Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid Əhməd: həyat və döyüş hekayəsi
Şəhid Əhməd: həyat və döyüş hekayəsi

Şəhidlər qəhrəmancasına həlak olmuş qazilərdir, qazilər qəhrəmancasına salamat qalmış şəhidlərdir. Bəlkə də qəribə gələcək; salamat qalmış şəhid necə ola bilər?!

Haqlı sualdır. Ancaq cavabı da var: qazi də düşmən gülləsindən kədərli, ağrılı, eyni zamanda qürurlu nəsib almış əsgərdir. Əslində bir yazımda da yazmışdım: şəhidlik zirvəsinə ucalanlar üçün artıq müharibə bitib. Amma qazi öz bədənində, ruhunda - qan və can yaddaşında hələ də müharibəni gəzdirir. Onların hər biri döyüşə atılarkən, şəhid ola biləcəyini gözləyir, həm də arzulayır. İnsanın şərəfi həyatından daha üstündür. Şəhidlər və qazilər bunu öz nümunəsində dəfələrlə isbatlamışlar.

Sumqayıtda - Nəriman Nərimanov adına mədəniyyət mərkəzində şəhid Əhməd Teymur oğlu Məmmədovun anım mərasimini bu düşüncələrlə izləmişəm. Əslən Cəbrayıldan olan, Sumqayıtda yaşamış Əhməd Məmmədov indi cismən sağ qalsaydı (ruhu sağdır və ucadadır), 65 yaşı olacaqdı. Yubileyinə toplaşacaqdıq. Ancaq, təəssüf ki, bu il aprelin 11-də şəhidimizin canından çox sevdiyi torpağa qovuşmasından düz 30 il ötüb. Bu da şərəfli ölümün, ağrılı qürurun hüznlü yubileyidir. Şəhid Əhməd Məmmədov şərəflə yaşamağın və şərəflə dünyadan getməyin nümunəsidir. Bunu şəhidimizin haqqında çəkilmiş "Şəhid Əhməd. Oğluma məktub" filmini izləyərkən bir daha dərindən anlamaq olur. Filmin məktublarını şəhidin öz oğlu, tanınmış jurnalist Zaur Əhməd yazıb. Bəlkə (bəlkəsiz) həm də bu səbəbdən film daha səmimi alınıb; o itkinin ağrısını da, o doğmalıq duyğusunu da, o hüznlü, qüruru da əks etdirə bilib. Əhməd Məmmədovun və onun simasında şərəfli Azərbaycan əsgərinin həyatı da, ölümü də, ölümündən sonrakı ruhlar dünyasındakı əbədi ömrü də bir filmə sığdırılıb. Ssenari müəllifi Seymur Şahbazzadə özü də hərbi müxbir olub, müharibəni içəridən görüb gəlib. Bu film həm də buna görə şəhidimin adına layiq - uğurlu, anlamlı alınıb. Qeyd edim ki, filmin rejissoru Emil Babayevdir.

Əlbəttə, deyiləcək çox şey var. Ancaq bir qəhrəman ömrün cövhərini qələmə, lentə almaq lazım gəlir; hər şeyi yazıb çəkəsi olsaq, bu, saysız seriyaları olan epopeya kimi alınar. Bəzən çox şey az sözlə daha çox ifadə oluna bilir - Cəbrayıl işğal olunur, Əhmədin valideynləri Sumqayıta - onun yataqxanadakı kiçik otağına sığınır. Ata-ana xəstədir. Özünün də xanımı və üç körpəsi var. Ancaq Əhməd Məmmədov bunlara baxmayaraq, döyüşə gedir. Vətən torpağı düşmən tapdağındaykən, o, heç nə olmamış kimi öz evində otura bilmədi. Otura bilməzdi də; insani vicdanı, kişi qeyrəti, Vətən təəssübü onu rahat buraxmamışdı. Hətta ata-anasının xəstəliyini, öhdəsində üç azyaşlı uşaq olduğunu nəzərə alan Hərbi Komissarlıq Əhməd Məmmədovu ön cəbhədən geriyə çağırmışdı da. Ancaq Qəhrəmanımız 10 gündən artıq duruş gətirə bilməyib: "Döyüş yoldaşlarım orda odun-alovun içindəykən, mən evdə yata bilmərəm" deyib. Cəmi onca gün döyüşdə olmamağı ona çox ağır gəlib. Yenidən cəbhə bölgəsinə - Ağdama qayıdıb, Papravənd, Güllücə, Çəmənli kəndlərinin müdafiəsində iştirakını davam etdirib. Və 1994-cü il aprelin 11-də - atəşkəs əldə olunmasına bir ay qalmış Çəmənli kəndi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, şəhid olub.

Filmdə çox təsirli bir xatirə var: sağ qalmış döyüş yoldaşlarından biri deyir ki, Əhməd bayram günü hardansa bir az düyü tapıb gətirdi, əlində olan az bir məhsulla bayram plovu bişirdi. Bu, onun bu dünyada keçirdiyi sonuncu Novruz bayramı olub. Bəlkə o aşı yemiş əsgərlərin heç biri, elə Əhməd özü də doymadı. Çünki plov az idi. Amma bu az miqdar bayram aşı o əsgərlərin, eləcə də, Əhmədin Vətən uğrunda savaşı da bayram əhvalına kökləməyini simvolizə edir. Döyüşə də, ölümə də bayram əhvalında gedib Əhməd. Budur, artıq ailəsi, milləti Əhmədsiz 30 dəfə Novruz bayramını keçirib. Builki Novruzun isə bir başqa mənası var idi. Əsgər Əhməd Məmmədovun və bütün şəhidlərin adından bayram tonqalı Xankəndində alovlandı.

Döyüş dostu deyir ki, Əhməd tez-tez 3 yaşlı körpə qız balasını yuxuda görürdü, yuxusunda sonbeşiyi üçün darıxırdı. Əhməd o gecələrdə, döyüşlərarası qısa fasilələrdə, qısa müddət yatdığı zamanlarda Xankəndinin və Şuşanın azad olunacağını heç yuxusunda belə görə bilməzdi. Biz də eləcə. Ancaq şəhid Əhmədin və bütün şəhidlərin, qazilərin qəhrəmanlıqlarından dərs almış, ruh almış Azərbaycan əsgəri özlərindən əvvəlki döyüşçülərin yuxusunda da görə bilmədiyi qələbəyə öz imzasını qoydu. Buna görə Əhməd Məmmədovun da, bütün şəhidlərimizin də ruhu şadyanalıq içindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah bütün qazilərimizə şəfa versin! Allah bütün əsgər və zabitlərimizi qorusun!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »