Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çiçəklənən" ölkələrin indeksində Estoniya var, Azərbaycan yoxdur... İqtisadiyyatın gələcəyi necə olacaq?
"Çiçəklənən" ölkələrin indeksində Estoniya var, Azərbaycan yoxdur... İqtisadiyyatın gələcəyi necə olacaq?

İndi Azərbaycan iqtisadiyyatının gələcəyinə daha çox narahatlıqla baxmaq mümkündür. İllərlə ölkəyə böyük neft pulları gəldi. Buna hətta təbii qazın satışından gəlirlər də əlavə olundu. Pullar da xeyli böyük oldu, yüz milyard dollarlarla ifadə edildi. Amma dayanıqlı, gələcəyini təmin etmiş iqtisadiyyat yaradılmadı. Ölkə daha çox idxaldan asılı vəziyyətdədir. İstehsalın cüzi səviyyəsi irəli inamlı addımlar atmağa imkan vermir.

Bizimyol.info xəbər verir ki, “Ranking Royals” çiçəklənən ölkələrin indeksini açıqlayıb. Siyahıda postsovet dövlətlərindən Estoniyanın adını görmək olur, amma Azərbaycanın yox. Halbuki illərlə inkişafdan danışaraq sinəmizə döymüşük. Məlum olur ki, boş söz yığınıymış. Azərbaycan qətiyyən çiçəklənən dövlət deyil. Siyahıya Danimarka başçılıq edir. Ümumiyyətlə, Şimali Avropa dövlətləri liderlər qrupunu ələ keçirib. Siyahının yuxarısında adı görünənlərdən əksərinə təəccüblənmək olmur. Qeyd olunduğu kimi, Estoniya var. Baltikyanı ölkə üçün böyük göstəricidir.

Daha iki dövləti də fərqləndirə bilərik. Malta cırtdan ölkə sayılsa da, iqtisadiyyatı yalnız irəli gedir. Sloveniya isə, demək olar, Azərbaycanla aşağı-yuxarı eyni vaxtda müstəqillik əldə edib. Amma durumuna nəzər yetirmək kifayətdir. Azərbaycanda iqtisadiyyatla bağlı konkret konsepsiya yaradılmadı. Yalnız təbii sərvətlərə güvənildi. İndi isə üzə çıxır ki, neft gəlirlərinin vergisi azı 2 milyard manat azalacaq. Bu təbii sərvət də zamanla tükənməyə doğru gedəcək. Ölkə isə postneft dövrünə hazır deyil.

"Hər şey"i idxal etmək iqtisadiyyat adlana bilməz. Elektrik, məişət avadanlıqları ilə bağlı hər şeyi xaricdən gətiririk. Tekstil məhsullarının böyük hissəsi başqa ölkələrdən, daha çox Türkiyədən idxal olunur. Dərmanların 96 faizi başqa dövlətdə istehsal edilir. Hətta ərzaq məhsullarının 75 faizi də idxal predmetidir.

Belə iqtisadiyyat olur?! Heyif, o neft pullarına. Azərbaycan bölgənin Norveçi ola bilərdi. Ölkənin buna potensialı çatırdı. Amma həmin böyük pullar istehsala yönəldilmədi. Dollarlar qeyri-istehsal istiqamətlərində əridildi.

Ölkənin gələcəyi necə olacaq? İndi bu suala cavab vermək çox çətin görünür. Çünki ölkənin iqtisadi müstəvidə gələcəyi çox dumanlıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »