Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elina ilə bağlı ittiham aktında nələr var: Bir dəfə boğazını kəsibmiş

İntihar edən səkkizinci sinif şagirdi Elina Hacıyevanın işi üzrə məhkəmə iclası baş tutub. Prokuror ittiham aktını elan edib.

Bizimyol.info xəbər verir ki, ittiham aktında Elinanın bundan əvvəl bir dəfə ülgüclə boğazını kəsdiyi yazılıb. Amma 162 saylı məktəbin direktoru olmuş Sevinc Abbasova bununla bağlı heç bir tədbir görməyib. Hadisələrin gedişi şagirdin aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atmasıyla nəticələnib. Direktor vaxtında təcili tibbi yardım çağırmağa mane olaraq Elinanın həyatını təhlükəyə atıb.

Sevinc Abbasova məhkəmədə özünü təqsirli saymadığını bildirib. İşdə adı keçən, direktoru himayə etdiyi iddia olunan Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova şahid qismində ifadə verib. O, Sevinc Abbasova ilə yaxşı münasibətləri olduğunu gizlətməyib: “Sevinc xanım mənə zəng edib dedi ki, şagird ikinci mərtəbədən yıxılıb, amma yerdə qan yoxdu. İcra başçısına məruzə edib məktəbə getdim. Mən özüm dedim ki, təcili tibbi yardım çağırın. Dedi, çağırmışıq. Polis rəisi Cəmil müəllimə zəng vurdum, xəbəri olmadığını bildirdi. Mən məktəbə çatanda polislər orda idi, Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi, özünü itirmişdi. Həkimlər məndən dörd dəqiqə sonra gəldi. Dedilər ki, Elina çoxlu dərman içib. Qız özü dedi ki, dünən 30, bu gün 60 “tabletka” atıb. Elina suallara normal cavab verirdi deyə, inandırıcı görünmürdü. Əvvəlcə “Toksikologiya”ya apardılar, orada zədələri görüb “Semaşko”ya göndərmişdilər. Biz həmin vaxt kameralara baxdıq, uşaq sinifdən çıxıb birbaşa gedib pəncərədən özünü atır. Mən qızın özünü ikinci yox, üçüncü mərtəbədən atmasını eşidəndə xəstəxanada yanına keçmək istədim. Çəkilişi arxivdə qalsın deyə etdik. Sonra nəsə problem olanda araşdıra bilək. Elina psixoloqa artıq yaşamaq istəmədiyini, ölmək istədiyini demişdi. Gündəliyində də ancaq ölüm haqda yazırmış. Çox sevdiyi yazıçı da intihar edib. O uşaq yaşamaq istəmirdi”.

Xalidə Bayramova deyib ki, Elinanın xəstəxanada mədəsini yuyanda çox ağlayır, qışqırırmış. İcra başçısının müavini şagirdin valideynlərini də videoya çəkib: “Mən məktəbdə Elinanı görəndə ölmək istədiyini deyirdi. Sinifdən, uşaqlardan, məktəbdən şikayətlənirdi. Elina dedi ki, 86 oğlanı telefonunda bloka atıb”.

Xalidə Bayramova Elinanın anasına barışıq üçün pul təklif etmədiyini bildirib. Elinanın anası Sevil Hüseynova ifadəsində qızını 162 saylı məktəbə qoyandan 2-3 ay sonra problemlər yaranmağa başladığını söyləyib: “Uşaqlar ona pis sözlər deyirdilər, lağ eləyirdilər. Bir neçə dəfə direktora şikayət etmişdim. Yeddinci sinifdə bir gün Elina evə tez gələndə bildim ki, Diana ilə dalaşandan sonra direktor onu məktəbdən çıxarıb. Sinif yoldaşı Timurxan onu incidirdi, şikayət etmişdik. Elina Züleyxa ilə rəfiqə idi, amma Timurxanla yaxınlığa görə qızım haqda şayiələr yaymağa başladı. Hamıya deyirdi ki, Elina lezbiyandı, tərbiyəsizdi. Bir dəfə boğazında kəsik izi gördüm. Dedi, Diana ilə zarafatlaşanda mismara dəyib. Həmin gün mən məktəbə çatanda Elinanı xəstəxanaya aparmışdılar. Onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün bir dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti çox ağır idi. Əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox”.

Sevil Hüseynovanın dediyinə görə, hadisə günü ona Elinanın yıxıldığını deyiblər: “Xəstəxanada Xalidə Bayramovanı gördüm, dedi ki, heç nəyi yoxdu, Elina yaxşıdı. Bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər. Sevinc Abbasova istintaq zamanı bizə demişdi ki, günahım var, peşmanam, amma günah təkcə məndə deyil”.

Sevinc Abbasovanın vəkili Sadiq Bağırov Sevil Hüseynovaya Elinanın məktəbə saçı başqa rəngə boyanmış, adekvat olmayan geyimdə və makiyajlı gedib-gəldiyini deyib, ondan niyə qızının bu hərəkətlərinin qarşısını almadığını soruşub. Şagirdin anası Elinaya geyiminə görə heç vaxt irad bildirilmədiyini söyləyib: “Məktəbin vahid geyim forması olmayıb, digər şagirdlər də onun kimi geyinib”.

Sevil Hüseynovanın danışdığına görə, Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli varmış, bunu Züleyxaya göndəribmiş: “O qız da oğlanlara ötürmüşdü. Bu şəklə görə Timurxanın xalası oğlu Murad Elinanı şantaj edirdi. Elinanın xiyarla olan şəklini də telefonunda görmüşdüm, Rəhman ona şəkli atıb deyirdi ki, videonu da göndərim? Mən Elinadan bunun nə olduğunu soruşdum, dedi ki, Rəhman həmin videonu silib. Elina özünə qapanan uşaq idi, döyüş filmlərinə, intiharla bağlı kinolara baxırdı. Özündən tez çıxırdı, sözü ehtiyatla demək lazım idi”.

Vəkil Sadiq Bağırov deyib ki, Elina gündəliyində ailəsinin, anasının onunla maraqlanmadığını yazıb. Sevil Hüseynova gündəlikdə belə bir şey görmədiyini deyib: “İstintaqda gündəliyin bəzi səhifələri cırılmışdı”.

Direltorun vəkili Elinanın anasına növbəti sualında Timurxanın xalası oğlu Murad Didkovun Elinanı hamamdakı şəklini yayacağı ilə şantaj edərək, ondan oral seks tələb etməsi haqda soruşub: “Siz belə bir ağır hadisədən sonra onu niyə bağışladınız?”.

Müdafiə tərəfi suala etiraz edib. Bu yerdə Sevinc Abbasova deyib ki, Murad Didkov bu məktəbdə oxumayıb: “18 yaşı vardı, onun bizə heç bir aidiyyatı yox idi”.

Elina Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadəsində deyib ki, nəvəsini incitdikləri barədə dəfələrdə direktora şikayət ediblər, amma tədbir görülməyib: “Axırıncı dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı. Elina altıncı sinifdə oxuyanda məktəbin psixoloqunun nəvəsi Fərrux sinifdə hamının qarşısında Elinanı öpmüşdü, onu çox incidirdi. Direktora şikayət etdim, dedi, Fərruxun nənəsi təzəlikcə ölüb, ona bir söz deyə bilmərəm. Aydan istədiyi oğlan Elinaya baxmışdı deyə, uşağın başına su tökmüşdü. Bunu şikayət etdim, dedi, o qızın şəkli şərəf lövhəsində var, mən ona bir söz deyə bilmərəm”.

Sevinc Abbasova deyib ki, bu məsələlər tərbiyə işləri üzrə müavinə tapşırılıb, suallar da ona verilməlidir.

Son xəbərlər
Bütün xəbərlər »