Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarımçıq xəyal, yarımcan ümid... Qeybə çəkilən "qoçu" MTK-lara "dur" deyən olacaqmı...
Yarımçıq xəyal, yarımcan ümid... Qeybə çəkilən "qoçu" MTK-lara "dur" deyən olacaqmı...
Paytaxtda sıxlığın artması və rayonlardan yerli əhalinin Bakıya üz tutması bəzi MTK şirkətlərinə gəlir yeri qazandırsa da, onların bəziləri başladıqları işi sona çatdıra bilmədiklərindən, daha sonra vətəndaşların qəzəbinə tuş gəlirlər. Bir çox hallarda MTK-ların hələ hazır olmayan xəyali binadan vətəndaşlara evlər satıb, daha sonra qəfil yoxa çıxmasını, yaxud inşaat işinin yarımçıq qalmasını müşahidə etmiş, bu hallarla həm mətbuatda, həm də real həyatda rastlaşmışıq.

Həmin problemlərdən biri də bu dəfə Nərimanov rayonunda əsası qoyulan, ancaq inşaatı yarımçıq qalan binada baş verib. Sakinlərin iddiasına görə, Nərimanov rayonu, Təbriz (Çapayev) küçəsində inşa edilən "SİPARK" MTK-nın rəhbərliyi onları aldadır. İnşaat işləri ilə əlaqədar 2017-ci ildən sakinlər oradan köçürülüb və söz verilib ki, bir il səkkiz aydan sonra evlərini təhvil ala biləcəklər. Lakin bugünə qədər  evlərinə köçə biməyiblər, hətta kirayəpulunu da davamlı qaydada ala bilmədiklərini bildiriblər. Bundan əlavə, sakinlərin dediyinə görə, şirkət rəhbərliyi vətəndaşları mediaya müraciət etdiklərinə görə qorxudur. Vətəndaşlar MTK-lardan ev alan zaman hansı önləmləri almalıdırlar ki, daha sonra belə problemlərlə üzbəüz qalmasınlar? MTK şirkətlərindən evlə əlaqədar nə kimi sənədlər tələb olunmalıdır? Əmlak bazarında MTK-vətəndaş münasibətləri necə tənzimlənir?

Məsələ ilə bağlı Bizimyol.info-ya şərh verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, belə hallar son bir ildə çoxalıb.

Ramil Qasımzadə Ramil Qasımzadə

"Son zamanlar adıçəkilən şirkətin maliyyə problemləri ilə əlaqədar olaraq, tikinti demək olar ki, dayanıb. Çox ləng şəkildə işlər aparılır və sakinlər çox narazıdırlar. 2017-ci ildən orada inşaat işləri aparılsa da, son bir ilə yaxındır ki, iş fəaliyyəti dayandırılıb. Sakinlərin kirayə haqları gecikdirilir, bunun da sırf olaraq şirkətin maliyyə problemləri ilə əlaqədar olduğu qeyd edilir. Problemlə bağlı televiziya və digər mətbuat orqanlarında məsələ səsləndirilir. Mən deyərdim ki, Azərbaycanda hər bir şirkətdə - Mənzil-Tikinti Kooperativləri, MMC-lərdə texniki məsələlərə nəzarət güclüdür. Bu, doğrudur. Çünki texniki məsələlərlə əlaqədar Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri və digər aidiyyəti qurumlar diqqət yetirir və iş tam nəzarət altında həyata keçirilir. Ancaq belə şirkətlərin maliyyə ilə bağlı problemləri təəsüf ki, ilk deyil. Bəzən olur ki, hər hansı bir MTK öz işini maliyyə problemləri ucbatından davam etdirə bilməyib və başqa bir şirkət həmin layihəni alaraq, özü davam etdirib. Beləliklə, bir binanın tikintisi bir neçə əldən keçərək, bir neçə şirkət tərəfindən inşa edilir. Bunun hər il şahidi oluruq. Bu halla gələcək illərdə qarşılaşmamaq üçün qanunvericilikdə bina tikən şirkətlərin maliyyə dayanıqlılığına dair sənədlər tələb olunmalıdır. Çünki bir binanın tikintisi beş milyon manatdan daha çox qiymətə başa gəlir. Təklif edirəm ki, hər bir şirkətin özünün "kredit portfeli" olmalıdır ki, maliyə dayanıqlığını sübut edə bilsin və bu, binanın inşaatının vaxtında tamamlanacağına bir qarant olsun. Təəssüflər olsun ki, bir çox şirkətlərdə bu qarantlar mövcud deyil. Şirkətlər hər hansı bir torpaq sahəsini alır, inşaat işlərinə başlayır və ümid edir ki, satışı həyata keçirib, qazanc əldə edə biləcək, işi o şəkildə davam etdirə biləcək. Təəssüf ki, hər hansı bir fors-major hal, yaxud şəriklər arasında anlaşılmazlıq və bu kimi hallar binadan ev almaq istəyən vətəndaşların problemlərinin yaranmasına səbəb olur. Hesab edirəm ki, adıçəkilən MTK ilə bağlı məsələ yalnız məhkəmə müstəvisində həll olunmalıdır. Çünki ordakı vətəndaşların hər biri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Kollektiv şəkildə müraciət olunmalı və o binanın inşaatının başqa şirkətə verilməli, digər şirkət müflis elan edilməlidir. Bu zaman oradakı inşaat işi yeni şirkət tərəfindən aparıla və mövcud problem aradan qaldırıla bilər. Düşünürəm ki, bu və bənzəri problemlərin həll yolu yalnız hüquqi müstəvi üzərində həll oluna bilər" - deyə, əmlak eksperti qeyd edib.

P.S. Məsələ ilə əlaqədar adıçəkilən şirkət rəhbərliyinin fikirlərini də işıqlandırmağa hazırıq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »