Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşq zamanı döyülüb öldürülən 7 yaşlı uşaqla bağlı məhkəmə istintaqı yekunlaşdı: prokuror məşqçiyə 20 il cəza istədi
Məşq zamanı döyülüb öldürülən 7 yaşlı uşaqla bağlı məhkəmə istintaqı yekunlaşdı: prokuror məşqçiyə 20 il cəza istədi

Sumqayıtdakı məktəblərdən birinin idman zalında sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçinin 7 yaşlı tələbəsini döyüb öldürməsilə bağlı yarım ilə yaxındır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində fevralın 15-də keçirilən məhkəmə iclasında məhkəmə istintaqının başa çatdığı elan edilib. Bundan sonra çıxışlar mərhələsi başlayıb.

Bizimyol.info xəbər verir ki, prokuror çıxışında 7 yaşlı Fərid Bakarovu öldürməkdə ittiham olunan məşqçi Mehman Xəlilovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.

30 yaşlı Mehman Xəlilovun vəkili müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesinə sədrlik edən hakim Fəhmin Hümbətov hazırlaşmaq üçün martın 14-nə qədər vaxt verib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları qapalı keçirildi. Məhkəmənin qapalı keçirilməsini uşağın anası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Aynurə Məlikova istəmişdi.

Təqsirləndirilən Mehman Xəlilov özü də, vəkili də məhkəmənin açıq keçirilməsini istəyirdilər. Amma onlar qapalı keçirilmə məsələsi müzakirə olunanda buna da etiraz eləmədilər.

“Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi hadisədən sonra idman zalından yayılan videolardır. O videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Amma işdə fərqli hallar var. Bu ağır hadisədir, acını başa düşürəm. Amma işin də obyektiv, hərtərəfli araşdırılması lazımdır. Bizdə cəmiyyətin həqiqəti bilməsini istəyirik”, - vəkil məhkəmədə belə demişdi.

Aynurə Məlikova isə məhkəmənin qapalı keçirilməsi haqda tələbini əsaslandırarkən bildirmişdi ki, təqsirləndirilən Mehman Xəlilovla aralarında olanların başqalarına aidiyyəti yoxdur: “Aramızda nə olubsa, özümüz bilərik...”

Hakimlər də cinayət işində təqsirləndirilən Mehman Xəlilovla uşağın anası arasındakı münasibətlərə, onların şəxsi həyatına aid yazışmaların, bir sıra başqa məsələlərin olduğunu əsas gətirərək, məhkəmə istintaqının qapalı keçirilməsinə qərar verdi.

Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham olunur.

Lakin o, ittihamlara münasibət bildirərkən deyib ki, qəsdən adam öldürməkdə özünü təqsirli bilmir. O bildirib ki, hadisə qəsdən yox, ehtiyatsızlıqdan baş verib. Onun sözlərinə görə, uşağa ziyan vermək niyyəti olmayıb. Sadəcə, sərt formada məşq elətdirib və nəticədə bu faciə baş verib.

Aynurə Məlikova istintaqa ifadəsində məşqçinin ondan qisas almaq üçün uşağı öldürdüyünü iddia edib. Çünki onların münasibəti olub, sonradan ayrılıblar.

Mehman Xəlilov isə Aynurə Məlikovanın bu iddiasının yalan olduğunu bildirib.

Aprelin 29-da hadisə hadisə baş verərkən Aynurə Məlikova özü də orada olub.

2016-cı il təvəllüdlü Fərid Bakarovun məşqdən sonra vəziyyəti pisləşib. O, ağır xəsarətlərlə Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »