Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nazir müavini olsam da, o işlərin mənim razılığımla görülməsi mümkün deyildi"
"Nazir müavini olsam da, o işlərin mənim razılığımla görülməsi mümkün deyildi"

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramovun işi üzrə üç ay davam edən məhkəmə prosesi başa çatıb. Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib. Hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, sabiq nazir müavini Cinayət Məcəlləsinin 311-ci maddəsilə təqsirli bilinib. Cinayət işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Onun həbsindən sonra 1 milyon 178 min manat dövlət nəfinə keçirib.

Rafiq Bayramovun bir sıra əmlakları da müsadirə olunub. Əmlaklardan əlavə, Rafiq Bayramovun özü və həyat yoldaşının bank hesabının üzərində də həbs vardı. Məhkəmə bu həbsin götürülməsinə qərar verib.

Hökmdən əvvəl hakim Rafiq Bayramova məhkəmədə son sözünü deməyi təklif edib. Keçmiş nazir müavini heç kimdən rüşvət almadığını bir neçə dəfə çıxışında vurğulayıb. O qeyd edib ki, 1 il 4 aydır həbsdədir, amma niyə həbs olunduğu hələ də ona aydın deyil.

Rafiq Bayramov xatırladıb ki, əvvəlcə ona mənimsəmə ittihamı verilmişdi. Bir il bu ittiham üstündə saxlansa da, istintaq orqanı ortaya heç bir sübut qoya bilmədi. Ona görə sonradan bu ittihamı götürüb, rüşvət alma ittihamı irəli sürdülər: "İstintaqda müstəntiqlərlə səmimi söhbətlərim, etiraflarım olub. Mən mənimsəmə ittihamını heç vaxt qəbul eləməmişəm. Nazir müavini olsam da, o işlərin mənim razılığımla görülməsi mümkün deyildi. 12 ay istintaq bu ittihamla getsə də, sübuta yetirilmədi. Sonra rüşvət maddəsi verildi. Mən ömür boyu rüşvət almamışam. Bir nəfər də burada mənim onlardan və ya başqasından rüşvət aldığımı demədi. Mənə musiqi məktəblərinin direktorlarından rüşvət almaq ittihamı irəli sürülüb. Bu günə qədər qanunsuz hərəkətlərə yol verən 10-a yaxın məktəb direktorunun işdən çıxarılmasına, bəzilərinə şiddətli töhmət verilməsinə nail olmuşam. Mənim 4 idarə rəisindən rüşvət aldığımı yazıblar. Halbuki, o adamların işdən çıxarılması üçün rəhbərliyə təqdimat yazmışdım. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?".

Rafiq Bayramov əlavə edib ki, Mədəniyyət idarələrinin rəislərini rəhbərlik təyin edirdi. Bu baxımdan, onun həmin şəxslərdən rüşvət alması mümkün deyildi, çünki heç nəyi dəyişə bilməzdi.

Sabiq nazir müavini müəyyən səhvlərə yol verdiyini, məsuliyyətsizlik etdiyini etiraf edib, buna görə üzr də istəyib: "Bunlara görə də cənab prezidentdən, sizdən üzr istəyirəm. Mən ömür boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən irəli gəlib. Amma heç vaxt korrupsiyaya bulaşmamışam. O insana cəza verilər ki, əməlinə görə islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam? Mən uzun illər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Bundan islah olunacam?

Mən niyə burada olduğumu hələ də bilmirəm. Aylardır bu suala cavab tapmıram. Bəlkə mənim şəxsimlə bağlı mənfi rəy formalaşdırıblar, bilmirəm. Amma məni tanıyanlar yaxşı bilir ki, mən rüşvətxor deyiləm. Nazirlikdə bir nəfər də mənim rüşvət aldığımı deyə bilməz. Prokuror çıxışında dövlətə pul ödənildiyini dedi. Araşdırılsa, sənədlərə diqqət yetirilsə, görünər ki, necə ödənilib. Elə onun özü də mənim günahsız olduğumu sübut edir".

Ailə vəziyyətinin nəzərə alınmasını xahiş edən sabiq nazir müavininin dediklərindən məlum olun ki, 5 il əvvəl bacısı həkim səhvi nəticəsində dünyasını dəyişib. Himayəsində üç azyaşlı övladı var, həyat yoldaşı ağır xəstədir.

Rafiq Bayramovun son sözündən bir neçə dəqiqə sonra ona hökm oxunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »