Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda şərlənən Fərid Səfərliyə hökm oxundu: ona qarşı hansı “sübutlardan” istifadə olunub?
İranda şərlənən Fərid Səfərliyə hökm oxundu: ona qarşı hansı “sübutlardan” istifadə olunub?

İranda casusluq ittihamıyla şərlənərək həbs olunmuş azərbaycanlı tələbə Fərid Səfərliyə hökm oxunub. Onun haqqında 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat yayıb. “Fəridlə dünən danışdıq. Hakim Fəridə son söz vermədən, öz kabinetində onun haqqında 2 il həbs hökmü çıxarıb. Fərid artıq qərarı məktub şəklində alib”, - deyə Dilarə Əsgərova bildirib. Anasının sözlərinə görə, Fərid Səfərli özünü təqsirli bilmir, heç bir sübut-dəlil olmadan çıxarılmış bu hökmlə də razılaşmır. Fərid Səfərli anasıyla telefon söhbətində iranlı hakimin hökmdə istinad etdiyi dırnaqarası sübutlardan da danışıb. Fərid Səfərli İranda qaldığı günlərdə tutduğu evin kirayə pulunu avro ilə ödəyib. Məhkəmə belə nəticəyə gəlib ki, o, bu addımıyla İran ərazisində qeydiyyata düşmək istəməyib. Bu üzdən pulu avro ilə ödəyib. Fərid Səfərli isə deyir ki, ev sahibi özü pulu avro ilə ödəməyi təklif etmişdi. Bundan başqa, məlum olub ki, Fərid Səfərlinin kirayə qaldığı evə onun İrandan çıxmasına 4-5 gün qalmış gizli kamera quraşdırılıb. Onunla qız dostu arasında ingilis dilində olan söhbətləri gizli şəkildə yazılıb.

“Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib. Fərid deyir ki, o səs yazısında əslində, heç nə yoxdur. sadəcə, tərcümə ciddi şəkildə təhrif olunub. Məsələn Fərid qızla söhbətində gileylənib ki, internet zəif olduğuna görə mənimlə (anası ilə) əlaqə saxlaya bilmir. Amma bunu məhkəmədə fars dilində tərcümədə belə təqdim ediblər ki, guya Fərid İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmamasından gileylənir. Ona görə də Fəridlə qərar verdik ki, İranda başqa tərcüməçi tutub, materiali yenidən tərcümə elətdirək”, - Dilarə Əsgərova bildirib.

Bundan əlavə, iddia olunur ki, Fərid Səfərli 2022-ci ildə İrana Almaniyadan 19 dəfə zəng edib. Fərid Səfərli bu iddiani rədd edir. O, zənglərlə bağlı sübut tələb edib: “Ona bildirilib ki, xarici zənglərin çıxarışını əldə etmək mümkün deyil. Fərid də sual verib ki, bəs haradan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm? Təbii ki, qaneedici cavab almayıb. Hakim vəkilə deyib ki, məhkəmədə Fəridin özünü dikbaş, yəni günahkar yox, tələbkar kimi aparması onun xoşuna gəlməyib. Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər, ondan özünə qarşı normal rəftar gözlə...”

Dilarə Əsgərova əlavə edib ki, oğlu haqqında çıxarılmış ədalətsiz hökm onu çox ağrıdır: “İllərini verib təhsil almışdı, dillər oyrənmişdi, peşəsini təkmilləşdirmişdi, çoxdan arzuladığı iş təklifi almışdı, işə başlayana qədər gedib sevdiyi qızla görüşməyi planlaşdırırdı... Axırda da onu belə şərlədilər. Fərid mənə dedi ki, SEPAH-ın zindanında yaşadıqlarına baxmayaraq, çıxandan sonra bütün bunları unutmağa çalışacaq, bu kiçik səhvindən böyük dərs alacaq. Nə qədər eləsəm də, orada yaşadıqlarını mənə danışmaq istəmədi...”

Almaniyada magistr təhsili alan Fərid Səfərli Jena universitetində təhsil almış iranlı həkim qız dostunu görmək üçün fevralın 20-də İrana gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib. Fərid Səfərlinin casusluq ittihamıyla həbsdə saxlandığı təxminən 3 ay sonra məlum olub. Sonradan anası ilə telefon danışığında deyib ki, həmin qızla birlikdə geri qayıdanda saxlanılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »