Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda ittiham olunanlar məhkəmədə nələr danışır...
Koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda ittiham olunanlar məhkəmədə nələr danışır...

Koroinavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və ona yardım etməkdə ittiham olunan daha dörd nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir.

Bizimyol.info xəbər verir ki, xəstələrin yaxınlarından rüşvət alıb Pərviz Abbasova çatdırmaqda ittiham olunan digər təqsirləndirilən şəxslər bu barədə yazılanları təkzib ediblər. Onlar bildiriblər ki, klinikanın direktoruna heç vaxt rüşvət verməyiblər. Bu barədə istintaqdakı ifadələrə təzyiq altında imza atıblar, orada yazılanlar həqiqətə uyğun deyil.

Digər təqsirləndirilən şəxslərdən Qalib Nəcəfov “Buta” klinikasında həkim-radioloq, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi, Samir Miriyev isə işsiz olub. Təqsirləndirilən şəxslər arasında yeganə qadın olan Vüsalə Əliyeva isə “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib.

Təqsirləndirilən 5 nəfərdən dördü həbsdədir, yalnız Vüsalə Əliyeva haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən Samir Mirzəyev bildirib ki, klinikanın direktoru qardaşının sinif yoldaşı olub. Pərviz Abbasovla yaxın münasibətləri olduğunu, hətta maşın alanda ona kömək etdiyini deyən Samir Mirzəyevin sözlərinə görə, həm özü, həm də atası koronavirusa yoluxmuşdu. Həmin vaxt Pərviz Abbasovun rəhbərlik etdiyi klinikada müalicə olunublar. Xəstəxanadan çıxandan sonra başqalarının klinikaya yerləşdirilməsinə vasitəçilik edib: “Əvəz Hüseynov mənə müraciət etdi. Mən də Pərviz həkimdən xahiş elədim, yaxın adamın virusa yoluxduğunu bildirdim. O da klinikaya yerləşdirilməsinə icazə verdi”.

Samir Mirzəyev vurğulayıb ki, buna görə kimdənsə pul almasından klinikanın direktorunun xəbəri olmayıb: “Mən özüm bu vəziyyətdən istifadə eləmişəm”.

O, əlavə edib ki, tanışlıqdan istifadə edərək, başqa şəxslər üçün də Pərviz Abbasovdan xahiş edib. O isə təmənnasız razılıq verib: “Hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim ki, Pərviz həkimə verib. Onu da götürmədi...”

Özünü qismən təqsirli bildiyini və peşman olduğunu deyən Samir Mirzəyev vurğulayıb ki, prokurorluqda Pəviz Abbasovun əleyhinə təzyiq altında ifadə verib.

Digər təqsirləndirilən Əvəz Hüseynovun da atası həmin klinikada koronavirusa görə müalicə alıb. O deyir ki, Pərviz Abbasovla bircə dəfə görüşüb, ona klinikaya xəstə yerləşdirilməsi üçün heç vaxt müraciət etmədiyini deyib. Təqsirləndirilən şəxslərdən öncədən Samir Mirzəyevlə tanışlıqları olduğunu deyən Əvəz Hüseynovun sözlərinə görə, klinikaya xəstələri də onun vasitəsilə yerləşdirib.

Onun sözlərinə görə, xəstələrin yaxınların 2000-2500 manat pul alınıb. Bunun da 1000 manatı ona çatıb.

Əvəz Hüseynov deyir ki, əməlindən peşmandır. Onu da qeyd edir ki, ittihamda göstərildiyi qədər pul almayıb. Xəstələrdən alınan pulu geri qaytarmağa hazır olduğunu deyən təqsirləndirilən şəxs məhkəmədən hökm çıxararkən onun xəstəliyinin nəzərə alınmasını istəyib.

Klinikanın direktoru Pərviz Abbasov hələlik ifadə verməsə də, o, ittihama münasibət bildirərkən qətiyyən özünü təqsirli bilmədiyini, onun kimlərləsə əlbir olub rüşvət alması haqda yazılanları təkzib edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »