Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya bazarında hansısa malın qiyməti enəndə, bizim bazarda enmir.... Məsul qurumlar qanunu "öldürür"
Dünya bazarında hansısa malın qiyməti enəndə, bizim bazarda enmir.... Məsul qurumlar qanunu "öldürür"
Bir neçə həftə öncə Ağdam və ətraf rayonlarda soğan təsərrüfatı ilə məşğul olan şəxslər anbarlarında satıla bilmədiyinə görə qalıb, xarab olan, yararsız hala düşən məhsullarını ölkə mətbuatına nümayiş etdirərək, yaranmış vəziyyətdən gileylənirdilər. Onlar qeyd edirdilər ki, məhsullar satıla bilmədiyinə görə anbarlarda qalaraq məhv olurlar: "Kisəsini 4-5 manata aldığımız soğanları indi 2-3 manata sata bilmirik. 1.50 AZN-ə kimi qiymət enib, ancaq bir neçə kisədən heç bir kisə dolusu sağlam məhsul çıxmır, hamısı xarab olub".

Dünən Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov açıqlama verərək, bildirib ki, Gürcüstan və Azərbaycana birlikdə 160 min ton soğan ixrac olunacaq. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Bizimyol.info xəbər portalına bu haqda bildirilib ki, Qazaxıstandan idxal olunacaq həmin məhsul sahibkarlar arasındadır və dövlət xətti ilə gətirilmir.

Yaranmış maraqlı situasiyadan zərərçəkənlər yerli soğan təsərrüfatçılarıdır. Ölkə soğana olan tələbatını özü ödəyə bilirsə, o zaman niyə xaricdən Azərbaycana soğan idxal olunur?

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Eyyub Hüseynov Eyyub Hüseynov

"Bir çox məhsullar var ki, onlara Azərbaycanın tələbatı yoxdur. Məsələn, Azərbaycan özünü quşçuluq məhsulları ilə tam təmin edə bilər. Biz görürük ki, xaricdən quş əti və məhsulları gətirilir. Süd məhsullarında da vəziyyət olduqca yaxşıdır. Lakin necə deyərlər, ilk baxışda bazarımız liberal bazara bənzəyir. Güya, dünya bazarına inteqrasiya olunmuş bir bazardır. De-fakto isə belə deyil. Biz görürük ki, dünya bazarında bir malın qiyməti qalxanda, Azərbaycanda həmin malın qiyməti bir neçə gün öncədən artıq qaldırılmış olur. Ancaq bir dəfə də olsun görməmişik ki, dünya bazarında hansısa malın qiyməti enəndə, bizim bazarımızda da ensin. Məsələn, Ümumdünya Maliyə Böhranında bütün dünya istehlakçıları ucuz qiymətlərdən yararlandılar, Azərbaycan istehlakçıları isə bundan yararlana bilmədilər.

Təsadüfi deyil ki, cənab prezident iqtisadi yığıncaqlar zamanı deyir ki, ölkədə kartel sövdələşmələri və monopoliya var. 14 il müzakirə olunandan sonra nəhayət, antiinhisar məcəlləsi qəbul olundu. Bu məcəllə də reallığa uyğun olmadı. Belə bir vəziyyətdə, əlbəttə, xaricdən mal gətirən insanlar nisbətən ucuz qiymətə gətirirlər və bilirlər ki, yerli soğan istehsalçıları ilə qiymət rəqabətində udacaqlar. Ona görə də gətirirlər və əhali də onlardan almağa üstünlük verir. Belə bir şəraitdə aqrar siyasətinin bərbad gündə olduğunu isbat edən bir amillə qarşılaşmış oluruq. Əlbəttə, təsadüfi deyil ki, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi əl-ələ verib, iki aydan çoxdur, iş aparırlar ki, 2008-ci ildə qəbul olunmuş ekoloji, təmiz kənd təsərrüfatı haqqında qanun ləğv olunsun. Artıq bu barədə hökumətə təkliflər veriblər.

Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda Azərbaycanda təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və digər çoxsaylı məsələlər, o cümlədən, Azərbaycanın təmiz məhsullarının Avropa bazarına çıxarılması və sair kimi məsələlər önə çəkilmişdi. Nə hökumət, nə də biznes qurumları bu qanunu icra etmədilər. İndi də onu ləğv edirlər. Məgər uşağı böyüdə bilmədikdə, onu öldürərlər? Qanunun icrasını həyata keçirmək lazımdır. Çox əhəmiyyətli bir qanun idi. Mən bu misalı ona görə çəkirəm ki, ölkənin kənd təsərrüfatı siyasəti çox əcayib bir gündədir. Belə bir anormal vəziyyətdə yerli soğan istehsalçıları gələn il soğan əkməkdən imtina edəcəklər. Beləliklə, məhsul xaricdən gələcək və qiymətlər qalxacaq. Ümumiyyətlə, kənd təsərrüfatı siyasətinin çox pis vəziyyətdə olması göz önündədir və Qida Təhlükəsizliyi Agentliyi çoxsaylı səlahiyyətləri əlində cəmləmək üçün bütün təşəbbüsləri göstərir. Bütün bu aparılan işlərin tərkib hissəsidir ki, Qazaxıstan və başqa ölkələr Azərbaycana öz məhsullarını ixrac edirlər. Bu, olduqca anormal və pis bir vəziyyətdir" -deyə, mütəxəssis qeyd edib.

Qeyd edək ki, yazıda adı çəkilən qurumların mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »