Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordunun dövlətindən dövlətin ordusuna... Türkiyə Silahlı Qüvvələri ilə bağlı qərarların mühüm pərdəarxası
Nəzakət Məmmədova, politoloq (xüsusi olaraq bizimyol.info üçün)

Türkiyədə hərbçilərin ənənəvi rolu və baş verən son dəyişikliklərə dair. Son dövrdə baş verən bəzi hadisələr qonşu Türkiyənin siyasi sistemi ilə yanaşı bütün sahələrdə ciddi dəyişikliklərin olduğunu göstərir. Lakin bu gün mövcud olan hər şey onun tarixi, keçmişin ənənələri ilə bağlıdır. Bu qardaş ölkə 624 illik imperiya keçmişinə malikdir. Bütün imperiyalar kimi o da öz böyük fəthlərini məhz hərbçilərə borcludur.

Sögütdəki kiçik bəylikdən üç qitəyə, yeddi dənizə hökmranlıq edən bir imperiyaya çevrilmək məhz hərbçilərin sayəsində baş verib. Xüsusilə yeniçərilər Osmanlı sultanlarının taxta çıxarılmasında və endirilməsində, saray çevrilişlərində mühüm rol oynamışlar. Hətta bəzən sultanı qətlə yetirmiş, ölkədə üsyanlar qaldırmış, hökmdarı və ətrafını öz iradələrinə tabe etməyə çalışmışlar. Dövlətin bel sütunu ordu olduğu üçün məcburiyyət qarşısında onlarla hesablaşılmışdır. Doğrudur, məsələn sultan Dördüncü Murad buna tabe olmamış, Yeniçəri üsyanlarını amansızlıqla yatırmışdı. Lakin Türkiyədə hərbçilərin rolu Atatürkün respublika qurmasından sonra da öz möhkəm yerini qoruyub-saxlamışdır. Hərbçilər dövlətin və onun konstitusiyalı quruluşunun mühafizəçisi, qarantı rolunda çıxış etmişlər. Onların bu səlahiyyəti Türk Silahlı Qüvvələrinin (TSK) nizamnamələrində belə öz əksini tapmışdır. Yəni hökuməti devirən ordunun bu hərəkəti qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində baş verib. Demək olar ki, ölkədə hər 20 ildən bir ordunun hökumətdən narazılığı zəminində hərbi çevriliş baş verirdi. Təbii ki, burada xarici qüvvələrin rolu danılmazdı. AKP-nin hakimiyyətə gəlməsi bir çox əsaslı dəyişikliklər kimi buna da son qoydu. Ötən ilki çevriliş cəhdi isə orduda ciddi islahatlar aparmağa səbəb oldu. Bu günlərdə MİT-in birbaşa Beştəpəyə, prezidentə tabe etdirilməsi barədə qərar qəbul edildi. Bundan sonra MİT rəhbəri barədə prezidentə məruzə olunmadan araşdırma aparıla bilməyəcək. MİT Silahlı Qüvvələr daxilində əməliyyat təminatı həyata keçirəcək. Halbuki indiyədək silahlı qüvvələrin daxilində heç bir qurum bu cür fəaliyyət göstərə bilməzdi. Bu, artıq ordunun böyük səlahiyyətlərinin əlindən alınması ilə bərabər, onun Türkiyə tarixində rolunun kəskin azaldılması erasının başlanğıcıdır. Bu, 1923-cu ildə Qərb dövlətlərinin Türkiyə üçün biçdiyi roldan çıxmaq, yeni bir çağa qədəm qoymaq deməkdir. Osmanlıda sultan var idi, lakin o, yeniçərilərlə hesablaşmalı olurdu, Atatürkdən sonrakı Cümhuriyyətdə hökumət ordudan asılı idi, ordu istənilən vaxt çevriliş edə bilərdi. Bugünkü Türkiyə isə qüdrətinə görə Osmanlıya bərabər olmaq üçün çalışsa da, silahlı qüvvələrin rolunu azaltmaqla Osmanlı və Cümhuriyyətdən tam fərqli bir siyasət yeridir. Bu artıq nə yeniçərilərin olduğu Osmanlı, nə TSK-nın olduğu Cümhuriyyətdir. "Ergenokon"la sarsılan ordu 15 iyul çevriliş cəhdindən sonra ikinci zərbə dalğası yaşadı. Görünür, prezident ordu ilə kəşfiyyat arasında balans yaratmaqla birincinin çəkisini azaltmaq istəyir. Təbii ki, prezident üsul-idarəçiliyi bir sıra qurumların ona tabe edilməsini nəzərdə tutur. Güclü prezident hakimiyyəti olan yerdə isə çevriliş cəhdi çətin ki, baş verə.

Son xəbərlər
Bütün xəbərlər »