Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman kəşfiyyatının “Frau Doktor” mübhəmi

Müharibədə xüsusi xidmət şəbəkəsinin xüsusi xidmətləri nələrdi?

Birinci Dünya müharibəsi zamanı Antanta ölkələrinə qarşı agentlər hazırlamaq üçün alman kəşfiyyat məktəbi yaratmış və düşmən ölkələrin ərazisinə göndərilən agentlərin etibarlılığını və sayıqlığını daimi nəzarət altında saxlayan “Frau Doktor”un iş prinsiplərini buna misal çəkmək olar.

Elizabet Şraqmüller və ya “Frau Doktor” Birinci Dünya müharibəsi dövründə Almaniya kəşfiyyat məktəbinin əsasını qoymuşdur. Onun yaratdığı məktəb sonralar dünyanın bir çox ölkələrinin kəşfiyyat orqanları üçün nümunəyə çevrilmişdir.

“Frau Doktor”un kəşfiyyat məktəbi almanların işğal etdikləri Antverpen şəhərində yerləşirdi. O, təkcə kəşfiyyatçılara təlim keçməklə kifayətlənmir, eyni zamanda Bulondan Parisə, oradan isə İsveçrə sərhədlərinədək uzanan agentura şəbəkəsinə rəhbərlik edirdi. Sonralar müharibənin gedişində onun təsiri Skandinaviyadan İspaniyayadək yayılmışdır.

Almaniya Baş Qərargahı onun verdiyi məlumatlara Hərbi Kəşfiyyat İdarəsindən daxil olmuş məlumatlardan daha çox inanırdı.

O, məktəbin təşkil olunmasına başladıqda Almaniyanın kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində bir sıra nöqsanların olduğunu görmüşdür. “Frau Doktor” özünəməxsus qaydalarla bu fəaliyyətin yenidən təşkil olunmasına başladı. Məsələn, ona qədər Almaniyanın müttəfiqlər ərazisindəki casusluq şəbəkəsi əsasən muzdlu əcnəbilərdən təşkil olunmuşdu ki, onlar az zəhmət və risk müqabilində çoxlu gəlir əldə etmək barədə düşünürdülər.

“Frau Doktor” etibarlılığına və sədaqətinə şübhə etdiyi agentləri yüngül tapşırıq verərək düşmən ərazilərinə göndərir və bu barədə qarşı tərəfin əks-kəşfiyyat orqanlarına xəbər verirdi. Fransada ifşa olunmuş agentləri bir qayda olaraq güllələyir və ya gilyotinə göndərirdilər, İngiltərədə isə asma və ya güllələmə cəzasına məhkum edirdilər.

Bu, “Frau Doktor”un tələbələri üçün nümunə olmuş və nəticədə məktəbdə sayca az, lakin ona sadiq agentlər qalmışlar. Bəzən o, ifşa olunmuş əvvəlki agentin tutulduğu yerə az keçməmiş daha mühüm tapşırıqla qiymətli agenti göndərirdi. Çünki yenicə alman casusunu ifşa etmiş ingilis və ya fransız əks-kəşfiyyatçıları yenidən həmin əraziyə təkrar alman casusunun gələcəyinə inanmır və oraya- diqqəti zəiflədirdilər.

Antanta əks-kəşfiyyatının əməkdaşı, doktor Şraqmüller metodunun tədqiqatçısı R.V. Rouan onun haqqında belə bir hadisəni qeyd edirdi. Antanta ölkələrinin kəşfiyyatı Antverpen məktəbinə daxil olmaq üçün uzun müddət səy göstərdikdən sonra ora belçikalı agentin nüfuz etməsinə nail oldular. Bu, müttəfiqlər üçün böyük nailiyyət hesab edilirdi. Elə görünürdü ki, o, tamamilə “Frau Doktor”un etimadını qazana bilmişdir. “Frau Doktor” ona özünün ən yaxşı agentlərindən birini Şotlandiyaya göndərdiyini, həmin şəxsin oradan Parisə gedəcəyini bildirməsindən sonra belçikalı bu barədə təcili şəkildə İngiltərə və Fransaya məlumat vermişdir. Şotlandiyada agentə toxunulmadığından o, plan üzrə Parisə yola düşmək istəyərkən Dünkerkdə fransız zabiti tərəfindən saxlanılaraq casusluqda ittiham edildi.

“Frau Doktor” bu barədə iki gündən sonra məlumat əldə etdikdə belçikalını öz ofisinə çağıraraq agentin çox tez bir zamanda ifşa olunduğunu və onun tapşırıqla göndərilməsini yalnız iki nəfərin – özünün və belçikalının bildiyini xatırladaraq masanın siyirtməsindən revolveri çıxararaq soyuqqanlı şəkildə belçikalıya atəş açdı.

“Frau Doktor” Birinci Dünya müharibəsində Antanta ölkələrinin Almaniya və onun müttəfiqlərinə qarşı yeni məxfi silahdan - tankdan istifadə edəcəyini alman komandanlığına ilk məlumat verən şəxs olmuşdur.

“Frau Doktor” alman Baş Qərargahının rəisi general fon Falkenhayna alman tankları barədə üç raport göndərmişdir. Sonuncu raportda o, tankların quruluşu və iş mexanizmi barədə məlumat vermişdir. Lakin generalın texniki məsələlər üzrə müşavirləri bu raportları fantastik və diqqətəlayiq olmayan məlumatlar kimi qiymətləndirmişlər. Onlar tankı artilleriya və güclü minalara qarşı döyüşlərdə mənasız silah hesab edirdilər.

Məhz ingilislərin Kambre yaxınlığında üç yüzə yaxın tankdan istifadə etməsi nəticəsində İkinci alman ordu qruplaşmasının darmadağın edilməsi Birinci Dünya müharibəsinin gedişinə həlledici təsir göstərmişdir.

Doktor Şraqmüllerə tanklar barədə məlumatı ötürən agent Lizzi Vertheym isə ingilis əks-kəşfiyyat orqanları tərəfindən ifşa edilərək on il həbs cəzasına məhkum edilmiş (ingilislər bir qayda olaraq qadınları edam cəzasına məhkum etmirdilər) və iki il sonra Eylsberş həbsxanasında vəfat etmişdir. Onun tərəf müqabili, Antverpen məktəbinin digər istedadlı agenti İngiltərədə Recinald Ronald örtük adı altında fəaliyyət göstərmiş Georq Breyekov isə London Tauerində güllələnmişdir.

Məlum olduğu kimi alman casus qadınları cəsur və fədakar olsalar da, fransız həmkarlarından fərqli olaraq incəlik, cazibədarlıq və improvizə etmək qabiliyyətindən məhrum idilər. Buna görə də almanlar tez-tez əcnəbilərə müraciət etməli olurdular.

“Frau Doktor”un casus məktəbinin yetirmələrindən biri olan “İsveçli Yeva” buna bariz nümunədir. Yeva de Burnonvilin atası isveçli, anası isə danimarkalı idi. Yeva özü Pribaltikada varlı alman ailəsinin evində tərbiyəçi işləmişdi. Həmin dövrdə o, zadəgan tituluna sahib bir ingilis qadını ilə tanış olmuşdu. Sonra o, həmin işi tərk edərək teatr antreprenöru (şəxsi teatr, sirk və s. saxlayan adam) olmaq istəsə də, burada uğur qazana bilməyərək bir neçə iş yeri dəyişdikdən sonra Stokholma qayıtdı. Orada 1915-ci ildə onu alman kəşfiyyatı konfidensial əməkdaşlığa cəlb edərək Antverpenə “Frau Doktor”un casusluq məktəbinə göndərmişdir.

Yeva burada özünün yüksək təbəqədən olan ingilis xanımı ilə tanışlığından bəhs etdikdə ona həmin lediyə məktub yazaraq İngiltərəyə getməsi və ingilis dili sahəsində biliklərini artırması üçün kömək istəməsi tapşırıldı. Neytral İsveçin vətəndaşı olaraq o, çətinlik çəkmədən bir neçə həftədən sonra Londona gəldi.

Yeva özünə dəbdəbəli Blumsberi mehmanxanasında otaq sifariş verdi. Oradan o, tanışı olan ingilis ledisinə məktub yazaraq vuruşan İngiltərəyə kömək etmək istəyinin olmasına eyham vurdu. Nəticədə o, xarici dil biliklərinin olması nəzərə alınaraq yazışmalara nəzarət məntəqəsində senzor işinə qəbul edildi. Orada o, alman kəşfiyyatının Stokholm və Kopenhagendə ona verdiyi ünvanlara özünün göndərdiyi məktubların “senzoru” oldu.

Lakin Yeva casusluğa həddən artıq aludə olmuşdu. O, həddən artıq çox suallarla ətrafdakıları şübhələndirməyə başladı. Həmin dövrdə alman təyyarələri Londona hava hücumları təşkil etdikləri üçün Yeva bunun nəticələri barədə çoxsaylı və birbaşa suallar verir, zenit batareyalarının harada yerləşməsi ilə yaxından maraqlanırdı.

Birinci Dünya müharibəsi zamanı şpionomaniya geniş yayıldığı üçün onun hərəkətləri ingilislərə şübhəli görünməyə başladı. Bu barədə polisə xəbər verildi və o, İngiltərə əks-kəşfiyyat orqanlarının nəzər-diqqətinə düşdü. Həmin dövrdə o, kobud səhvə yol verərək adətən məzuniyyətə gələn ingilis zabitlərinin toplaşdığı mehmanxanada peyda olaraq tezliklə onlardan bir neçəsi ilə yaxın dostluq münasibətləri yaratdı. Onun həmin zabitlərin xidmət etdiyi hərbi hissələrin dislokasiya yeri ilə maraqlanması əks-kəşfiyyat orqanlarının ona qarşı olan şübhəsini daha da artırdı. Tezliklə Yevanın Kopenhagenə göndərdiyi məktublardan bir neçəsinə baxış keçirilən zaman orada casusluq xarakterli məlumatların olduğu aşkarlandı. 1916-cı il yanvar ayının 12-də o, məhkəmə qarşısında dayandı. Məhkəmə onun barəsində ölüm hökmü çıxarsa da, İngiltərə kralı V Georq onu ömürlük həbs cəzası ilə əvəz etdi. 1922-ci ildə Yeva Eylsberi həbsxanasından vətəninə deportasiya edildi.

Bəzi mənbələrdə Elizabet Şraqmüllerin alman Baş Qərarhahından aldığı külli miqdarda pulların inflyasiya nəticəsində qəpik-quruluşa çevrildiyini və “Frau Doktor”un kasıblıq və ehtiyac içərisində İsveçrə xəstəxanasında vərəm xəstəliyindən müalicə olunduğunu qeyd etmişlər. Bəzi mənbələrdə isə əksinə, “Frau Doktor”un Münhendə yaşaması və 1940-cı ilədək orada universitet professoru olması, həmin ildə orada vəfat etməsi qeyd göstərilir.

İkinci Dünya müharibəsi illərində Gebbelsin rəhbərlik etdiyi faşist təbliğatı “Frau Doktor” mifindən alman xalqının ruh yüksəkliyinin artırılması üçün istifadə etmişlər.

Nəzakət Məmmədova, politoloq

Son xəbərlər
Bütün xəbərlər »