Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz”ın qazsız qoyduğu kəndlərin sakinləri soyuqdan donmamaq üçün doğma "yurd"unu tərk edir
“Azəriqaz”ın qazsız qoyduğu kəndlərin sakinləri soyuqdan donmamaq üçün doğma "yurd"unu tərk edir

Kəndlərdə yaşayış getdikcə ağırlaşır. Dağ kəndlərinin əhalisi xeyli azalıb. Çünki yaşam imkanları məhdudlaşıb. İşsizlik, yolsuzluq, pulsuzluq insanları əldən salıb. Əksərində düz-əməlli məktəb, təhsil yoxdur. Kənd camaatı buna görə də doğma yerləri tərk etməli olur. Soyuq aylarda təbii qazın olmaması insanların həyatın "balta" vurur.

Bizimyol.info xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi ölkədəki yaşayış məntəqələrinin 96 faizindən çoxunun qazlaşdırıldığını iddia edir. Guya iş yaz günlərində də gedir. “Azəriqaz” bildirir ki, Astaranın ucqar dağ kəndi sayılan Vənəşikəşə qaz çəkirlər. Bununla da çətin relyef şəraitində yerləşən yaşayış məntəqəsinin 50 abonentinin probleminin həll olunduğunu fəxrlə qeyd edirlər. Halbuki qazsız qalmış yüzlərlə kənd məhz qışda donmaq ehtimalına görə boşalır.

Qusarın xeyli kəndi yanacaq sıxıntısı çəkir. Mətbuatda Minaxür, Caqarqışlaq, Kuzunqışlaq, Urvaoba kəndlərinin adları çəkilib. Oxucular belə kəndlərin çox olduğunu yazırlar. Xürəldə, Zindanmuruqda, Zindanmuruqqışlaqda da eyni çətinlik yaşandığı bildirilir. Ümumiyyətlə, Qusarla yanaşı, Qubanın da dağ kəndləri təbii qaz üzünə həsrətdir. Buduq kəndi məhz belə problemlərə görə dağıldı. İndi kənddə cəmi üç ailə qalıb. Sakinlər problemlərin öhdəsindən gələ bilmədiyindən, sərt qış zamanı istilik qayğısını həll etməyin mümkünsüzlüyündən tarixi məkanı tərk edirlər.

Ağcabədinin Sarıcalı kəndinin sakinləri qaz xətlərinin çəkilməsi üçün “Azəriqaz”a çox üz tutub. Onları eşidən yoxdur. Zaqatalının qazsız qalmış kəndlərinin sayı 20-yə çatır. Rayonda bir yük maşını odun 500 manata satılır. Kənd sakinlərinin əksərinin bu pulu verməyə gücü çatmır. İnsanlar həyatı acınacaqlı vəziyyətdə davam etdirirlər.

“Azəriqaz”dan bildirilib ki, yaxın gələcəkdə təbii qaz qayğısı yaşayan kənd qalmayacaq. Amma hadisələrin gedişi başqa şey deyir. Bu gedişlə ölkədəki kəndlərin çoxu sıradan çıxacaq. Pafoslu danışmaqla deyil, mənzərə göz qabağındadır. Qazsız qalmış kəndlərin sayı-hesabı yoxdur. İnsanlar çarəsizlikdən meşələrə üz tutur. Ağac qıranda da böyük cərimələr gəlir.

Bəs ucqar kənd sakinləri necə həyatda qalsınlar? “Azəriqaz” rəhbərliyi heç bu haqda düşünübmü?

21-ci əsrdə yüzlərlə kənd qazsız vəziyyətdədir.

İşsizlik, şəraitsizlikdən bütün ölkə əhalisini Bakıya və Abşeron yarımadasına toplamaq çıxış yolu ola bilməz. İnsanların əlindən dədə-baba yurdunda qalıb yaşamaq üçün səbəbləri almaq lazım deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »