Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevdən qələbə ilə bağlı "qardaş təbriki" gəldi.., sizcə, niyə gecikib?
Nazarbayevdən qələbə ilə bağlı "qardaş təbriki" gəldi.., sizcə, niyə gecikib?

Qazaxstan respublikasının ən ali lideri Nursultan Nazarbayevin Qarabağla bağlı təbrikinin KTMT-də müttəfiq olan Qazaxstanla Rusiya arasında ölkənin şimalındakı ərazi iddiaları ilə bağlı diplomatik krizdən sonraya təsadüf etməsi maraq doğrurur...

Çox qısa olan təbrikdə "...əzəli torpaqlar" deyən Nazarbayev bununla rəsmi Moskvaya da ismarıc göndərib...

Nursultan Nazarbayev Azərbaycan xalqını və prezidentini Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edib.

“2020-ci il sizin üçün çətin olsa da, qalibiyyət ili oldu! Öz əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün çox narahat idim. Bu, tarixi bir hadisədir. Sizi və qardaş Azərbaycan xalqını şəxsən təbrik edirəm”,- deyə Qazaxıstanın ilk prezidenti kimi adını tarixə yazdırmış Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı məktubda vurğulayıb.

Əvvəlcə ondan başlayaq ki, siyasəti özünə peşə seçmiş adamlar və konkret siyasi uğurları olan dövlət rəhbərləri hər hansı açıqlama verərkən, yaxud kimisə təbrik edərkən, cümlələri seçərək ifadə edir. Hətta ən adi cümlələr belə, boşuna deyilmir və altında mütəq bir siyasi anlam yatır. Çox diqqətlə analiz edəndə belə açıqlama və təbriklərdən xeyli siyasi nəticələr çıxarmaq mümkündür. Hörmətli eks-prezident Nazarbayevin də xalqımıza və Prezident Əliyevə ünvanladığı təbrik bu mənada seçilir. Bir az yaxın əyləşin, sadəcə üç-dörd qısa cümlədən ibarət bu məktubda palaz-palaz siyasi-analitik yazıların mövzusu gizlənir.

Ən birinci onu soruşaq ki, bu təbrik niyə bu qədər gecikdi?! Maraqlıdır ki, aktiv əməliyyatların dayandırılmasından 40 gündən çox zaman keçib, ancaq qardaş bildiyimiz bir türk dövləti olan Qazaxstanın ağsaqqal lideri Nazarbayevin bu gün yadına düşüb ki, sən demə, Azərbaycan xalqı torpaqları uğrunda savaşırmış və bu tarixi savaşda qalib gəlibmiş. Sən demə, o, çox narahat imiş. Mərhum eks-prezident Heydər Əliyevin də yaxın dostu olmuş Nazarbayev belə səhvlər etməzdi, görəsən, onu bu qədər ləngiməyə nə vadar edib? Çünki bir qardaş ölkə olaraq, Qazaxstanın 44 gün ərzində nümayiş etdirdiyi susqunluq birmənalı qarşılanmadı Azərbaycan cəmiyyətində.

Ola bilsin, xeyli yaşlaşmış qazaxlı lider təbrikdəki fikirlərində çox səmimidir. Ancaq diqqət edin, cümlələr necə xüsusi seçilib bu mübarək təbrikdə: "Öz əzəli torpaqlarını işğaldan azad edən..." deyir yoldaş Nazarbayev. Adam bunu məhz o zaman deyir ki, bu gün Qazaxstanın əzəli torpaqları ilə bağlı Rusiyanın rəsmi tribunalarından təhlükə vəd edən naqolay açıqlamalar, bəyanatlar səslənir. Eyni zamanda Nazarbayev "əzəli torpaqlar" ifadəsi ilə həm də rəsmi Moskvaya xatırlatmağa çalışır ki, müasir Rusiya Federasiyası tarixi kontekstdən yanaşılsa, elə əzəli Qazax torpaqlarında qurulub. Qazaxstandan torpaq qoparmaq iddiasına düşməyə qalsa, Rusiya bu mənada ən sonuncu ölkə olmalıdırlar əslində! Çünki kim kimin tarixi torpaqlarındadır, bunu balaca uşaqdan soruşsanız, əzbərdən deyəcək...

Xatırladım ki, son zamanlar Qazaxstanın Rusiya ilə sərhəddə olan şimal ərazilərilə bağlı Duma deputatlarının sərsəm açıqlamaları iki ölkə arasında əməlli-başlı diplomatik münaqişə yaradıb. Kriz bu gün də davam edir və Rusiya deputatları, hətta rəsmilər həyasızca iddia edirlər ki, guya həmin ərazilər vaxtilə Qazaxstana icarəyə verilib və geri alınmalıdır.

Rusiyanın bu ölkədəki səfirinə baş vermiş qalmaqalla bağlı Qazaxstan XİN tərəfindən, hətta nota verildiyi də xəbərlər arasındadır. Görünən odur ki, rəsmi Moskva indi də Qazaxstanda münaqişə çıxartmaq sevdasına düşüb. Rusiya ilə siyasi-diplomatik sıxıntıların yarandığı indiki vaxtda Nursultan Nazarbayevin qəfil Azərbaycan xalqını, Prezidentini Zəfər münasibətilə təbrik etməsi, məncə, təsadüfi deyil. Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bayrağı altında Ermənistanla müttəfiq sayılan bir ölkənin Azərbaycanı, bir daha təkrar edirəm, hüquqi baxımdan olsa da, müttəfiqi sayılan başqa bir ölkə üzərində əldə etdiyi əzici qələbə münasibətilə təbrik eləməsi, kövrək bir qardaşlıq həmrəyliyi ilə yanaşı, eyni zamanda KTMT-yə, onun yaradılması təşəbbüsünü göstərən Rusiyaya, onun üzvü məğlub Ermənistana yekə bir təpik atmaqdır həm də.

Qazaxstanda siyasəti hamıdan yaxşı bilən bir liderin Azərbaycanın öz əzəli torpaqlarını azad etməkdən ötrü Ermənistan üzərindəki qələbəni tarixi hadisə kimi qiymətləndirməsi də Putinə bir "şapalaq effekti" sayıla bilər.

Vladimir Putin Vladimir Putin

Çünki Putin administrasiyası bizdən və dostlarımızdan fərqli olaraq, bu olaya tarixi hadisə kimi baxmır, əksinə, bunu dağılmasının əsrin fəlakəti saydığı SSRİ rəhbərlərinin yaratdığı etnik münaqişə hesab edir və əlində əlacı olsa, bu qələbəni tarixi hadisə adlandıran hər kəsi katorqaya göndərər. Ermənistan KTMT üzvüdür və regional güc olan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Qazaxstan da "xala, xətrin qalmasın" bir KTMT üzvüdür və o da ermənilərə "müttəfiq" sayılır. Qazaxıstan qardaş dövlət hesab etdiyi Azərbaycanın Türkiyə ilə birlikdə qazandığı qələbəni təkcə Ermənistan yox, həm də müttəfiqi Rusiyanın üzərində qazanılmış bir qələbə hesab etdiyindən, bu hadisəni "tarixi hadisə" kimi xarakterizə edə bilərdi. Nazarbayev bununla həm də, dolayısı ilə üzv olduğu KTMT-yə artıq etibar etmədiyinin mesajını yollayıb Kremlə! Ölkəsinə qarşı torpaq iddiası irəli sürən hegemon ölkəylə bir qurumda təmsil olunmağın nə kimi perspektivi ola bilər axı?! Əslində Qazaxstanın öz gələcək təhlükəsizliyi və suverenliyi üçün daha etibarlı hərbi-siyasi müttəfiq kimi Türkiyə-Azərbaycan ittifaqına qoşulması rasional addım olardı. Məncə də, Nazarbayev artıq bu barədə düşünməmiş deyil.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Bir az da diqqətli yanaşsaq, görərik ki, Nazarbayev qısa, ancaq çox anlamlı təbrikini yenə orijinal tərzdə seçilmiş bir cümlə ilə bitirir: "...Sizi və qardaş Azərbaycan xalqını şəxsən öz adımdan təbrik edirəm".

Əvvəlcə bu cümlədəki Rusiyaya yönəlmiş mesaja diqqət çəkək. Nazarbayev ölkəsinə təhlükə yaratmaq istəyən Kremlə demək istəyir ki, Qazax xalqı Azərbaycan xalqı ilə qardaşdır, deməli, eyni zamanda həm də Türkiyə ilə qardaşdır! Yəni "...ey Moskva, ağlın SSRİ dövrünə getməsin, sən daha mənə "böyük qardaş deyilsən" siyasi mənası çıxır meydana. Çünki Rusiyanın özünü zaman-zaman qardaşlıqdan çox, arxadan zərbə vuran xain düşmən kimi aparması günümüzdə adi hal alıb. Gürcüstan, Ukrayna, Belarus nümunələri buna misaldır və hələ çox xatırlanacaq.

Bəs yaxşı, Qazaxstan gerçəkdən bizə qardaş ölkədirmi? Məncə, bəli, tarixi köklərimiz, min illərə dayanan Türk Ulusuna bağlanan irsimiz bu iddia üzərində mübahisə etməyi lüzumsuz edir. Ancaq biz bu günü yaşayırıq. Məsələ ondadır ki, bir ölkənin həyatında savaşdan ağır bir dövr ola bilməz və Azərbaycan yaşadığı ən çətin vaxtında kimin dost, kimin qardaş, kimin düşmən olduğunu gördü. Əslində, çox qabardıb mövzunu çıxmazlara soxmaqdan uzağam, ancaq Azərbaycanın dörd bir yanında dalğalanan Türkiyə və Pakistan bayraqlarının (həm də İsrail və Ukrayna bayraqları) yanında nə Qazaxstanın, nə Özbəkistanın, nə Qırğızıstanın, nə də Türkmənistanın bayraqlarını görə bildik. Xalqın gözü tərəzidir deyib atalar, həqiqətən də qədir bilən xalqımız zərrə boyda bir sözlü dəstək, qardaşlıq görsəydi, inanıram ki, pəncərələrimizdən, eyvanlarımızdan Qazaxstanın da bayraqları dalğalanacaqdı. Qazaxstanın ictimai-siyasi mühitində barmaqla sayılacaq qədər çox az adamın sözlü dəstəyindən savayı, hansısa ciddi bir dövlət adamının düşmənlərimizi göydən yerə vuran tutarlı bəyanat səsləndirdiyini görmədik.

Deyilə bilər ki, bəs Qazaxstan KTMT çərçivəsində, az qala, Ermənistanla hərbi-siyasi müttəfiqdir və belə olduğu halda, onun "müttəfiqini" yox, Azərbaycanı dəstəkləməsi qalmaqallı siyasi-diplomatik krizə səbəb ola bilərdi. Rəsmi Moskvanın bu planda təpkisi sərt olardı və özünü çox gözlətməzdi. Axı nə olacaqdı? Rəsmi Moskva bu minvalla Astananı bombaladacaqdı? Məhz unikal bir şərait və fürsət yaranmışdı ki, rəsmi Astana geosiyasi planda öz müstəqilliyini nümayiş etdirsin. Hər bir halda, bu gün "qardaş" deyə müraciət etdiyi Azərbaycan xalqının ən çətin vaxtında yanında olmaq sayğıdəyər Nursultan Nazarbayevin və xalqının, ən azı, mənəvi borcu idi, başqa zəruri borcları hələ sadalamıram! Nə yazıq ki, Qazaxstan hələ də Rusiyanın boyunduruğu altından çıxıb müstəqil siyasət yürüdən dövlətə çevrilə bilmir.

Doğrudur, zaman-zaman milli məsələlər qaldırılır, ölkə rəhbərliyinin öz türk soy-kökünə yönəlik ciddi siyasi addımlar atdığının da şahidi olmuşuq, hətta irəli gedərək rus dilini qadağan etməyin vacibliyi də gündəmə gətirilib, ancaq bütün bunlarla yanaşı, Qazaxstan bu gün tam müstəqil dövlət ola bilmir. Rusiyadan asılılıq aşırı və hətta təhlükəli həddədir. Azərbaycanın 44 gün sürən və zəfərlə bitən əməliyyatları dövründə qardaş bildiyimiz Qazaxstanın ortaya qoyduğu mövqe, daha doğrusu, mövqesizlik buna bariz sübutdur. Və sən demə, indi Nazarbayevin yadına düşüb ki, Azərbaycan xalqı ona qardaşdır...

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Son xəbərlər
Bütün xəbərlər »