Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən fövqəladə mesajlar

Günə damğa vuran iki hadisə haqqında bəzi fikirlər

Bu gün iki mühüm hadisə oldu. Hər ikisi Prezident İlham Əliyevlə bağlıdır. O, Novruz bayramı ilə bağlı xalqa müraciətində çox mühüm mesajlar verdi. O mesajlardan biri COVİD-19 pandemiyasına qarşı hökumətin qərarlarınə və addımlarını təftiş edən müxalifəti (Prezident ona "Beşinci kolon" deyə işarə etdi - red.) koronavirusla bağlı panika yaymaqda, təxribat törətməkdə ittiham elədi. Və belə çıxış edənlərin ən sərt şəkildə cəzalandırılacağını, hətta həbs olunacağını dedi. Eyni zamanda fövqəladə vəziyyətin elan edilə biləcəyini də istisna etmədi.

Həqiqətən də, Konstitusiyanın 109-cu maddəsinin 29-cu bəndinə əsasən, Prezidentin ölkədə fövqəladə vəziyyət və hərbi vəziyyət elan etmək səlahiyyəti var. FV rejiminin qaydaları Milli Məclisin qəbul etdiyi və artıq qüvvədə olan "Fövqəladə vəziyyət haqqında" qanunla müəyyən edilib. Həmin qanunun 1-ci maddəsində fövqəladə rejimin nə demək olduğu da aydın yazılıb. Qanun FV rejimi şəraitində vətəndaşların, ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılması, mülkiyyət hüququndan asılı olmayaraq, bütün hüquqi şəxslərinin üzərinə əlavə vəzifələr qoyulması, hətta onların əmlakından FV rejiminin məqsədləri üçün istifadə edilməsi kimi sərt reqlamentləşdirməni nəzərdə tutur. Həmin rejimi pozanları isə sərt cəzalar gözləyir. Həmin rejimdə dövlət ölkənin bütün resurslarını FV-i zəruri etmiş halların aradan qaldırılmasına yönəldir. Prezident "elan oluna bilər" dedi. Yəni hələ ki buna ehtiyac görmür, ancaq bu müstəsna səlahiyyətindən də istifadəni istisna etmir. Yəni ölkədə FV rejimini zəruri edən şərtlər qaçılmaz olarsa, bunu edəcək.

Burda bir nüansa da diqqət çəkmək istərdik; ölkə əhalisinin həyat və sağlamlığını təhdid edən pandemiyalar da FV-i şərtləndirən hallar arasındadır. Əgər belə zərurət yaranarsa, dövlət dünya birliyini məlumatlandıraraq həmin addımı atır və qanunən bu, antidemokratik sayıla bilməz. Artıq ABŞ kimi demokratik dövlət bütün ölkə ərazisində FV elan edib. Şübhəsiz ki, pandemiya ilə bağlı əhalinin təhlükəsizliyinə zərər vuracaq əsaslandırılmamış, kütləvi təşviş yaradacaq çıxışlar və hərəkətlər də FV rejiminin pozulması deməkdir. Hazırda Azərbaycan da da bu pandemiyadan zərər çəkənlər var. Bu üzdən də əhali arasında təlaş, təşviş, total qorxu yayılması elə koronavirusun yayılması kimi qiymətləndirilə bilər. Prezidentin bu mesajları da bir daha göstərdi ki, koronavirusla bağlı çıxışlar edərkən, fikirlər söyləyərkən hər kəs diqqətli və ehtiyatlı olmaq zorundadır. Çünki ölkə başçısı da: "Hər cür addımlara gedəcəyik" dedi.

Əlbəttə, hər kəsin hökumətdən işlərin gedişi ilə bağlı dəqiq və dolğun məlumat istəmək hüququ var, hökumət də belə zəruri məlumatlandırmanı vaxtlı-vaxtında etmək öhdəliyi daşıyır. Və hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah gündəlik məlumatları cəmiyyətlə paylaşır. Bunu yetərli saymayanlar da var, ancaq bütün irad və təkliflər ölkədə, əhali arasında əlavə narahatlığa səbəb verilmədən bildirilə bilər. Biz hazırda savaşdayıq və savaş məlumatlarını elə paylaşmalıyıq ki, bu düşmənin (konkret halda koronavirus pandemiyasının) güclənməsinə yönəlməsin. Hökumətin daha hansı addımları, hansı ölçüdə və necə atması ilə bağlı siyasi partiyalarda, ictimai təşkilatlarda, bütövlükdə cəmiyyətdə olan rəylərin və ideyaların akkumilə edilməsi mexanizmi tapılmalıdır. Müxalifətin də, hər kəsin də etibarlı informasiya kanalları ilə öz təkliflərini və hətta tənqidi fikirlərini də cəmiyyətlə paylaşmadan və ya paylaşmadan öncə hökumətin bu işi görən qurumuna çatdırması ümumi mübarizənin daha çox xeyrinə olar, nəinki dərhal çəmiyyətlə paylaşması. Müxalifətin vəzifəsi hökumətin gördüyü işləri təftiş etmək, çatışmazlıqlara diqqət çəkmək və təklif verməkdir. İndiki halda bunu ictimailəşdirməmək və ya heç olmasa, əvvəlcə hökumətlə paylaşmaq doğru olar. Çünki adi günlərdə deyilik; əgər hökumət pandemiya ilə mübarizəyə ciddi əngəl yaradan hallar görərsə (yaxud onda belə bir qənaət yaranarsa) FV elan edilə bilər. O halda ölkədə nə pariyalar qalar, nə müxalifət qalar, nə media, nə də sosial media platforması. Hökumət indikindən də sərt qərarlar vermək üçün əsaslar əldə edə bilər.

Hökumətin qərarlarından danışmışkən, ikinci hadisədən danışaq. Prezident fərman verdi, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı və Fonda 20 milyon manat vəsait ayırdı. Bundan əvvəl İrana dəstək üçün 5 milyon manat, Ümumdünya Səhiyyə Təşkilatına da 5 milyon manat ayrılmışdı. İran koronavirusun ən geniş yayıldığı və ağır fəsadlarla üzləşmiş üç ölkədən biri və Azərbaycanla 120 kilometr uzunluğunda dövlət sərhədi, sıx iqtisadi və humanitar əlaqələrimizin olduğu ölkədir. Bu üzdən oraya dəstək verməklə biz həm də özümüzə dəstək vermiş olduq. Eləcə də, bu qlobal bəladır, ona qarşı ÜST çərçivəsində gedən mübarizə var, Azərbaycan bu qurumun araşdırma və tövsiyələrinə əsaslanır; ÜST-ə dəstək də özümüzə köməyin bir formasıdır. Düşünürük ki, dövlətin ayırdığı 20 milyonla yetərlənmək də doğru olmaz; zatən dövlət duruma görə əlavə vəsait də ayıra bilər. Ancaq bu Fondun mexanizmləri və ya dövlətdənkənar hansısa fondlar vaditəsilə Operativ Qərargahla kordinasiyalı şəkildə imkanı çatan hüquqi və hətta fiziki şəxslərdən də könüllü ianə olaraq vəsaitlər cəlb edilə bilər. Əlbəttə, dövlət bunu uyğun görərsə. İstənilən halda bu dövlət fondunun yaradılması müsbət hadisədir və güman etmək olar ki, dövlət pandemiyanın sahiblarlara, əhaliyə, xüsusilə də, həssas təbəqələrə zərərinin qarşılanması, yaxud xərərlərin axaıdılmadı üçün konkret addımlar düşünüb reallaşdıracaq.

Bu məqsədlə ölkə Prezidentinin koronavirusla bağlı Nazirlər Kabinetinə 1 milyard manat ayırması da üçüncü və çox mühüm, müsbət hadisə oldu.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »