Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"500 manat verib, onun-bunun arxasına baxdıq" - Yıldız Tilbənin konsertində yaşananlar
Tanınmış şou jurnalisti Əfruzə Ağayeva məşhur Türkiyəli müğənni Yıldız Tilbənin Bakı konsertində gördükləri haqda köşə yazıb.

Sosial şəbəkələrdə böyük maraqla qarşılanan yazını təqdim edirik:

500 manat verib Yıldız əvəzi onun - bunun arxasına baxdıq ...

Biz nə tövr iş görürük, ya bizə nə tövr işlər göstərirlər- bax bu fikir getdiyim konsertdən çıxandan sonra başımda dolanmağa başladı. Adama deyərlər konserdən çıxmısan bu nə qaramat fikirlərdi, bir az şən-şux ol da. Necə olum ki, konsertdə gördüyüm bir yambız oldu, bir də eşitdiyim "kətə fəlsəfəsi". Keçim mətləbə. Demək hadisə vaqe olur 4300 nəfərlik Bakı konqres zalında. Bilməyənlər üçün xüsusi qeyd edim ki, biletlərin satış qiyməti 25 manatdan 500 manata kimi idi. İlin, günün bu vaxtı 500 manata bilet? Dedim yəqin belə qiymət qoyublarsa burda əsl fısqırıq olacaq. Ulduzlar parlayacaq, Yıldız Tilbə göydəki ulduzları öz səsi ilə yerə endirəcək. Yerlərin 30 faizi boş qalanda barmağımı dişlədim, dedim əşşi hər şeyə də mız qoymaq olmaz axı. Bəlkə elə konsert olacaq ki, gəlməyənlər peşman olacaqlar.

Nə isə, əsas odur konsert başladı. Başlayandan ha boylandım ki, səhnədə nəsə görüm, yambızdan başqa gözümə heç nə dəymədi. Dedim yəqin mənə elə gəlir, dörd tərəfimə baxdım ki, adam qalmayıb hamı səhnənin qabağına yığışır. Yıldıza baxmaq istəsək də, arzumuz ürəyimizdə qaldı. Yıldız "la-la-la” edib çanaq sümüyünü oynatdıqca səhnə önünə yığışanların sayı get-gedə artırdı. Yerimdə otura bilmədim. Sıxıldım, mənə də Əfruzə deyərlər, daha dözmədim, axı konsert radio deyilki, qulaq asasan, gərək nəsə görəsən də. Etirazımı həm konsert təşkilatçısına yazdım, həm də mühafizəçilərə bildirdim. Gördüm başa düşmürlər, bir az yüksək səslə dedim ay qardaş, "Vasmoyun bazarıdı məgər? Camaat 500 manat verib bilet alıb ki, kiminsə arxasına baxa? Bu nə biədəblikdi edirsiniz?". Bir də gördüm mühafizəçilər sanki bu qarmaqarışlığı indi görürmüşlər kimi qarşısını almağa çalışdılar və bacardılar da. Amma bu qəhrəmanlıq əbəs oldu. Bu çevik əməliyyat tədbirindən sonra konsert təqribi 15 dəqiqə çəkdi. Barı, Tilbenin yola verdiyi konsertə sona kimi baxa biləydim. Düzü mən Yıldızdan "yıldız” konserti gözləsəm də gözlərimdəki "yıldız” ürəyimə axmadı, arzum ürəyimdə qaldı. Sonda da nə foto oldu, nə də jurnalistlərə xüsusi müsahibə... Belə yerdə deyərlər qurban olaram özümüzkülərə ...

Elə təzə camaatı sakitləşdirib yerlərinə oturtmuşdular ki, bir də gördük Yıldıza dedilər ki, ay bacı,gözlə indi Zema oxuyacaq. O da hıqqana-hıqqana ona verilən vərəqdən oxuyub dedi ki, "şimdi də Azərbaycanın ünlü şarkıçısı Zema gəlsin”. Zema kim olsa yaxşıdır? İbonu ağladan Zema, Bülənt Ərsoyla salam-ələk edən Zema! Zema nə Zema... od parçası. Zema da çıxıb 1-2 türk mahnısı oxudu, sonra da Tilbəyə kətə söz verib, düşdü getdi. Deyirəm Zema kətə söz verəndən sonra vəziyyət daha da pisləşdi. Zalımın qızı sanki Bakıya qarın doydurmağa gəlib, oxumağa yox ...Nə isə 1-2 mahnıdan sonra da "əylənə bildinizmi?" deyildi və konsertə xitam verildi. Bax burada Əfruzənin qanı lap qaraldı. Konsertdən yadımda bir yambız, bir də kətə qaldı. 500 manat verib VİP yer alanların halı məni lap yandırdı.

Yaxşı ki, məndə vip dəvətnamə idi. O qiymətə neçə kətə yemək, neçə yambıza baxmaq olardı. Yıldız Tilbə səsi lazım idisə onu da internetdən qoşub daha keyfiyyətli qulaq asırsan məsələ bitir. Heç bu hay-küyə də ehtiyac qalmır. Amma öz aramızdı elə 25 manata da yaxşıca kətə yemək olardı, daha bu boyda yolu gəlib özünü əziyyətə salmaq nə gərək idi? Nə bilim, elə bunu düşünüb konsertdən ayrıldım. Yıldızın da yıldızı gumbultu ilə yerə düşdü. Amma Zema orada nə edirdi bax onu heç başa düşmədim. Yəqin ehtiyat oyunçu kimi onu konsertlər üçün çağırırlar elə ki, gələn müğənni "la-la" edib çanaq sümüyünü oynadıb yorulursa ya da "tutuzdura” bilmirsə onu qabağa verirlər ki, oxu səhnə boş qalmasın, səhnəni bir az ələ al. Axı sən İbonu ağlatmısan, bunları da ağlat. Konsertdən sonra təşkilatçıya istədim yazam ki, 2018-ci ildir e, belə konsert yola vermələri qaldı əsrin əvvəlində. Amma lüzum bilmədim, adam konsert salanda tarixi bilirdi də.

Sadəcə Yıldız onu, o tamaşaçıları yola verib. Yola verə-verə gedirik. Qulağımızdan da kətə asıb bizi evə yola salırlar. Bu hadisə bizim günlərdə və Bakıda vaqe oldu. Əgər ucqar kəndin klubunda baş versəydi, heç dinməzdim. Amma ulduzların bir-birindən parlaq performans göstərdiyi vaxt və şəhərdə belə yambız yola verməsinin adını heç tapmadım. Bax biz bu tövr iş görürük, ya da bizi hesaba almayıb bu tövr iş göstərirlər. Əvvəl ifaçı pis oxuyanda ona bozbaş deyirdilər, yəni bozbaş iyi gəlir.

Bundan sonra kətə iyi gələn konsert dönəmi başladı. Necə deyərlər getmişdim kabab iyinə.... davamını özünüz bildiniz də.

Son xəbərlər
Bütün xəbərlər »