Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkəmizdəki seçki prosesinə xaricdəki kimi kiber hücum gözlənilməsə də, tədbir almaq faydalı olar"
"Ölkəmizdəki seçki prosesinə xaricdəki kimi kiber hücum gözlənilməsə də, tədbir almaq faydalı olar"

Tarixdə zaman-zaman müxtəlif ölkələrdə seçkilərə müdaxilə halları müşahidə edilib. İlk belə hadisə 1976-cı ildə baş verib. O zamanlar hədəf Amerika Birləşmiş Ştatları idi. Fransızlar nəyin bahasına olursa olsun, Con Adamsın ABŞ prezidenti olmasına mane olmaq istəyirdilər. Fransızlar çox qorxurdular ki, hakimiyyətə gəldikdən sonra Adams Fransa əleyhinə siyasət yeridəcək. Bir müddət sonra Fransanın ABŞ-dakı səfiri Adams hakimiyyətə gəlsə, iki ölkənin düşmən olacağına dair məktub dərc etdi. Amma bu işə yaramadı və Adams seçkidə qalib gəldi. Həmin dövrdən bəri xarici hökumətlər başqalarının seçkilərinə müdaxilə etmək təcrübəsinə malik olublar və bunda çox uğurlu olublar.

Məsələn; 1946-cı ildən 2000-ci ilə qədər ABŞ və Sovet İttifaqı (və ya Rusiya) dünyada keçirilən hər doqquzuncu seçkiyə müdaxilə edib. Karnegi Mellon Universitetinin Siyasət və Strategiya İnstitutunun əməkdaşı Dov Levin araşdırmalarında İtaliyada, Yaponiyada, Qərbi Almaniyada, Braziliyada, Kosta-Rikada və s. seçkilərə bu və ya digər şəkildə müdaxilə edildiyini dilə gətirir. Dov Levin 1948-ci il İtaliya seçkilərindən danışarkən qeyd edib ki, ölkə iqtisadiyyatına ciddi zərbə vuran İkinci Dünya Müharibəsindən sonra çoxları İtaliya Kommunist Partiyasının seçkilərdə qalib gəlmək şansının yüksək olduğuna inanırdı. Partiya liderləri kömək üçün Moskvaya gedir.

Moskvada onlara pul verilir. Levin deyirdi ki, həmin dövrdə amerikalılar İtaliyada kommunistlərin qələbəsini istəmirdi. Amma İtaliyaya da yardım edir, oraya ərzaqla dolu gəmilər göndərir, hər dəfə “görün, sizə necə kömək edirik” şüarı ilə mətbuat konfransları təşkil edirdilər. Nəticədə İtaliya seçiciləri seçkilərdə kommunistləri dəstəkləmədilər. Amerikalılar dəyərli müttəfiq əldə etdilər və eyni zamanda başqalarının seçkilərinin təşkilində dəyərli təcrübə qazandılar.

Azərbaycanda növbədən kənar prezident seçkiləri keçiriləcək. Etiraf edək ki, Azərbaycanın düşməni dostundan çoxdur. Və Azərbaycanda da seçkilərə xarici qüvvələrin müdaxiləsi qaçınılmazdır. Amma Azərbaycanın daxili siyasətinə heç kim qarışa bilməz. Edə biləcəkləri ancaq kiber hücumlar ola bilər. Bəs bu hücumlar necə nəticə verə bilər? Ümumiyyətlə, xarici qüvvələrin seçkilərə kiber hücumları real ola bilərmi?

İKT mütəxəssisi Taleh Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan müasir texnologiyanın istifadəsinə görə, həqiqətən bir çox ölkələrdən irəlidədir.

“Təsəvvür edin ki, kiber təhlükəszilik üçün istifadə etdiyimiz fiziki və virtual "tool"ların 90 faizi Amerika və Avropa ölkələrinin istehsalı olsa da, bizim ölkədəki İKT sahəsindəki kadrlar o "tool"lardan daha səmərəli istifadə edə bilir. Burada bir neçə nüans var. Misal üçün götürək “firewall” təhlükəsizlik virtual və fiziki avadanlıqlarını. Məsələn, Kanadada bir şirkət və qurum 100 min dollar xərcləyərək, bu "tool"u öz sisteminə inteqrasiya edir və 10-15 il lazımi təhlükəsizlik göstəricilərinə cavab verənə qədər istifadə edir. O dövrdə yeni çıxan versiyaları təkmilləşdirsə də, məcbur qalmadıqca başqa alternativlərə keçid etmir. Çünki böyük sərmayə qoyub. Eyni zamanda xalqdan müasir texnologiya istəyi gəlməlidir. İşləyirsə və etiraz yoxdursa, “heç nə etmə” məntiqi ilə çalışırlar. Sərmayənin 30 faizi avadanlığın alınması üçün xərclənir. 70 faiz inteqrasiya üçün işçilərinə və ya əməkdaşlıq etdiyi şirkətə xidmət haqqı olaraq ödəyir”-deyən Taleh Nəsirlinin fikrincə, burada qırılma nöqtəsi odur ki, Azərbaycanda xidməthaqqı çox ucuzdur və İKT sahəsində çox güclü kadrlar var. Yəni eyni işi daha ucuz, daha tez və daha mükəmməl səviyyədə 70 faizə yox, 10-20 faizə etmək mümkündür.

"Biz bir neçə ildən bir şahid oluruq ki, Azərbaycanda yeni çıxan təhlükəsizlik sistemlərinə, eləcə də, yeni funksionallıqları olan sistemlərə inteqrasiya səviyyəsi çox yüksək olur. Misal olaraq, ictimai nəqliyyatda bank kartları ilə gediş haqqının ödənilməsi funksionallığının tətbiq edilməsini göstərmək olar. Bəlkə də, inanılmaz səslənsə də, İKT infrastrukturu eləcə də, kiber təhlükəsizlik Azərbaycanda kifayət qədər güclüdür. Dövlət strukturları və böyük özəl şirkətlər istifadə etdikləri təhlükəsizlik "tool"ları təhlükəsizlik konfiqurasiya standartlarına cavab vermək məcburiyyətindədir. Əks halda, avadanlıq sahibi şirkət məsuliyyəti öz üzərindən atacaq və dəstəyi kəsəcək. Sertifikatlaşdırma, kriptoqrafik şifrələnmə və idarə və ya şirkətdaxili işçilərin virtual, eyni zamanda fiziki hüquqlarının təyin olunması bir çox kiber hücumu mümkünsüz qılacaq"- deyən mütəxəssis hesab edir ki, "Risk Management" çərçivəsindən baxsaq, zərərlərin optimallaşdırılması nöqteyi-nəzərindən təbii ki, kod və təhlükəsizlik standartlarına əməl olunmayan sistemlərin hücum nəticəsində dağıdılması halları, qısa müddətli internet əlaqə və ya şəbəkə problemləri ola bilər.

Taleh Nəsirli qeyd edib ki, bunlar çox böyük olmayan risk qruplarına aiddir. Ancaq məlumatın oğurlanması və ya dəyişdirilməsi həqiqətən böyük risk qrupu kateqoriyasındadır və həqiqətən ciddi problemdir.

“Sonda qeyd edim ki, “hack” olunması mümkün olmayan sistem yoxdur. Sadəcə Azərbaycandakı kimi güclü təhlükəsizlik strukturu olan sistemləri “hack” etmək üçün güclü komanda işi, maddi dəstək və vaxt tələb olunur. Əgər belə bir hadisə baş verərsə, bu "fəaliyyət" də sıradan "hacker"lər tərəfindən icra edilən bir "attack" olmayacağına əmin ola bilərsiniz.

Mən ehtimal etmirəm ki, bu qısa dönəmdə virtual şəkildə seçkilərə kənardan hər hansı müdaxilə mümkün olsun. Hər bir halda, bu həssas dönəmdə risklər dəyərləndirilməli və boşluq olan sistemlərdə boşluqların doldurulması, eyni zamanda mövcud sistemlərdə təhlükəsizlik sistemlərinin daha da gücləndirməsi lazım olacaq”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »