Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ədalətsizlik və ikili standartların təzahürüdür - Arzu Nağıyev
ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ədalətsizlik və ikili standartların təzahürüdür - Arzu Nağıyev

ABŞ-ın Türkiyəyə qarşı qərəzi məhz S-400 zenik raket komplekslərinin (ZRK) alınması ilə bağlıdır. Bunlar həm siyasi, həm iqtisadi, eyni zamanda hərbi maraqlardan doğan sanksiyalardır.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, bu sanksiyada Türkiyənin hərbi-sənaye kompleksinin rəhbərlərinin də “qara siyahı”ya salınması gündəmdədir: “Məlumdur ki, rəsmi Ankara bu sanksiyalarla bağlı lazımi addımlar atacağı haqqında bəyanat verib. Düşünürəm ki, bu sanksiyalar NATO və ABŞ-a olan bir inamsızlıq ortaya qoya bilər.

Bu məsələdə ABŞ nəzərə almalıdır ki, Türkiyə NATO ölkələri arasında ən güclü orduya malik olan ölkələrindən biridir. Buna görə də Türkiyənin hərbi hava qüvvələri üçün nə alması, necə alması sanksiyalarla nəticələnməməli idi. Digər məsələ ondan ibarətdir ki, vaxtilə komplekslərin alınması ilə bağlı Türkiyə “Patriot” ZRK-nın alınması üçün ABŞ-a müraciət edəndə ABŞ bu raketlərin satılması barədə qərar qəbul etmədi və belə olan halda artıq Türkiyə Rusiyaya müraciət etdi və S-400 raketlərinin alınması ilə bağlı müqavilələr imzalandı.

Söhbət burada ZRK-ların Rusiya istehsalı olmasından getmir. Çünki məlumdur ki, Yunanıstanın da hərbi hava qüvvələrində S-400 raketləri var. Necə ola bilər ki, Yunanıstan da, Türkiyə də NATO-nun üzvüdür, ancaq Türkiyəyə qarşı sanksiya olur, Yunanıstana qarşı olmur?!

Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini də irəli sürmüşdü. Lakin Türkiyənin təşəbbüsünə ABŞ hər hansı bir münasibət bildirmədi. Vaxtilə ABŞ-ın F35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi məsələsi də Türkiyədə birmənalı qarşılanmamışdı. Buna görə də Türkiyə özünün “Bayraktar” pilotsuz uçuş aparatını (PUA) istehsal etməyə başladı və bildiriniz kimi, bu PUA-lar Qarabağ müharibəsində də uğurla sınaqdan keçdi və öz effektivliyini tam sübut etdi.

Bundan başqa, Türkiyə “Altay” tanklarını, müasir helikopterlər və digər müasir silahlar istehsal edir və demək olar ki, dünyada ən ciddi silahların satılmasında müəyyən bir yer tutur”.

Deputatın sözlərinə görə, məlumdur ki, ABŞ Türkiyənin artan nüfuzundan çəkinir, eyni zamanda Türkiyə ilə Rusiyanın yaxınlaşmasını məqbul saymır və Türkiyə vasitəsilə Rusiya hərbi-sənaye kompleksinə müəyyən zərbələr də vurmaq istəyir: “Düşünürəm ki, NATO-nun baş katibi də bu məsələdə narahatlıq keçirdiyini bildirir və təəssüf hissi ilə qeyd edir ki, gərək ABŞ Türkiyəyə qarşı bu sanksiyaları tətbiq etməyəydi. Çünki eyni hərbi blokda təmsil olunan dövlətlər arasında belə proseslər ola bilməz.

Cənab Prezident İlham Əliyev öz çıxışlarında S-400 raketlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir, bunu ədalətsizlik, ikili standartarın təzahürü kimi dəyərləndirir. Yəni Azərbaycan tərəfi olaraq biz daim Türkiyənin yanındayıq və Türkiyəni dəstəkləyirik. Ölkələrimizin bir-birinin yanında olduğu Qarabağ münaqişəsinin həll olunmasında da özünü bir daha göstərdi. Düşünürəm ki, ABŞ bütün bu proseslərdən ciddi nəticələr çıxarmalıdır. Artıq Türkiyənin xarici işlər naziri və ABŞ dövlət katibi arasında da müəyyən danışıqlar olub və Türkiyə öz narazılığını ifadə edib. Bu proseslər ilk növbədə NATO-ya ciddi zərbədir”.

Son xəbərlər
Bütün xəbərlər »