Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcü futbolunda "atdığımız" qol
Gürcü futbolunda "atdığımız" qol

Sənə nefti bol verib, gürcüyə də futbol. Darılma. Hərə öz meydançasında bacardığı qədər oynayır.

Sən öz taleyinlə futbol oynama, öz meydanında özünə uduzma, neynək, futbolda uduzsan da olar.

O yaşıl meydanda o dəri topu Ekvadorlu səndən on qat daha usta qovsa da, xoşbəxtliyi hələ tuta bilməyib.

Dünən gürcünün demokratiyasına həsəd aparmışdın, maaşlarına həsəd aparmışdın, futbol nə ki?! Bu gün udub, sabah uduzar. Ya da sən də bəlkə sabah udarsan, nə bilmək olar?! Unutma: meydança düz, top yumrudur.

Adamın başına qibtə elə, ayaqlarına deyil...

Ya da imkan ver, bir az da o sənə həsəd aparsın. Bəli, gürcü futbol meydanında top atmağı bacarmış, sən... döyüş meydanında.

Sən "Qarabağ"ın uduzduğuna üzülmüşdün. Amma sən Qarabağı qazanmısan, atam! O Qarabağdan gürcüdə iki dənə var: Abxaziya və Tsxinvali regionu.

Sənin də qibtə edəcək çox şeyin var: gürcü qardaş rəqiblə futbol oynayanda, sən düşmənə Şuşada qol atırdın. Bax, Afrikalı boks rinqində səndən də yaxşı əl-qol atır, amma yad sümürgəçiləri hələ də öz kürəyindən ata bilməyib; doğma kontingenti yenə də qaragünlüdür. Odur ki, futboldakı uğursuzluğundan apatiyaya düşməyə tələsmə...

Yox, o demək deyil ki, futbolu öyrənmə, oynama. Əksinə Qarabağda top atan oğullara bax, "Qarabağ"la top atmağı ustalaşdır. Elə "Azərbaycan" yığması olaraq da...

Amma və lakin!

Kiminsə ayaqları bizə etalon deyil; nə podiumdakı qadının, nə stadiondakı kişinin. Qadın olsun, kişi olsun, fərqi yoxdur, sən birinə, illah, həsəd aparacaqsansa, başından başla, ayağından yox. Sözün hər iki mənasında başdan başla...

Öz ölkəndə ayaqlar baş olmasın, yetər.

"Kişinin başına iş gələr" kimi təsəlli ədəbiyyatına da qapılma. Hər işi baş-ayaq görəndə, kişinin başına da iş gələr, ayağına da. Dediyim kimi: başını işlət, bax, gör: uğur özü ayaqlarına gələcək.

Sən qonşunun ayağına paxıllandıqca, öz paxırını daha çox açıb-tökürsən. Diqqətini gürcünün ayağına verdikcə, özün öz başından travma alırsan. Xəbərin olsun!

Avropaya getmədiyinə üzülmürsən, Avropa çempionatına getmədiyinə üzülürsən. Səninki də işmi, qardaş?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »