Bizimyol.info xəbər portalının əməkdaşları İstanbul Bahçeşehir Universitetini ziyarət edib və universitetin rektoru Prof. Dr. Esra HATİPOĞLU ilə müsahibə hazırlayıb. Müsahibənin növbəti hissəsini təqdim edirik.
- Hörmətli Esra xanım, Azərbaycan təhsili ilə Türkiyə təhsili arasında müqayisə aparmısınızmı?
- Ölkələrin təhsil sistemlərini müqayisə etməyin doğru olduğunu düşünmürəm. Hər bir təhsil sistemi öz mövcud şərtləri çərçivəsində ən yaxşısını hazırlamaq üzrə dizayn edilmiş sistemdir. Bu səbəbdən, sistemləri müqayisə edərkən, hər ölkənin öz daxilində mövcud olan şərtləri nəzərə alaraq dəyərləndirməliyik.
Digər tərəfdən xaricdə təhsilin üstünlüklərini də danmaq mümkün deyil. Artıq dünya üzrə bir hərəkətliliyə sahib olduğumuz üçün təhsil fərqli ölkələrdə olmağın qatacağı baxış bucağı, müxtəlif mədəniyyətlərdən olan insanları tanımağın qazandıracağı faydalar, fərqli təhsil modelləri və vasitələrini tətbiq etmək, fərqli həyat bacarıqları və iş icrasının formalarını təcrübədən keçirmək kimi üstünlükləri olan xaricdə təhsil, sizə əlavə dəyər vəd edir. İnsanlar şəxsiyətə uyğun, hədəflərinə görə, şəxsin olmaq istədiyi yerə görə özü üçün bir qərar verir və bu qərarına görə ya öz ölkəsində, ya da dünyadakı hansısa bir ölkədə təhsil alır.
Bu mövzuda ümumiləşdirmə etmək doğru deyil, ancaq biz "universitet təhsili almaq önəmlidir" düşüncəsi ilə yetişdirildik. Türkiyədə istənilən bir şagirdə harada, kimdən, nə vaxt, hansı dərslər üzrə təhsil aldığını soruşmaq potensialı olan çox insan tanıyıram. Ümumiləşdirməyək, amma, Türk ənənəsində bir ailə övladının universiteti bitirməsini istəyər. Bu, önəmlidir. Ümumiyyətlə, ixtisas və universitetdən narazı qalındığı vaxt, sadəcə “övladım universitet məzunudur” deyirlər. Amma, inandığınız çox yaxşı bir universitetdən məzun olduğunuz vaxt universitetin adını da çəkərsiniz. Türkiyədə universitet məzunu olmaq, orta məktəb bitirməkdən hazırda daha çox rəğbət görən bir vəziyyətdir.
- Türkiyədə Azərbaycanda olmayan “açık öğretim” - distant təhsil var. Bu təhsil növü ilə bağlı məlumat almaq istərdik.
- Distant təhsil anlayışı pandemiya ilə birlikdə sürətlə yayılan və qəbul edilən bir prosesə çevrildi. Türkiyənin bir çox qabaqcıl universitetləri distant təhsil fakültələri yaratsa da, qalan universitetlərin hamısı onlayn kurs sistemlərini inkişaf etdirib.
Pandemiya və pandemiyadan sonra dünya fərqli istiqamətə doğru irəliləyir, biz bundan imtina edə bilmərik. İmtina etməməklə yanaşı, bunu reallaşdırmaq üçün nə edə biləcəyimizi də nəzərdən keçirməliyik. Mövcud reallıqları qəbul etmək, inkişaf etdirmək və dəyişdirmək məcburiyyətindəyik. Zamanın ruhu ilə ayaqlaşmalı olduğumuzu düşünürəm.
- Bahçeşehir Universitetində distant təhsil varmı?
- Universitet olaraq pandemiya dövründə Distant Təhsil Mərkəzimizi yaratdıq. Dərslərimizin bir qismi sinxron, bir qismi də asinxron formatda keçirildi. Pandemiya dönəminin təsiri azaldı. Hazırda dərslərimiz üzbəüz formatda davam edir.
- Azərbaycanla bağlı hansı istiqamətlər üzrə layihələriniz var?
- Bizim Azərbaycanla da əməkdaşlıq layihələrimiz var. Hüquqi qaydaların icazə verdiyi çərçivədə ikili diplom üzrə razılaşma apara bilərik. Bu səbəbdən, qarşılıqlı kriteriyaları təmin edən proqramlar hazırlamaqla bağlı Azərbaycandakı partnyor universitetlərlə görüşlərimiz davam edir. Hazırda Türk Universitetlər Birliyinə üzv olan bir universitet olaraq, iki ölkənin Ali Təhsil Müəssisələri/Nazirlikləri arasında qanunvericilik və kurikulumların standartlaşdırılmasını çox vacib hesab edirik. Bürokratik əngəlləri keçmək üçün koordinasiyanın təmin edilməsi zəruridir. Bu yolla əməkdaşlıqlar sürət qazanacaq.
- Bahçeşehir Universiteti pandemiya dövrünü necə keçirdi?
- Pandemiya dövrü hər kəs üçün çox çətin bir dönəm idi. Zehni "inqilab" çox önəmlidir. Çünki, biz əyani təhsilə öyrəşmiş qrupuq. Bahçeşehir Universiteti Türkiyədə onlayn təhsilə keçən ilk universitetdir. İnfrastrukturumuz hazır olduğu üçün bu dönəmi ən yaxşı şəkildə keçirdik.
İradə Cəlil, Orxan Musabəyli - Bizimyol.info