Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşa səfərini Ermənistana "barışın" mesajı saymaq olar"
"ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşa səfərini Ermənistana "barışın" mesajı saymaq olar"

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya səfəri baş tutub. 44 günlük Vətən Müharibəsindən sonra dörd il müddətində ABŞ və digər Qərb ölkələri səfirlərinin işğaldan azad olunmuş torpaqlarımıza getməməsini və məhz indi getməsini necə şərh etmək olar? Bu səfər Ermənistana və Azərbaycana hansı mesajları verir?

Yeri gəlmişkən, amerikalı səfirin Şuşa səyahətinin Azərbaycan hakimiyyətini pis vəziyyətdə qoyması barədə fikir bildirən bəzi siyasi partiya rəhbərlərinin özlərinin hələ də işğaldan azad edilmiş torpaqlarımıza səfər etməmələrini necə başa düşməliyik?

Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa Bizimyol.info xəbər portalının suallarını şərh edib.

Əli Mustafa Əli Mustafa

"Bu səfərlə əlaqədar ABŞ səfiri Mark Libbi özü paylaşım etdi. Bildiyim qədərilə səfirin Şuşa ilə bağlı başqa bir açıqlaması da cəmiyyətdə rezonans yaratmışdı. Hətta ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək qədər böyük bir polemika da var idi. O ki qaldı, Qərb dövlətləri səfirlərinin işğaldan azad olunmuş torpaqlara indiyədək səfər etməmələrinə, bunun özü də kazosdur. Bu məsələyə hər hansı bir açıqlama verməli idilər. Diplomatik korpus bu istiqamətdə bildirməlidir ki, səfirlərin həmin ərazilərə getməmə səbəbi nədir? Təbii ki, indi buna müxtəlif izahatlar vermək olar. Məsələn, onların özlərinə məxsus qrafikləri var. Həmçinin özlərinin də belə bir açıqlaması var idi ki, siyasi məqsədlərlə təşkil olunan tədbirlərdə iştirak etməmək və sair.

Maraqlı məqam həm də ondan ibarətdir ki, ABŞ keçən bu illər ərzində öz səfirinin Şuşa və digər azad olunmuş bölgələrimizə səfəri məqbul saymırdı, ancaq indi sayır. Buna səbəb nədir? Sualın arxa planındakı məsələ budur ki, işğal müddətində ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər idi və bu illər ərzində onlar bu torpaqların azad olunmasında səy göstərmədilər. Hansı ki, onların bir həmsədr kimi borcu idi.

İndi ora səfər etməmələrinin səbəbləri sadə deyil və ya sadə başa düşülən deyil. Onlar ola bilsin ki, burada məğlub olmuş Ermənistanın və xalqının reaksiyasından çəkinsinlər. Bəs onda Azərbaycan xalqın heysiyyatı? İllər ərzində bu ölkə, bu xalq işğala məruz qalıb. Hər halda bütün bunlar mənim subyektiv yanaşmalarımdır, doğru cavabı özləri bilirlər.

O ki qaldı, Şuşa səfərinin Azərbaycana verdiyi mesaja, bunu belə anlamaq olar ki, artıq müəyyən dövlətlər Azərbaycanın o torpaqlar üzərindəki suverenliyi ilə barışıb və bu reallığı qəbul ediblər. Ermənistan tərəfi bu səfərə görə ABŞ-dan inciyib. Qoy, incisin. Hər halda, belə daha yaxşıdır. 30 il ərzində bu dövlətlər Ermənistanın törətdiyi faşizmə heç hələ doğru-dürüst bir qiymət verməyiblər. Bu səfəri həm də Ermənistana "artıq barışın, bu məsələ öz həllini tapıb" mesajı kimi də şərh etmək olar.

Nəhayət, bəzi siyasətçilərin hələ də Şuşa və digər ərazilərimzə getməməsi məsələsinə gəlincə, əlbəttə, mən düşünürəm ki, ölkədə elə bir şərait yaratmaq lazımdır ki, siyasi partiya liderləri, başqa siyasətçilər, hətta vətəndaşlar bu ərazilərə rahat gedib-gələ bilsinlər. İndi Qarabağa müəyyən məhdudiyyətlər çərçivəsində gediş-gəliş var. Amma düşünürəm ki, hər halda ölkənin siyasi nümayəndələrinin hansısa bir kampaniya və ya çərçivə tədbirləri olmadan belə sərbəst gedib-gəlməsinə şərait yaradılmalıdır. Bu da vacib məsələlərdən biridir. Regiona siyasi sülhün, yumşalmanın gəlməsini nə qədər məqbul biliriksə, eyni şeyləri ölkənin daxili vəziyyəti üçün də arzulamalıyıq. Ölkənin içində də yumşalma, barış mühiti yaratmaq lazımdır ki, həm mən, həm də elə siz illər boyu tamarzı qaldığımız o torpaqlarımıza rahat səfər edə bilək" - deyə, siyasətçi qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »