Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu Vətən torpağın qara bağrında, Sıra dağlar kimi duranlarındır!” - “Zəfər” yarmarkasından FOTOLAR
“Bu Vətən torpağın qara bağrında, Sıra dağlar kimi duranlarındır!” - “Zəfər” yarmarkasından FOTOLAR

Bu gün Dənizkənarı Milli Parkda “Yaşat” fondunun təşkilatçılığı ilə təşkil edilən “Zəfər” yarmarkasında olduq.

Yuxarıda qeyd etdiyim musiqi misraları sərgi yaxınlığındakı səhnədə səsgücləndiricilər vasitəsilə türkiyəli müğənni Kıraçın dilindən səsləndirilirdi. Sərgidə körpəsindən qocasına hər yaşda adam var idi. Parkda səliqə ilə yerləşdirilmiş zirehli hərbi texnikalar hər kəsin diqqətini cəlb edirdi. Texnikaların üzərində Azərbaycan-Türkiyə birgə bayraqlarının yerləşdirilməsi ziyarətcilərə görünür, xüsusi zövq verirdi.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Sərgidə müxtəlif növ hərbi təyinatlı zirehli avtomobillər, texnikalar yerləşdirilmişdi.  Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Marauder” adlı zirehli transportyor, “Kamaz” və “BTR 80” yarmarkaya gələnlərin diqqətini xüsusi cəlb edirdi.  Texnikaların qarşısında 82 mm-lik “BM-37” tabor minaatanı və digər müxtəlif çaplı minaatan qurğular quraşdırılmışdı.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Sərgidə hərbi səliqə göz oxşayırdı. Hərbi xidmətdə olanlar hərbidə səliqə-səhmanın, nizam-intizamın öncəlik təşkil etdiyini yaxşı bilərlər. Bax, həmin səliqə burada da mövcud idi. Hər şey təmiz,aydın və səliqəli şəkildə yerləşdirilmiş, texnikalara, silahlara və digər hərbi təyinatlı əşyalara nəzarət edən hərbçilər onlara suallar verən vətəndaşların suallarına dolğun cavablar verirdilər. Onu da qeyd edək ki, sərgidə iştirak edən hərbçilərimizin bir çoxu İkinci Qarabağ Müharibəsi iştirakçıları idi.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Hərbi texnikaların qarşısında – onlara paralel şəkildə içində müxtəlif hərbi təyinatlı əşyaların, hərbi-tibbi ləvazimatların, maddi-texniki təminat vasitələrinin, eləcə də hərbi qulluqçularımız üçün nəzərdə tutulan qidaların sərgiləndiyi çadırlar təşkil edilmişdi. Hərbi-Tibbi Xidmət kapitanı olan zabit çadırdakı tibbi ləvazimatlar barədə insanların suallarını cavablandırır, valideynindən ayrılıb, ləvazimatlarla kobud rəftar edən uşaqlarla isə hərbçi yox, müəllim təmkini ilə davranırdı.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Ard-arda düzülmüş çadırlarda tibbi ləvazimatların yerləşdirildiyi çadırdan çıxıb, növbəti çadırlara yönəldik. Burada  7,62 çaplı “AKM-74”, 5,45 və 7,62 çaplı “RPK” və “PK” pulemyotları və digər avtomat silahlar sərgilənmişdi.  Burada da öz marağına qalib gələ bilməyənlərin çoxluq təşkil etməsi aşkar idi.  Belə ki, avtomat silahların yerləşdirildiyi çadırda “əlvurmaq qadağandır” yazısına rəğmən, silahın mexanizmi ilə oynamağa çalışanlar da az deyildi.  Silahlara nəzarət edən çavuşun “silah zarafatı sevmir, onunla oynamaq olmaz” xəbərdarlığından sonra məsələnin ciddiliyi anlaşılmış oldu.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Həmin çadırda bir detal diqqətimizi cəlb etdi. Səndemə, həmin silahların əksəriyyəti müharibədə şəhid olan hərbçilərimizin istifadə etdiyi silahlar imiş. Məsələn, nümayiş olunan “PK” silahlarından biri çavuş Əmrahov Saməddin Şamil oğluna məxsus imiş. O, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşaraq, şəhidlik mərtəbəsinə yüksəlib.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Növbəti sərgi çadırına yönəldik. Burada hərbi qulluqçularımızın qidalanması üçün nəzərdə tutulmuş quru ərzaq pay dəsti nümayiş olunurdu.  Bu ərzaq payına daxil olan qidalar əsasən, qalet, mal əti konservi, ət-bitki konservi, povidlo, ciyər paşteti, qatılaşdırılmış süd, vitamin preparatı və digər qidalar idi. Bunlarla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti üçün nəzərdə tutulmuş qida payına da rast gəldik. Bura xüsusən müxtəlif növ çərəzlər, meyvələr, “baton” şokoladlar, kolbasa və digər yüksəkkalorili qidalar daxil edilmişdi. Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin gündəlik qida rasionu 5 min kilokaloridən artıqdır. Bu barədə həmin ərzaq payları barədə məlumat verən gizir rütbəli hərbçi bildirdi.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Yeri gəlmişkən,elə həmin gizirlə orta yaşlı bir qadının maraqlı dialoquna da şahid olduq.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Deməli, çadırda hərbçilərimizin qida rasionu ilə maraqlanan həmin qadın narazı şəkildə “O uşaqlar bunlarla nə doyacaq? Buna bax, heç yarım kilo çəkisidi də yoxdur. İndi əsgərin biri bunu yedi, doymadı, nə olacaq? Bəlkə yenə yemək istəyir? Olmaz belə. Çəkini çoxaldın, ac qalmasınlar. Həm də yağını, duzunu, tərkibini tam edin, ağızları dadlansın” – deyə gizirə bildirdi. Gizir də öz növbəsində, təbəssümlə qadına qarşılıq verdi, bildirdi ki, heç bir əsgərimiz ac qalmır: “Bu qidaların çəkisi az olsa da, kaloriləri yetərincədir. Hərbçilərimizə də ehtiyacları qədər verilir”.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Kiçik dialoqdan sonra aydın oldu ki, həmin qadının oğlu da hərbçidir və Onun bu iradı əslində bu yeməklərə yox, oğlunun uzun zamandan bəridir o ananın bişirdiyi yeməklərdən ayrı düşməsinə imiş.  O, təbii ki, bir ana şəfqəti ilə oğlunun başqa yeməkləri yox, sırf özünün bişirdiyi yeməklərdən dadmasına sevinər. Çünki o zaman oğlunun yetərincə doyduğuna əmin ola bilər.  Necə deyərlər, analar üçün övladları hər zaman acdır...

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Təəssüf ki, bu çadırda qida rasionu ilə maraqlananlarla yanaşı, həmin qidaları gizlincə öz çantalarına, ciblərinə doldurub, uzaqlaşmaq istəyənlər, hətta uzaqlaşanlar da olurdu. “Bununla bağlı nə tədbir görürsünüz?” deyə, gizirdən soruşduqda, “Tədbir, onların öz vicdanları. Bir-ikisinə başqaları görmədən kənara çəkib, irad bildirmişəm, bəziləri boynuna almayıb, bəziləri də “dadına baxmaq istəyirdim” deyib, israr ediblər.  Mən də göz yummalı olmuşam, aparıblar.  Normal düşüncəli insan anlayar ki, bu yarmarka satış yarmarkası deyil, adı üstündə, “Zəfər” yarmarkasıdır. Görünür, bəziləri yuxudan acqarına oyanıb, bura gəliblər” – deyə, gülərək, zarafatla bildirir.

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

Son olaraq, torpağın qara bağrına girib, oranı öz qanı ilə suvarıb, “Vətən” adlı diyar edənlərin xatirəsinə Orxan Şaiq Gökyayın bu gözəl şeirini oxucularımızla paylaşmaq istəyərdim:

Bu Vətən torpağın qara bağrında

Sıra dağlar kimi duranlarındır!

Bir tarix boyunca onun uğrunda

Özünü tarixə verənlərindir.

*

Tutuşub kül olan ocaqlarından,

Şaxlanıb köpürən irmaqlarından,

Hüdudlarda qəza bayraqlarından

Alnına işıqlar vuranlarındır!

*

Geri boylanmadan yollara düşən,

Şimşək kimi çaxan, sel kimi coşan,

Hüduddan – hüduda hər səddi aşan

Cəbhədən – cəbhəyə soranlarındır!

Mətin Şükürlü, bizimyol.info, Fotolar müəllifindir

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü

“Zəfər” yarmarkasından görüntü “Zəfər” yarmarkasından görüntü
Son xəbərlər
Bütün xəbərlər »