Həmin hadisələrdən biri bu yaxınlarda doqquz il həbs həyatı yaşadıqdan sonra bəraət verilərək, azadlığa buraxılan Aydın Qəhrəmanovun başına gəlib. Belə ki, adıçəkilən şəxs 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürmə ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Nə az, nə çox - düz 9 ildən sonra Bakı Apellyasiya Məhkəməsi Aydın Qəhrəmanovun günahsız olduğunu elan edib. Bundan sonra "zərərçəkən" məhkum bəraət alaraq azadlığa çıxıb. Qərarla bağlı prokuror etirazını bildirsə də, məhkəmə bu etirazı əsaslı hesab etməyib.
Aydın Qəhrəmanov indi günahsız olduğu halda həbsdə keçirdiyi doqquz ilin təzminatını tələb edir. O, bu illər ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyir. Belə ki, Qəhrəmanov indi bir milyon manat təzminat tələb edir. Bu təzminatın ödənilməsi üçün hansı hüquqi prosedurlar gərəklidir? Ümumiyyətlə, yanlış, qərəzli məhkəmə qərarı ucbatından günahsız yerə illəri həbsdə keçən şəxslər uzun müddətdən sonra bəraət alsalar, onlar ilk öncə hara müraciət etməlidirlər?
Mövzu ilə əlaqədar hüquqşünas Zaur Seyidzadə Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
"İstənilən şəxs həbs olunduqdan bir müddət sonra bəraət alırsa, yaxud məhkəmə prosesi başa çatmadan ilkin məhkəmə prosesində bəraət alıbsa, həbs olunduğu günə görə təzminat alma hüququ var. Hətta vətəndaş bununla bağlı Avropa Məhkəməsinə də müraciət edə bilər. Belə olduğu halda, Azərbaycan dövləti həmin şəxsə təzminat ödəməlidir.
Onu da qeyd etmək lazımdır ki, şəxsin Avropa Məhkəməsinə müraciət etməsi üçün Azərbaycan Ali Məhkəməsi həmin şəxsin bəraət alması barədə sonuncu instansiya kimi qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs Avropa Məhkəməsinə müraciət edib, təzminat ala bilər. Təzminatda maddi məsələlərlə yanaşı, şəxsə dəymiş mənəvi ziyan da hesablanıb, maddi ölçüdə ödənə bilər" - hüquqşünas bildirib.
Mətin Şükürlü, Bizimyol.info