Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin paytaxta köçməsinin daha bir təsdiqi: əhalinin xərclərinin 60 faizi Bakının payına düşür
Ölkənin paytaxta köçməsinin daha bir təsdiqi: əhalinin xərclərinin 60 faizi Bakının payına düşür

Bakı Şəhər Statistika İdarəsi iddia edir ki, paytaxt əhalisinin sayı 2,5 milyon nəfərə çatmır. Qeyri-rəsmi mənbələr sayın çoxdan 5 milyon nəfəri keçdiyini bildirir. İqtisadçılar hələ 2020-ci ildə elektrik enerjisinin istehlakı, sayğacların sayına görə maraqlı rəqəmlər ortaya qoymuşdular. Onda 4-4,5 milyon nəfərin paytaxt və Abşeron yarımadasında elektrik enerjisindən istifadə etməsi qənaətinə gəlmişdilər. Yeni açıqlanan rəqəmlər iddianı gücləndirməyə ciddi arqumentlər verir. Böyük ehtimalla, ölkə əhalisinin yarıdan çoxdu paytaxtda və ətraf yaşayış məntəqələrində yaşayır.

Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub. Xərclərin 60 faizi Bakının payına düşüb. Təkcə dekabrda Bakıda istehlakçılar 6 milyarda yaxın pərakəndə ticarətə pul xərcləyiblər. Başqa sözlə, paytaxt əhalisi ilin sonuna qədər daha çox pul xərcləməyə başlayıb. Ya da əhalinin sayının artması özünü göstərib.

2023-cü ildə ictimai iaşə dövriyyəsinin 56 faizi də Bakı sakinlərinin payına düşüb. Avtomobillərlə bağlı statistika da ümumi mənzərəni korlamır. Ölkədə minik maşınlarının sayı 1,8 milyon civarındadır. Avtomobillərin 1,1 milyondan çoxu hər gün paytaxt küçələrində şütüyür. Yəni 60 faizdən çox göstəricidən danışılır.

Bu günlərdə dünyanın ayrı-ayrı ölkələrində əhalinin hər 1000 nəfərinə düşən avtomobil sayı ilə bağlı statistika açıqlanıb. Avropada Polşa liderdir. Bu ölkədə hər 1000 nəfərə 761 avtomobil düşür. Azərbaycanda sayın 180 civarında olduğu məlumdur.

Göründüyü kimi, say heç də böyük deyil. Sadəcə, ölkəni paytaxta köçürüblər. Az-çox perspektiv Bakıda nəzərə çarpır. İnsanları paytaxta can atmasına görə qınamaq olmur. Bölgələrdə iqtisadi vəziyyət çox ağırdır. Özəl sektor kənarlarda yer "tuta bilmir". İnsanlar bölgələrdə daha çox dövlət sektorunda cüzi maaşla kifayətlənməli olur.

Kəndlər sürətlə boşalır. Ayağı yer tutan Bakıya üz tutur. Real "mənzərə" nə qədər gizlədilməyə çalışda, rəqəmlər gerçəkliyi ortaya qoyur. Ölkə, təkcə paytaxtdan ibarət olmağa başlayıb. Qətiyyən belə olmamalıdır. Ölkənin hər tərəfi yaşanmalı yerə çevrilməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »