Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal şirkətlər kimi “TikTok” da tezliklə Azərbaycanda VÖEN alıb, ƏDV ödəməli olacaq
Qlobal şirkətlər kimi “TikTok” da tezliklə Azərbaycanda VÖEN alıb, ƏDV ödəməli olacaq

Dünyanın ən populyar sosial platforması sayılan “TikTok”un Azərbaycandakı istifadəçilərinin sayı 6 milyonu keçib. Hər halda, bizim ölkədən həmin şəbəkədə ən azı bu qədər qeydiyyatdan keçirilmiş hesab var. “TikTok” 2023-cü ildən Azərbaycanda vergi ödəyicisi hesab olunur. Platformanın burada rəsmi nümayəndəliyi yoxdur. Nazirlər Kabineti keçən il qərar qəbul edərək başqa böyük şirkətlər kimi “TikTok”un adını da vergi ödəyiciləri siyahısına əlavə etdi.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda qanunvericilik bütün sosial platformaların vergi məsuliyyətini üzərinə götürməli olduğunu deyir. Yəni gəlir varsa, vergi ödənməlidir. Sosial şəbəkələr Dövlət Vergi Xidmətinin rəqəmsal platformasında vergi uçotuna dayanmalıdır. VÖEN alınmalıdır, “Google vergisi” kimi adlandırılan ƏDV ödənməlidir. “TikTok” yavaş-yavaş bu prosesə cəlb olunur.

Hələ Davosda İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial platforma rəsmiləri ilə görüşü baş tutmuşdu. Keçən həftə “TikTok” nümayəndələri nazirliyə təşrif buyurublar. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkə hesabında bu barədə məlumat verib. Dövlət Vergi Xidmətinin də görüşdə təmsil olunduğu güman edilir.

Heç şübhə yoxdur ki, başqa qlobal şirkətlər kimi “TikTok” da gəlir vergisi ödəməyə məcbur ediləcək. Bu istiqamətdə hökuməti qınamaq olmaz. Amma sosial şəbəkənin Azərbaycan seqmentini təmsil edən istifadəçiləri də zərbə gözləsinlər. Böyük ehtimalla tezliklə onlar qazancın bir hissəsini hökumətlə bölüşməli olacaqlar.

Əlbəttə, “TikTok”da maraqlı kontentlər çox deyil. Xüsusilə bizim ölkədəki istifadəçilərin nəzərəçarpan hissəsi etik çərçivələri gözləmədən burada özünü ifadə etməyə çalışır. Ölkədə məhz buna görə “TikTok”un bağlanmasını istəyənlər az deyil.

Digər tərəfdən işə yaradıcı yanaşanları da unutmaq olmaz. Məsələn, “TikTok” sayəsində kitablarını və rəsm əsərlərini satanlar var. Gündəlik həyatda bu şəxslər üçün qazanc əldə etmək heç də asan deyil. “TikTok” əhalinin daha böyük hissəsinə çatdığından yaradıcı şəxslər buranı özünü ifadə yeri, eyni zamanda müəyyən gəlir məkanı kimi görür. Qanunvericilikdə gözlənilən dəyişikliklər o adamların çörəyinə şərik durmağa zəmin yaradacaq.

Ümumiyyətlə, ölkədə qanunlarda dəyişiklik, adətən, insanların həyatını asanlaşdırmır. Əksinə, onların qazanc imkanları bir az da məhdudlaşır. Xüsusilə, sosial platformalara kreativ yanaşanlara münbit şərait olmalıdır. Onsuz da bu ölkədə özünü ifadə etmək asan başa gəlmir. Getdikcə bütün nəfəslikləri bağlamaq olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »