Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1 hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.
AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Aksiya ilə bağlı hazırlanmış videonu aşağıdakı ekranda izləyə bilərsiniz.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti