Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan reallığında minimum əməkhaqqı simvolik yox, həm də ortalama bir göstəricini əks etdirir"
"Azərbaycan reallığında minimum əməkhaqqı simvolik yox, həm də ortalama bir göstəricini əks etdirir"

"2003-cü ildə bizim minimum əməkhaqqı, bəlkə də çoxlarının yadında deyil, 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək". Bu sözləri prezident İlham Əliyev öz çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, bu ilin yanvar ayının nəticələri ümidvericidir.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün ölkədə rəsmi əmək müqaviləsi ilə çalışanların demək olar yarısı bu məbləğdə maaş alır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan reallığında minimum əməkhaqqı simvolik yox, həm də ortalama bir göstəricini əks etdirir. Başqa sözlə, minimum əməkhaqqı bu baxımdan bir işçinin ailəsi ilə birgə yaşaya biləcəyi “ailə gəliri” kimi də qiymətləndirilə bilər. Lakin, praktiki vəziyyət bu hipotezə nə qədər adekvatdır, bunu söyləmək bir qədər çətindir. Əvvəla ona görə ki, bu gün milli gəlirdə əmək gəlirlərinin payı 20 faiz civarındadır, baxmayaraq ki 2020-ci ildə bu səviyyə 30 faizə çatmışdı.

Pünhan Musayev Pünhan Musayev

İqtisadçının fikrincə, artımlar adətən daxili şərtlər (məsələn, inflyasiyanın yüksək olması) ilə əsaslandırılsa da, statistikaya baxdıqda müşahidə etmək olur ki, xarici konyukturdakı vəziyyət də diqqətədən kənar qalmır. Məsələn, artımların qeydə alındığı illər, diqqət yetirsək, dünya bazarlarında neft qiymətlərinin də optimal olduğu situasiyaya təsadüf edir. Hansı ki, böhran şəraiti ilə xarakterizə olunan 2009, 2015, 2016 və 2020-ci illərdə artım müşahidə olunmamışdır. Bunu da şərtləndirən amil, əlbəttə ki, ölkə iqtisadiyyatı üçün neft amilinin xüsusi əhəmiyyətə malik olması faktıdır. Yəni, uzun illər iqtisadiyyatda əlavə dəyərin yaranması, valyuta-büdcə gəlirlərinin təşkili və pul dövriyyəsi baxımından neft amili ciddi təsirə malik olduğundan əməyin qiyməti kimi əhəmiyyətli indikatora da təsirsiz ötüşməmişdir.

“Beləliklə, əməyin milli gəlirdəki çəkisini artırmaq və əlavə dəyərin bölgüsünü daha proporsional həyata keçirmək kimi iqtisadi və sosial cəhətləri nəzərə alaraq minimum əməkhaqqı məbləğinə yenidən baxılması bir növ zəruri ehtiyaca çevrilir desək, yanılmarıq”-deyə Pünhan Musayev əlavə edib.

İqtisadçı hesab edir ki, hər addımda da kor-təbii formada minimum əməkhaqqı artımı tezisini müdafiə etmək də qəlizdir. Məsələ təkcə ondan ibarət deyil ki, bu artımlar məşğulluq üçün əks-stimul effekti, yaxud da inflyasiya dalğası yarada bilər. Bunlar bir qədər “çiy” arqumentlərə bənzəyir. Texniki olsa da digər əsas məqam ondan ibarətdir ki Azərbaycanda hazırda ayrı-ayrı fərdi peşə sahiblərinin sosial ödənişləri məhz minimum əməkhaqqının artım tempinə indeksləşdirilib. Yəni, minimum əməkhaqqının artması mexanizm sayəsində bəzi peşə sahibləri və sahibkarların ödənişlərinin də artmasına səbəb olur.

“Belə ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə sığorta ödənişləri minimum aylıq əməkhaqqının tikinti sahəsində 50, digər sahələrdə isə 25 faizi miqdarında olmaqla, Bakı şəhərində 100, Sumqayıt və Gəncə şəhərlərində 90, digər şəhərlərdə 80, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələrdə 60, kənd yerlərində isə 50 faizi miqdarında müəyyən olunmuşdur. Hansı ki, 2023-cü ilin əvvəlində qərara alınan minimum əməkhaqqı artımı, məsələn, Bakı şəhərində tikintidənkənar sahələrdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ödədiyi sığorta ödənişinin məbləğini 75 manatdan 86.25 manata yüksəltmişdir. Bu baxımdan, praktiki addımlar çərçivəsində bu formulun aradan qaldırılıb, alternativ qismində sahibkarı dövriyyəyə görə ödənişə cəlb etməyə, yaxud eləcə də daha yüksək gəlir imkanlarına malik olanlarla nisbətdə əməkhaqqının bu səviyyəsində çalışanların eyni dərəcədə gəlir vergisinə cəlb edilməsinə də yenidən baxmaqla bu istiqamətdə müvafiq addımlar atmaq mümkün variantlar qismində dəyərləndirilə bilər”-deyə Pünhan Musayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »