hamıdan qat-qat xarakterlidir. Eyni zamanda filmin sonunda Hüseynin qızının yaşadığı psixoloji sarsıntılar da, Azərbaycanda ailəsində keçimsizliyin uşaqlara necə təsir etdiyi canlandırılıb.

“Bəxt üzüyü” filminə bir də bu baxışla baxın. Həyatın reallıqlarının əks etdirildiyi, insanların iç üzünün açıldığı baxışla. Əslində heç nə göründüyü kimi deyil!

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »