Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bal istehsalı kəskin azalır, qiyməti artır: Tək "günahkar" hava şəraiti" deyil
Bal istehsalı kəskin azalır, qiyməti artır: Tək "günahkar" hava şəraiti" deyil

Bu il ölkədə balın qiymətinin xeyli artacağı gözlənilir. Çünki bu sahədə problemlər çoxalıb. Son bir ildə bal istehsalı kəskin azalıb. Azalma az qala 40 faizə çatır. Bu şəraitdə qiymət yüksəlməyə bilməz.

Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 30 min 802 təsərrüfatda 597 min arı ailəsindən 4 min 550 ton bal əldə edilib. 2022-ci illə müqayisədə istehsal 39 faiz azalıb. Pis odur ki, nəinki balın həcmində, hətta arı ailələrinin sayında da azalma var. Arı ailələrinin təxminən 9 faizi sıradan çıxıb.

İstehsalın azalmasında hansı amil əsas rol oynayıb? Rəsmi şəxslər səbəb kimi əlverişsiz hava şəraitini göstərirlər. Konkret nə nəzərdə tutulduğu bilinmir. Mütəxəssislər, adətən, quraqlıq olduğu halda bal əldə etməyin çətinliyindən danışırlar. Görünür, rəsmi şəxslər yağıntının az olmasını nəzərdə tuturlar. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini bilmək olmur. Son illər bir o qədər quraqlıq müşahidə edilməyib. Ölkədə illərlə qarın yağmaması nəzərə çarpırdı. Amma son illər mənzərə dəyişib.

Hər il bir arı ailəsindən 10-15 kiloqram məhsul götürmək olur. Arı ailələrinin xeyli azalması qarşıdakı illərdə də özünü göstərəcək. Düzdür, hər il belə məhsuldarlıq nümayiş etdirmək olmur. Arılar pis qidalananda məhsuldarlıq da aşağı düşür. Hətta bir arı ailəsi il ərzində cəmi 2 kiloqram məhsul da verə bilər.

Arıçılıq üzrə mütəxəssis Namiq Həsənov deyir ki, arının əlindən qidasını almaq olmaz. Yəni şirə böyük əziyyətlə toplanır. Amma arıçılar arının qida ehtiyatını tamamilə götürür. Pis qidalanan arı da aşağı məhsuldarlıq göstərir.

Namiq Həsənovun sözlərinə görə, qidasızlıq başqa problemlər də ortaya çıxarır. Məsələn, bal arılarına gənə daraşır. Mütəxəssis deyir ki, alternativ vasitə kimi şəkər şərbətindən istifadə etmək olar. Dərmanlar da çox baha sayılmır.

Bir sözlə, arıçılıqla bağlı sistemli iş görülməlidir. Bütün məsuliyyəti əlverişsiz hava şəraitinin üzərinə atmaq olmaz. Bir çox istiqamətlərdə durğunluq hökm sürür. Heç olmasa, bal qıtlığı yaranmasın. Onsuz da qiymətlər artır. Durum bir az da mürəkkəbləşməsin.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »