Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramazan ayının ilk iftarını nə ilə açmalıyıq: Xurma, su, duz, yoxsa zeytun yağı? - Hansı daha faydalıdır...
Ramazan ayının ilk iftarını nə ilə açmalıyıq: Xurma, su, duz, yoxsa zeytun yağı? - Hansı daha faydalıdır...

Bu gün maraqla gözlənilən Ramazan ayının ilk iftar süfrəsi açılacaq. İslam dünyası üçün müqəddəs əhəmiyyət kəsb edən bu ayda oruc tutanlar iftara hazırlaşmaq üçün tələsirlər. Ramazanın rəmzlərindən biri də, şübhəsiz ki, xurmadır. Xüsusilə xurma növləri iftar süfrəsindən əskik olmayan təamlardan hesab olunur. Üstəlik, İslama görə xurma ilə iftar etmək hətta savab əməl sayılır.

  • Ramazanın ilk iftar axşamında oruclu insanlar orucu necə və nə ilə açacaqlar?
  • Xurma, su, duz, yoxsa zeytun - hansı ilə iftar etmək daha faydalıdır?

Xurma, su, duz və zeytun ilə iftar etməyin sağlamlığa bir çox faydası var. Adətən, Ramazan ayında oruc tutan müsəlmanlar, diqqət etmələri lazım olan qaydaların, İslami hökmlərin nələrdən ibarət olduğunu araşdırmağa çalışırlar. Beləliklə, oruc tutarkən bəzi halları nəzərə almaq lazım gəlir. Orucun vacib şərtləri olduğu kimi, sünnə (Sünnə - ərəbcədən tərcümədə "yol" mənasına gəlir və İslam peyğəmbəri həzrəti Muhəmmədin müsəlmanlar üçün örnək təşkil edən davranışlarıdır - M.Ş) hesab olunan hallar da var. Məsələn, xurma, duz və ya zeytun ilə iftar etmək həmin sünnələrdəndir.

  • Bəs niyə xurma, zeytun və duz ilə iftar edilir? Bu nemətlərlə iftar etməyin tibbi cəhətdən nə kimi faydaları var?
  • Xurma ilə iftar etmək nə üçün müstəhəb əməl hesab edilir? Faydaları nələrdir?

Ramazanın ənənəvi ləzzəti olan və bütün süfrələri bəzəyən xurma çox faydalı qida qaynağı olmaqla yanaşı, qan şəkərinin tənzimlənməsində də çox təsirli rola malikdir. Bütün günü ac qalan bədən sisteminin sağlamlığına birdən-birə ağır yeməklə başlamaq çox zərərlidir. Məhz bu səbəbdən mədənin rahatlaşması və yumşalması üçün su və xurma ilə açılması faydalı hesab olunur. İçməli su susuzluğu yatırsa da, xurma tərkibindəki lifli quruluşu sayəsində bədənin ehtiyac duyduğu vitaminləri almasını təmin edərək, qan şəkərini tənzimləyir. Eyni zamanda xurma, orqanizmi təmizləyir və ürək sağlamlığını qoruyur. Ürək sağlamlığını qoruduğu üçün şəkər və insulin səviyyəsini saxlamaqda olduqca effektiv vasitə sayılır.

Oruc tutanlar nə üçün daha çox su ilə iftar açmağa üstünlük verirlər?

Ümumilikdə, iftar zamanı suya daha çox üstünlük verilir. Gün ərzində susuz qalan insanlar su ehtiyaclarını ödəmək üçün ilkin olaraq iftara su ilə başlayırlar. İslam peyğəmbərinin hədislərində də tövsiyə etdiyi kimi, suya təmizləyici xüsusiyyətlərinə görə üstünlük verilə bilər. Bundan əlavə, oruc tutanların gün ərzində su qəbul etmədikləri üçün onunla iftar etmələri kifayət qədər adi haldır. Orucla keçən bir günün sonunda çox yemək yeməyin qarşısını almaq üçün əvvəlcədən su içmək də faydalıdır.

Zeytunla iftar açmağın faydaları nələrdir?

Bolluq və əmin-amanlıq kimi müqəddəs dəyərlərin simvolu olan zeytun sağlamlıq üçün böyük əhəmiyyət kəsb etdiyi üçün həm iftarda, həm də sahurda ilk seçim qidasıdır. Ramazan ayı müddətində yüngül, tezdoyuran və asan həzm olunan qida kimi zeytunun sağlamlığa müsbət təsirləri olduqca çoxdur. Həmçinin, iştahaçan və tezdoyuran xüsusiyyətlərə malik olan zeytun yağı ilə iftar etmək daha insanlara daha asan toxluq hissi keçirməyə kömək edir.

Ramazan qidaları arasında yer alan zeytun yağı həzmi asanlaşdırır. Xüsusilə, qida problemi olanlar üçün uyğun miqdarda (5-6 ədəd) zeytun qəbulu bu problemi aradan qaldırmağa kömək edir. Zeytun yağının başqa bir faydası da baş ağrılarını aradan qaldırmasıdır. Zeytun bu xüsusiyyəti sayəsində Ramazan ayında uzun müddət aclıq səbəbiylə meydana gələ biləcək baş ağrılarının da qarşısını ala bilir.

Orucu duzla açmağın orqanizmə faydaları nələrdir?

Orucu duzla açmağın bir çox faydası var. Təbii ki, böyrək xəstəliyi və yüksək qan təzyiqi olan şəxslərə şamil edilmir. Orucu bir az duz ilə açmaq da sünnə hesab edilən əməllərdəndir. Rəvayət olunan hədislərə görə, həzrəti Muhəmməd yeməyə başlamazdan əvvəl bir az duz qəbul edərdi.

Yeməyə başlamazdan əvvəl az miqdarda qəbul edilmiş duz mədə fermentlərini aktivləşdirir və həzmi asanlaşdırır. Duz sayəsində tüpürcək ifrazı artır və xüsusilə karbohidratların həzmi dərhal başlayır. Hava ilə ağıza daxil olan mikroblar natrium xloridlə təmizlənir. Duzda olan natrium ionu hüceyrələri qidalandırır və maddələrin hüceyrəyə daxil olub çıxmasına kömək edir. Yeməyə ilk öncə duzla başlanılanda tüpürcək vəziləri daha çox ifraz olunur və karbohidratlar ağızda daha asan parçalanır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »