Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident seçkilərində iştirak edib ölkəmizin inkişafına, sabitliyinə və təhlükəsizliyinə səs verməliyik”
"Prezident seçkilərində iştirak edib ölkəmizin inkişafına, sabitliyinə və təhlükəsizliyinə səs verməliyik”

Ölkəmiz tarixinin növbəti mərhələsinə qədəm qoyur. Xalq və dövlət olaraq gələcək müqəddaratımızın müəyyən olunması üçün seçkilərinə gedirik. Prezident seçkiləri ölkənin gələcəyinin müəyyən olunması üçün ən mühüm seçimdir. Bu seçkiləri vacib və önəmli edən məqamlardan biri də müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimiz təmin olunmasıdır. 2020-ci ildə 44 günlük müharibə və keçən ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı ilə dövlət və xalq olaraq qarşımıza qoyduğumuz böyük məqsədə çatdıq. Bununla da təməli Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən 30 illik siyasət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə gözlənilən nəticəni göstərdi.

“Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, keçən əsrin 80-ci illərin sonunda bizim üçün yaradılan “Dağlıq Qarabağ” probleminin həlli ölkəmizdə keçirilən bütün tədbirlərin, o cümlədən seçkilərin əsas vasitəsi idi. Müstəqillik dövrümüzdə seçkilər natamam şəkildə, yəni dövlət suverenliyimiz pozulmuş halda keçirilirdi. Ona görə seçkilərdə əsas təbliğat “işğala son qoyulacaq, torpaqlarımız azad ediləcək” şüarı üzərində qurulurdu. Eyni zamanda, dövlətin həyata keçirdiyi siyasi, iqtisadi, hərbi və mədəni tədbirlərin də arxasında işğal probleminin aradan qaldırılması planı dururdu. Yəni “Əsrin Müqaviləsi”, “Bakı-Tiblisi-Ceyhan”, “Bakı-Tiblisi-Qars”, TAP və TANAP kimi beynəlxalq iqtisadi layihələrinin, “Avroviziya” mahnı müsahibəsi, “Avropa” idman oyunları, “İslam həmrəyliyi” oyunları, “Formula-1” kimi mədəni və idman tədbirlərinin həyata keçirilməsində məqsəd dövlətin gücləndirilməsi, inkişaf etdirilməsi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin dünyaya tanıdılması, müsbət imicinin formalaşdırılması, sivil, intelektli, multikultural və çoxmillətli cəmiyyət, müasir dövlət olmağımız təqdim olunması görünsə də, əsas niyyət “işğala son qoymaq, xalqı və dövləti qalibiyyətə, zəfərə çatdırmaq idi. Xarici siyasətdə erməni lobbisinin güclü təsirə malik olduğu dövlətlərlə və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi, ölkəmizin xeyrinə müsbət düşüncə formalaşdırılır, əks təsirin azaldılması üçün əlaqələr qurulub, alternativ beynəlxalq qurumlar öyrənilməklə ölkəmizin təsir imkanlarının artırılması üçün tədbirlər görülürdü.

Yalçın Hacızadə Yalçın Hacızadə

“Bunlardan ən bariz nümunə Qoşulmama Hərəkatı ilə bağlıdır. Qoşulmama Hərəkatına 120 üzv dövlət, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat var. Hərəkata qoşulma səbəblərindən biri də təşkila üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxarıla biləcək haqsız qərarların qarşısını almaq, beynəlxalq məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etməkdir. Bunun faydalarını biz 2020-ci ildə 44 günlük müharibənin gedişində və ondan sonrakı proseslərdə gördük”-deyən Yalçın Hacızadə əlavə edib ki, Azərbaycanı zəfərə çox şaxəli yol apardı. Biz 1991-ci ildə müstəqil ola bilsək də, ərazi bütövlüyümüz və suverenliyimiz itirdik. 1993-cü ildə əsası Heydər Əliyev tərəfindən qoyulan “uzaqgörən və məqsədyönlü” siyasət 2023-cü ildə zəfərlə nəticələndi. İndi regionumuzda yeni reallıqlar və imkanlar yaranıb. Bunun üçün yeni prinsiplərə əsaslanan ideologiya və dövlət siyasəti həyata keçirilməlidir. Eyni zamanda, xalqın arzusu və hüququdur ki, suveren ölkəsində seçkilər keçirərək, əldə olunanların qorunması və daha da inkişaf etdirilməsi üçün özünə rəhbər seçsin. Yəni 7 fevral Prezident seçkiləri ictimai və dövlət marağından irəli gəlir.

“Seçkilər xalqın iradəsini bilavasitə ən yüksək səviyyədə bildirməsidir. Həmçinin, milli maraqlar ətrafında xalqın iradəsinin birləşməsində seçkilərin rolu böyükdür. Ümumi hüquq münasibətləri içərisində seçkilər xüsusi yer tutaraq hakimiyyətin formalaşmasında, demokratiyanın təmin edilməsində və dövlətin idarə olunmasına xalqın cəlb edilməsi vasitəsi kimi çıxış edir. Yəni dövlət hakimiyyətinin yalnız xalqın iradəsi əsasında təşkil edilməsi və fəaliyyət göstərməsi cəmiyyətdə siyasi sabitliyə təminat verir, ictimaiyyətdə milli özünüdərketmə hissələrini inkişaf etdirir.

Azərbaycan Respublikası vətəndaşlarının hakimiyyətin formalaşmasında, dövlətin idarə olunmasında iştirak etmək üçün seçmək və seçilmək hüququ var. Bu həm ölkə Konstitusiyası ilə həm də dövlətimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla təsbit olunub. Ona görə seçkidə iştirak etmək hüququ olan hər bir vətəndaşımız 7 fevralda keçiriləcək Prezident seçkilərində iştirak edərək, ölkəmizin gələcək inkişafına, qüdrətlənməsinə, sabitliyinə və təhlükəsizliyinə səs verməlidir”-deyən Yalçın Hacızadə hesab edir ki, xalqımız dövlətimiz üçün bu kriteriyaları təmin edən şəxsiyyətin, siyasi liderin kim olduğunu bilir. O, bildirib ki, “QALİB XALQIN, QALİB LİDERİ”ni seçmək üçün 7 fevral Prezident seçkilərində iştirak etmək hər birimiz üçün həm də mənəvi borcudur.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Son xəbərlər
Bütün xəbərlər »