Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəs müharibə qurtarıbsa, atamız niyə gəlmir?”
“Bəs müharibə qurtarıbsa, atamız niyə gəlmir?”

Füzuliyə bayraq sancmaq eşqi ilə yaşayırdı. Yurdunu, elini, obasını bütöv görmək idi arzusu. Təssüflər olsun ki, o, bu günləri görmədi. Çünki Azərbaycanın bütövlüyü uğrunda canını qurban verdi Sehriman.

İgid, qorxmaz Azərbaycan oğlu Əliyev Sehriman Rəhman oğlu, 17 aprel 1990-cı ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olmuşdu. Sehriman hələ 6-cı sinifdə oxuyan zaman atasını itirmişdi. Sehriman atasının ölümündən sonra sanki evin ağsaqqalı olmuşdu. Yaşıdları cavanlığını yaşadığı vaxt Sehriman iş, evi dolandırmaq barədə düşünərdi.

Şəhid Sehriman Əliyev Şəhid Sehriman Əliyev

Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yolanıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayır ki, ailəsini saxlasın.

O, 2016-cı ildən hərbidə müddətdən artıq qulluq etməyə başlayıb. Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib və 29 sentyabrda Füzulinin Qorqan kəndi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin anası Pəri xanım deyir ki, Sehriman həmişə Qarabağı işğaldan azad edəcəyimizə inanırdı.

“Deyirdi ki, bizim ordumuz 92-93-cu illərdəki ordu deyil. Əgər müharibə olarsa, biz Qarabağı alacağıq. Haçansa bir gün Qarabağı alacağımıza inanırdı. Füzuliyə bayraq sancmaq ən birinci arzusu idi. Amma qismət olmadı”

Sehrimandan geriyə xatirələr və 2 oğul övladı qalıb. Övladları hələ atalarının şəhid olduğunu anlamır və onun gələcəyi günü gözləyirlər.

“40 gün qapımız açıq qaldı. 40-cı gün qapını bağlamağa getdim. Sehrimanın övladları sual verdi ki, “nənə qapını niyə bağladın?”. Dedim bala müharibə qurtardı ona görə bağlayıram. Dedilər ki, “bəs müharibə qurtarıbsa, atamız niyə gəlmir?”. Bilmədim nə deyim.”,- deyə şəhidimizin anası bildirir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »