Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur
Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur

Bu gün Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xalqı üçün dostunu və düşmənini tanıdığı gündür. 30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sentyabr ayının 27-dən etibarən məsələnin ədalətli həllinə dair müharibə yolundan başqa yol qoymamışdır.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək əzəli, tarixi torpağı olan Dağlıq Qarabağın işğaldan azad edilməsinə, dünyanın nüfuzlu təşkilatları və beynəlxalq hüquq tərəfindən tanınan suverenliyinin bərpasına başlamışdır. Bu, Azərbaycan üçün Vətən müharibəsidir və Azərbaycan bütün müharibə qanunlarına əməl etməkdədir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsi icra olunmayaraq kağız üzərində qalmışdır, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq bu qətnamələrin icrasını təkbaşına həyata keçirməkdədir.

Bu gün biz müharibə zamanı insan hüquqlarının, uşaq hüquqlarının Ermənistan tərəfindən pozulmasının şahidi oluruq. Dinc, mülki şəxslərin, xüsusilə də Azərbaycan cəmiyyətində qəzəb və ikrah hissi doğuran onlarla günahsız uşağımızın öldürülməsi, valideynsiz qalması kimi faktlarla mütəmadi olaraq qarşılaşırıq. Bu faktları əllərində əsas tutaraq xüsusi hesabatlar hazırlayıb dünyaya bəyan etməli olan nüfuzlu beynəlxalq təşkilatların bütün baş verənlərə susmasını, laqeyd qalmasını, bir çox hallarda isə riyakar mövqe tutmasını təəssüf hissi ilə müşahidə edirik. Halbuki, həmin beynəlxalq təşkilatların Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri Azərbaycandakılardan fərqli olaraq öz işlərini operativ və beynəlxalq qaydalara uyğun qurmağı yaddan çıxarmamışlar.Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış etmişlər. Xüsusilə, BMT və onun alt strukturları hər zaman Azərbaycanın yanında olacaqlarına söz vermişlər.

Lakin 04, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə raket atəşi nəticəsində 25 nəfərin həlak olması və 139 nəfərin yaralanması, 27-28 oktyabrda isə Bərdəyə raket atəşi nəticəsində 30-a yaxın şəxsin həlak olması, 80-dən çox insanın yaralanması, münaqişə zonasından tamamilə kənarda olan dinc əhalinin, uşaqların ölməsi faktlarını öz gözləri ilə görməsi və onları öz mandatları çərçivəsində təmsil etdikləri dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaları məqsədilə hökumətimiz tərəfindən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri üçün dərhal səfərlər təşkil olundu.

Qeyd etmək istəyirəm ki, bu beynəlxalq təşkilatların öhdəliyi və vəzifə borcu məhz ixtisaslaşdırılmış sahələrdə qısamüddətli hesabatlar hazırlamaq və dünyaya bəyan etməkdir. Beynəlxalq təşkilatlarda uzun müddət fəaliyyət göstərən bir şəxs kimi Gəncədə, Bərdədə və digər rayonlarımızda mülki insanlara qarşı vəhşiliyə dair hər hansı ciddi, haqqa-ədalətə söykənən sənədə rast gəlmədim.

Bu gün BMT-nin Uşaq Fondu (UNICEF) dünyada uşaqlara qarşı olan zorakılığa, müharibədən əziyyət çəkən uşaqlara dair bütün cinayət faktorlarını qeydə alır və illik hesabata salır. Lakin, UNICEF-in Azərbaycanda akkreditə olunmuş nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini əks etdirən sənədə rast gəlmədik.

Bu bir daha Azərbaycanın bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətinə yenidən baxılması zərurətini gündəmə gətirir. Ölkəmizdə 20 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bir daha çağırış edərək, onları Azərbaycanda öz gözləri ilə gördükləri həqiqətlərə, haqqa, ədalətə biganə qalmamağa və öz mandatları çərçivəsində baş verənlərə düzgün, səlis və vicdanla yanaşmağa səsləyirəm.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »