Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanı özümüzdən fərqli görmürük" - İstanbul Bahçeşehir Universitetinin rektoru ilə özəl müsahibə
"Azərbaycanı özümüzdən fərqli görmürük" - İstanbul Bahçeşehir Universitetinin rektoru ilə özəl müsahibə

"Azərbaycanda əksər gənclər Türkiyə təhsilinə üstünlük verir. Türkiyədə təhsil bizim üçün prioritet məsələyə çevrilib".

Bizimyol.info xəbər portalının əməkdaşları İstanbul Bahçeşehir Universitetini ziyarət edib və universitetin rektoru Prof. Dr. Esra HATİPOĞLU ilə müsahibə hazırlayıb. Müsahibənin ilk hissəsini təqdim edirik.

- Hörmətli, Esra xanım, öncəliklə sizi və Bahçeşehir Universitetini tanımaq və tanıtmaq istəyirik.

- Mən beynəlxalq münasibətlər üzrə ekspertəm və daha çox keçmiş Sovet İttifaqı bölgəsi üzrə çalışıram. Buna görə Azərbaycanın da daxil olduğu bir bölgə üzərində işləyirəm. Doktorantura işim Rusiyanın xarici siyasətini formalaşdıran daxili faktorlar üzrə idi. Buna görə də uzun bir müddət Rusiyanın xarici siyasəti üzrə çalışmışam. Bu səbəbdən də, bölgəni çox yaxşı tanıyıram.

Eyni zamanda Türkiyə-Avropa İttifaqı əlaqələri ilə də maraqlanıram. Avropa İttifaqında işlədiyim dönəmdə belə, xarici əlaqələr və keçmiş Sovet İttifaqı bölgəsi ilə bağlı çalışdım. Daha sonra akademik xidmət dönəmi davam edərkən, digər tərəfdən idarəçilik vəzifəmin icrasına davam etdim.

İdarəçilik vəzifəm rektorluq ilə başladı. Bu işimdən öncə başqa bir universitetin rektoru kimi fəaliyyət göstərmişdim. 2 il yarım müddət keçdikdən sonra Bahçeşehir Universitetinə gəldim. Rektorun beynəlxalq əlaqələr üzrə məsul məsləhətçisi idim. Artıq Bahçeşehir Universitetinin rektoruyam. Əslində, Bahçeşehir Universitetinə gəldiyim gündən bəri universitetin beynəlxalq əlaqələri həmişə maraq dairəmdə oldu.

Bilirsiniz ki, Bahçeşehir Universiteti BAU Global təhsil şəbəkəsinin bir parçasıdır. Bizim çox fərqli ölkələrdə, həmin ölkələrin qanunları çərçivəsində qurulmuş universitetlərimiz var. Həmin universitetlər İstanbul Bahçeşehir Universiteti ilə əlaqələri davam etdirərək, eyni zamanda müstəqil beynəlxalq qurum olaraq varlıqlarını davam etdirirlər.

Biz həm İstanbul Bahçeşehir Universiteti ilə onlar arasındakı əlaqələri, həm də bizim universitetin beynəlxalq əlaqələrini idarə edirik. Bilirsiniz ki, universitetimizin şüarı “İstanbulun qəlbində dünya universiteti” fikridir.  Sadəcə milli deyil, beynəlxalq anlamda elmi təşviq edən universitet olaraq təhsil ekosistemində önəmli bir yer tuturuq.

Universitetimizin 30 minə yaxın tələbəsi var. Təxminən 8000-ə yaxın beynəlxalq tələbə universitetimizdə təhsil almaqdadır. Bu rəqəm hər il dəyişir. Amma, çox ciddi bir ölçüdə beynəlxalq şəbəkənin parçası olduğumuzu deyə bilərəm. Fərqli universitetlərlə 100-dən çox əməkdaşlıq münasibətlərini həyata keçiririk. Bu istiqamətdə çoxsaylı müqavilə imzalanıb.

Dünyanın bütün istiqamətləri bizim üçün önəm daşıyır. Amma, son illərdə daha vacib olaraq gördüyümüz bölgə, Orta Asiya Respublikaları, Qafqaz və eyni zamanda Orta Şərq və Şimali Afrika (MENA) bölgəsidir. İndi öz işlərimizi bir qədər o bölgə üzrə icra etməyə çalışırıq. Ötən il Bahçeşehir Universiteti Türk Universitetlər Birliyinə üzv olub. Bu səbəbdən də, oradaki universitetlərlə əlaqələrimiz və tələbə dəyişim proqramlarımız davam edir.

- Bahçeşehir Universitetinin Azərbaycanla əlaqələri hansı səviyyədədir?

- Biz Azərbaycanı özümüzdən fərqli görmürük. Azərbaycan mənim də bir müəllim, tələbə və idarəçi qismində çoxsaylı əlaqələrimin olduğu bir yerdir. Enerji mövzusu üzrə çalışdığım zaman proseslərdə birbaşa iştirak etdiyim və hər zaman ürəklərimizin bir olduğuna inandığım bir ölkədir. Bu səbəbdən birlikdə hərəkət etmək və daha möhkəm əməkdaşlıqlar yaratmaq bizim üçün çox böyük önəm daşıyır. Son zamanlarda Azərbaycana çoxsaylı səfərlər gerçəkləşdiririk. Bakının ən gözəl yerində bizim əlaqə ofisimiz var. Çox gözəl işləyən dostlarımız var. Bizim fərqli bölgələrdə də əlaqə ofislərimiz var. Bizim məqsədimiz mövcud olduğumuzu ölkələrdə həm Türkiyəni, həm də universitetimizi tanıtmaq, eyni zamanda imicini yüksəltmək, varlığımızı hiss etdirmək və oradakı məzunlarımız ilə əlaqələrimizi inkişaf etdirməkdir. Biz işlərimizi həmin ölkələrin vətəndaşı olan məzunlarımızın vasitəsilə icra edirik. Başda təhsil olmaqla, Azərbcaynla bir çox sahə üzrə əməkdaşlıq etməyin gücünü hiss edirik. Hazırda 400-ə yaxın aktiv tələbəmiz var. Azərbaycanın ölkəmizdəki səfirliyi və konsulluğu ilə çox yaxın əlaqələrimiz mövcuddur. ADA Universiteti ilə yanaşı, Azərbaycandakı bir çox universitet ilə əlaqələrimiz var və bu əlaqələri davamlı olaraq inkişaf etdiririk. Sadəcə universitetlərlə deyil, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai qurumlar və özəl sektoru ilə əməkdaşlıqların davamlılığını təmin edirik.

Həyata keçirməyi planladığımız layihələr çərçivəsində bu il ərzində Azərbaycana səfər edəcəyik. Bakını çox sevirəm və orada özümüz çox yaxşı hiss edirəm. Ortaq dəyərlərimiz və birlik duyğumuzla bütün proseslərdə çox yaxşı bir dialoq içərisində olduğumuzu düşünürəm. Mənim fikrimcə, qarşılıqlı inam bütün əməkdaşlıqlarda kritik rol oynayır.

İradə Cəlil, Orxan Musabəyli - Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »