Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis 11 yaşlı qızla 12 yaşlı oğlanın evləndirilməsinə imkan verməyib
Polis 11 yaşlı qızla 12 yaşlı oğlanın evləndirilməsinə imkan verməyib

Bir sıra ölkələrdə erkən evliliklərə hələ də normal yanaşılır. Misirdə yetkinlik yaşına çatmayan şəxslərin ailə həyatı qurmasına az rast gəlinmir. Hərçənd, hökumət bunun tərəfdarı olmadığını göstərir. Ölkə qanunvericiliyi də yalnız 18 yaşına çatandan sonra nikaha girməyin mümkünlüyünü bildirir.

Bizimyol.info xəbər verir ki, Misirdə polis 11 yaşlı qızın 12 yaşlı oğlanla evləndirilməsinə imkan verməyib. Hadisə Havamdiya şəhərinin kəndlərinin birində yaşanıb. Umm Xenanda yeniyetmələrin ər-arvad olmasına əngəl törədilib.

Polis yetkinlik yaşına çatmamış şəxslərin nikahından sosial şəbəkələrdəki paylaşımlardan xəbər tutub. Uşaqların valideynləri aldıqları qızılları hamıya həvəslə göstərirmiş. Zərgərlik mağazasındakı fotolar polisi çevik davranmağa sövq edib. Misirin uşaqların və anaların haqları ilə məşğul olan şurası da işə qoşulub. Bundan sonra valideynlər həbs edilib. Onların haqqında cinayət işi açılıb.

Şuranın baş katibi Səhər əl-Sunbati ölkə konstitusiyasının 80-ci maddəsinin pozulduğunu bildirib. Burada uşaqların pis rəftara və ya təzyiqə məruz qalmasından danışılır. Əl-Sunbati sosial şəbəkələrdə yayılan fotolarda evləndirilən şəxslərin valideynlərin təzyiqi ilə buna məcbur olunmasının açıq-aşkar hiss edildiyini deyib. Uşaqlar sanki nə baş verdiyini anlamırlar. Onlar valideynlərinin istəyinə uyğun davranmalı olurlar. Əl-Sunbati bunun cinayət məsuliyyəti daşıdığını vurğulayıb.

Hadisənin üzə çıxmasında sosial şəbəkə fəallarının böyük rolu olub. Fotolar virus kimi yayılıb. Sosial şəbəkələrdə məsələ geniş müzakirə edilib. Əksəriyyət valideynləri qınayıb. Onların cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Polisin məsələyə həssas yanaşmasında da cəmiyyətin reaksiyası ciddi rol oynayıb.

Yeniyetmələrin nikaha sövq edildiyi Umm Xenan kəndi paytaxt Qahirənin 30 kilometrliyində yerləşir. Yaşayış məntəqəsi sivil həyatdan heç də uzaq qalmayıb. Burada məktəb, hətta kitabxana var. Havamdiya şəhərinə daim ictimai nəqliyyat işləyir. Sadəcə, yeniyetmələrin valideynləri mövhumatın əsiri kimi davranıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »