Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətəndaşın maliyyə sisteminə inamı, pensiya fondu sisteminin cəlbediciliyi və təşviqediciliyinə təsir edir"
"Vətəndaşın maliyyə sisteminə inamı, pensiya fondu sisteminin cəlbediciliyi və təşviqediciliyinə təsir edir"

Özəl pensiya fondları dünyanın bir çox ölkələrində var. Amerikada 220-dən çox özəl pensiya fondu var. Azərbaycanda da özəl pensiya fondları yaradılır. Belə ki, artıq özəl pensiya fondlarının yaradılması ilə bağlı normativ sənədlər yekunlaşıb. Özəl pensiya fondlarının bir çox üstünlükləri var.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, özəl pensiya fondları Qərb təcrübəsindən irəli gələn praktikadır. Bununla belə, mövcud situasiyada Azərbaycan üçün də qiymətləndirilməsinə zərurətlər var. Belə ki, milli iqtisadiyyatın ortamüddətli inkişaf konturlarını əks etdirən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”ndakı hədəflərdən biri də məhz özəl pensiya mühitinin formalaşdırılmasıdır. Yəni, məsələ çağırışlara da adekvatdır. Eyni zamanda bundan öncə DSMF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi imkanın da yaradılması, post-neft dövrü maliyyə resurslarından səmərəli istifadə olunmaya dair ciddi tələb və istəyin olduğunu göstərir. Digər vacib məqam ondan ibarətdir ki, mövcud pensiya sistemi könüllü yığımları stimullaşdırmaq iqtidarında deyil.

Pünhan Musayev Pünhan Musayev

“Baxmayaraq ki, 2017-ci ildən etibarən pensiya məbləğinin dövlət vəsaitləri hesabına maliyyələşdirilməsini məhdudlaşdırmaqla, vətəndaşların fərdi yığımları hesabına formalaşdırılmasını nəzərdə tutan mexanizm işə düşüb, lakin bu dövrdə könüllü sığorta yığımları sistemi faktiki olaraq inkişaf etməyib. Pensiya hüququ əldə etmək üçün toplanan vəsaitlər isə 20% dövlət büdcəsi transfertləri, 80% məcburi sosial sığorta ödənişlərindən təşkil olunur. Yığım hesabının qeyri-işlək durumu həm də varislik prinsipinin də praktiki tətbiqinə şərait yaratmamaqla, pensiya sisteminin cəlbedicilik və təşviqediciliyini aşağı salır. Bu baxımdan, özəl fondlar praktikasından istifadə pensiya sisteminə yenilik gətirməklə, eləcə də iqtisadi inkişafın aparıcı "driver"i olan yığım qabiliyyəti üçün də geniş imkanlar yaratmaq potensialına malikdir”-deyə Pünhan Musayev vurğulayıb.

İqtisadçının sözlərinə görə, analoji mexanizm müəyyən xüsusiyyətləri ilə bir qədər həssaslıq da tələb etməkdədir. Çünki bu, ilk növbədə cəmiyyətin maliyyə sisteminə inamından irəli gələn məsələdir. Devalivasiyadan sonra isə bu sahədə fərqli axın müşahidə olunur. Belə ki, son səkkiz ildə ölkənin bank sektorunda 22, 2020-ci ildən bəri 7 kommersiya bankı fəaliyyətini dayandırıb. Bu da insanların maliyyə sisteminə olan inamına ciddi təsir göstərən önəmli məqamdır. Hansı ki, bu illər ərzində cəmi depozit bazasının strukturunda qısamüddətli depozitlərin uzunmüddətli depozitləri ötüb-keçməsi də bu istiqamətdə kəskin dəyişikliyin baş verdiyini göstərir.

İqtisadçının fikrincə, belə vəziyyətdə iqtisadiyyatda müşahidə olunan ixtiyari bir geriləmə və ya risk hadisəsi ümumi sektora təzahür etməklə, bütövlükdə pensiya sistemini təhlükə altına ata bilər. Məhz bu kimi vacib nüansları nəzərə alıb, təşkilatçılıq məsələlərində peşəkar fond menecerliyinin inkişafını da diqqətdə saxlamağa böyük ehtiyac vardır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »