Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Strateji barış və növbədənkənar yarış
Strateji barış və növbədənkənar yarış

Dünən axşam Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistan baş nazirinin aparatı birgə bəyanat yaydı.

Həmin bəyanatda iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını, qarşılıqlı etimadın artırılmasını və normallaşmaya dair başqa xoş niyyətləri nəzərdə tutan müddəalar əks olunub.

Xoş məramın ilkin ifadəsi kimi Azərbaycan 32 erməni hərbi əsiri, Ermənistan isə 2 Azərbaycanlı hərbi əsiri azad edib.

Bu sənəd hər iki ölkənin cəmiyyətlərində müsbət qarşılandı. Bəs beynəlxalq birlik bu bəyanata, orda ifadə olunan niyyətlərə necə yanaşdı?

Qardaş Türkiyə Cümhuriyyəti "iki ölkə arasında etimadı möhkəmləndirən" konkret addımları dəstəklədiyini bildirib.

İtaliya deyib: "Azərbaycanın və Ermənistanın birgə açıqlaması çoxdan gözlənilən sülhə doğru atılan cəsarətli addımdır".

Avropa Şurasının hazırda Bakıda səfərdə olan baş katibi Mariya Peyçinoviç-Buriç deyib: “Düzgün istiqamətdə müsbət addımdır”

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib: “Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə əhəmiyyətli bir irəliləyiş əldə etməkdən məmnunam. Məhkumların sərbəst buraxılmasını, xüsusən də siyasi dialoqun misli görünməmiş irəliləyişini alqışlayıram.

Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşməsi Aİ-nin himayəsi altında Brüsseldəki prosesin əsas məqsədi idi: bugünkü tərəqqi vacib bir addımdır. İndi liderləri Ermənistan və Azərbaycan arasındakı sülh sazişini ən qısa müddətdə başa çatdırmağa çağırıram”.

Almaniya Federal hökumətinin sözçüsü Steffen Hebestreit deyib: “Almaniya Ermənistanı və Azərbaycanı cəsarətli addımlar atması və etimadın yaradılması münasibətilə təbrik edir. Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında gələcək normallaşma prosesini dəstəkləməyə hazırıq”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borel deyib: “Avropa İttifaqı Ermənistanla Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə bəyanatını alqışlayır”.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib: “... bu, tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməyə sadiq qalırıq".

Avropa İttifaqı Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheyli deyib: “...regionda sülhə və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram”.

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina deyib: “Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”

...Və sair və ilaxır.

Göründüyü kimi, beynəlxalq birlik Azərbaycanın sülh təşəbbüslərinin, bu istiqamətdə davamlı çalışmalarının nəticəsi olaraq meydana gəlmiş bu sənədi və orada ifadə olunan niyyətləri birmənalı alqışlayır və dəstəkləyir.

Postmüharibə dövründə, hətta müharibədən əvvəl də uzun zaman prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan və Ermənistan öz aralarında birbaşa dialoq yolu ilə problemləri həll edə bilərlər. Azərbaycanın müharibədə tarixi qələbəsindən sonra bu formatda görüşlər, müzakirələr, qarşılıqlı etimad və sülh üçün daha geniş fürsət və imkanlar yarandı. Çünki zərurət var. Azərbaycan müharibədən dərhal sonra Ermənistana öz sülh təkliflərini göndərib. Bu günə qədər irəliləyişin olmaması Azərbaycanın iradəsinin xaricində gedən proseslərlə bağlıdır. Ancaq Azərbaycan prezidenti qarşıya çıxan maneələri bir-bir aşaraq irəliləyir və konkret nəticələr əldə etməyə başlayıb.

Sənəddə bir çox müddəalar çox ümumi olsa da, sülh niyyətini hər iki tərəf ortaya qoyub və imzası ilə təsdiq edib. Şübhəsiz ki, bu, hələ başlanğıcdır. İki ölkə arasında münasibətləri qaydaya salmaq, daha doğrusu, yaratmaq üçün atılacaq çox addımlar var. Azərbaycan özündən asılı olanları edib və edir. Qarşı tərəfin bu sənəddə ifadə olunan niyyətlərə sadiqliyi və onları həyata keçirmək üçün iradəsi çox vacib olacaq.

Yeri gəlmişkən, bu sənəd Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsi qərarı ilə eyni gündə açıqlandı. ABŞ başda olmaqla aparıcı Qərb dövlətləri, beynəlxalq təşkilatlar dərhal müsbət reaksiya verdilər.

Məlumdur ki, indiki prezident öz namizədliyini yenidən irəli sürəcək. Hər halda bizim ehtimalımızdır və gerçəkləşəcəyinə əminik. Beynəlxalq birliyin Azərbaycanla Ermənistan arasında imzalanmış məlum sənədə dəstək bəyanatları İlham Əliyevin təkrar namizədliyi ətrafında maraqlı və müsbət fon yaradıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin, hələlik şərti olan sərhədlərinin toxunulmazlığının bərpasından sonra İlham Əliyevin cəmiyyətdə dəstəyi çox artıb. Bu, faktdır və belə bir tendensiyanı xüsusi sorğular keçirmədən də izləmək olur; məhz belə pozitiv ictimai əhval aydın görünür.

Qarabağ məsələsi cəmiyyəti həmişə birləşdirən bir faktor olub. Torpaqların azad olunmasından və suverenliyin bərpasından sonra isə bu faktor həm də cəmiyyətin böyük çoxluğunu bütün başqa fikirlərə, rəylərə rəğmən hazırkı dövlət başçısının ətrafında cəmləşdirib. Eyni zamanda istər Ermənistanla sülh prosesinin aparılmasında və müsbət nəticəyə bağlana bilməsində, istərsə də, bölgədə nəzərdə tutulan nəhəng proyektlərin həyata keçiirlməsində, xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana beynəlxalq birliyin ehtiyacının daha da artması kontekstində hazırkı prezidentin müstəsna rolu və siyasi profili nəzərə alınır. Üstəlik, şübhəsiz, Qərbdə də dəqiq hesablayıblar ki, hazırda Azərbaycanda İlham Əliyevin qarşısına çıxacaq keçərli başqa uyğun namizəd – real alternativ də görünmür. Özünü real alternativ sayanlar isə, əvvəlki kimi, böyük ehtimalla, seçkiyə qatılmayacaqlar. Bu faktorları nəzərə alaraq, Qərb dairələri də İlham Əliyevin yenidən prezident seçiləcəyinə şübhə etmirlər. Mümkündür ki, gələn ilin fevral ayındakı seçkidən sonra dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları elə indiki kimi birmənalı olaraq səsvermənin nəticələrini də legitim qəbul edərək alqışlamalı olacaqlar. Fikrimizcə, bu, təkcə prezidentliyə namizədlər arasında deyil, strateji vizyonlar arasında seçki olacaq. Bu seçki bütün regionu ilgiləndirən bir seçimi gerçəkləşdirəcək; işğal keçmişinin ağır irsi ilə gələcəyə baxış arasında, qarşı tərəfdəki marginalların revanş hikkəsi ilə real barış perspektivi arasında bir seçki olacaq.

Bir sözlə, ümid var ki, bu, sülh seçkisi olacaq. Əgər 2018-ci ilin aprelində Azərbaycan öz halal haqqı olan torpaqları üçün döyüşmək və qələbə qazanmaq məqsədilə prezident seçmişdisə, bu dəfə yenə öz halal haqqı olan sülh və təhlükəsiz inkişaf üçün prezident seçəcək. Belə demək mümkünsə, Azərbaycan seçicisi nəinki öz ölkəsini, bütövlükdə Cənubi Qafqaz bölgəsini barış üzərinə yenidən dizayn edə biləcək, ölkə və bölgə ətrafında gedən geosiyasi prosesləri sülh və tərəfdaşlıq məntiqinə kökləyəcək bir prezident seçməli olacaq. Bu, təkcə ölkəsinin deyil, müəyyən mənada həm də bölgəsinin məsuliyyətini idarə edə bulən bir siyasi kimliyin seçilməsi deməkdir.

Bahəddin Həzi Bahəddin Həzi, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »