Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh dəhlizi, yoxsa müharibə logistikası?!
Sülh dəhlizi, yoxsa müharibə logistikası?!

Mən bir yazımda yazmışdım ki, bizi qazandığımız qələbələrə... məğlub etmək istəyirlər. O zaman bu fikrimin açmasını soruşanlara anlatdım.

Bəli, doğru anladınız; bizi tələyə salmağa çalışırlar. Son müharibəyə qədər biz Ermənistanı işğalda, təcavüzdə, soyqırımda ittiham edirdik. Və haqlıydıq da. Hələ də haqlıyıq. Bütün dünya işğal olunmuş ərazilərin, dini, mədəni abidələrin, təbiətin necə dağıdılıb məhv edildiyini öz gözləri ilə gördü.

İndi qarşı tərəf Qarabağdakı erməni əhalini siyasi girova çevirib. İki ölkə arasındakı sərhədləri münaqişə meydanına çevirməyə çalışır. Biz Ermənistan ərazisindən Naxçıvana yolun açılmasını istəyəndə bu olur təcavüz cəhdi, amma Ermənistandan bizim ərazimizə qanunsuz daşımalar "humanitar yardım" adlandırılır. Çox qəribədir, elə deyilmi?!

Azərbaycan öz ərazisinin bir hissəsi olan Naxçıvana quru yolla keçid istəyir. Bu yolun adına "Zəngəzur dəhlizi" deyəndə Ermənistan hökuməti bunu - "dəhliz" ifadəsini qəbul etmir, suverenliyə qəsd sayır. Ancaq Laçın yoluna "Laçın dəhlizi" deyir. Əslində Azərbaycan öz eksklavına - Naxçıvana yol açılmasına çalışır. Bunun üçün Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan, İran və Rusiyadan ibarət "3+3" formatını dəstəkləyir. Hətta təşəbbüsçülərdəndir. Xankəndi isə Ermənistanın deyil, Azərbaycanın ərazisidir; Ermənistanın anklavı, eksklavı deyil.

O halda Azərbaycanın bir şəhərindən o birinə gedən yolun "dəhliz" adlandırılması doğru deyil. Üçtərəfli bəyanatda da, əslində, bu ifadənin işlənməsi konkret kontekstdə nəzərdən tutulub. O sənəddə nəzərdə tutulur ki, Azərbaycan ərazisində, o cümlədən, Xankəndində olan Ermənistan silahlı qüvvələrinin qalıqları, Azərbaycanın qanunlarından kənarda olan hər cür silahlı ünsürlər oradan maneəsiz çıxarılıb Ermənistana aparıla bilsin; dəhliz bunun üçün verilib. Yəni o qüvvələr oradan rus "sülhməramlı" kontingentinin qoruması altında çıxarılmalıydı. Dəhliz daha çox belə situasiyalar üçündür.

Ermənistan öz silahlı birləşmələrini Laçından keçirərək öz ərazisinə apardımı?! Xeyr!

Düzdür, deyə bilərlər ki, Qarabağda qalan silahlı və siyasi sepratçılar İrəvana bağlı deyil, yerli əhalidir və sair. Ancaq həmin yerli əhalinin çoxuna Ermənistan pasportu verilib; onlar Ermənistan vətəndaşlarıdır. Yəni onlar Azərbaycanın vətəndaşlığını qəbul etməyincə, Azərbaycan dövlətinin gözündə əcnəbidir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlməsi, ölkədə qalması və ölkədən getməsi isə xüsusi qanunlarla tənzimlənir. Dövlət Miqrasiya Xidmətinin səlahiyyət və məsuliyyət dairəsinə daxil olur.

Dəhliz söhbətinə qayıdaq. Biz "Zəngəzur dəhlizi" deyəndə bunu daha çox yolların, kommunikasiyaların keçəcəyi, yüklərin, sərnişinlərin danışacağı bir keçid ərazisi kimi anlayırıq. Yəni bizimki dinc məqsədlər, əməkdaşlıq üçün dəhliz anlayışıdır. Bu anlayış və arxasında duran əməl heç kəs üçün qorxulu deyil, əksinə hər kəs üçün sərfəlidir. Ancaq Ermənistan tərəfinin "dəhliz" deyəndə başa düşdüyü anlam, qavram heç kəs üçün sərfəli deyil, hər kəs üçün qorxuludur. Rəsmi İrəvan Laçına "dəhliz" deyəndə Qarabağa - mülki erməni əhalini girov saxlayan terrorçu-separatçı zehniyyətə silah-sursat logistikasını nəzərdə tutur. Azərbaycanın təklif etdiyi dəhlizdən bölgəyə sülh perspektivi gəldiyi halda, Ermənistanın təkid etdiyi "dəhliz"dən müharibə təhlükəsi daşınır. Bu halda Azərbaycanın təklifini dəstəkləyənlər sülhün, Ermənistanın təkidinə arxa duranlar müharibənin tərəfində olmuş sayılırlar. BMT kimi qurumda da bu aydın həqiqəti dərk edənlər azlıqda qalacaqsa, deməli, o, Birləşmiş Müharibə Təşkilatıdır! Nə az, nə çox!

Yox, əgər bu, bəşəriyyət üçün barış təşkilatıdırsa, o zaman İrəvanda, eləcə də, Parisdə, Moskvada və sair oturanlara sual etsin: əgər Ermənistan Laçın yolundan təhlükəli yükləri, terrorçuları daşımırsan, niyə o daşıdıqlarının xüsusi məxfiliyi və öz anladığı biçimdə təhlükəsizliyi qayğısına qalır?! Buna görəmi Laçın SBM kimi legitim bir rejimin ləğvinə çalışır?! Axı mülki adamlar və onların qanunla qadağan olunmayan əşyaları onsuz da Laçın sərhəd-buraxılış məntəqəsindən problemsiz keçir. Əgər ordan Qarabağa-Azərbaycana qanunsuz bir yük, silahlı dəstə-filan keçirmək fikrin yoxdursa, Laçın sərhəd-buraxılış məntəqəsi səni niyə narahat edir?! Niyə o "humanitar" dediyin yükü sənə təklif olunan yolla deyil, təlqin olunan yolla aparmaq istəyirsən?! Bir sözlə, hansı haqla və hansı əsasla Laçın yolu ilə bağlı BMT-də məsələ qaldırırsan?!

Cavab aydındır: heç bir haqqı və əsası olmadan.

O halda kim haqqın, kim haqsızlığın tərəfində olacaq, bunu bilmək fürsətimiz var artıq. Hər pis olayın bir yaxşı tərəfi həmişə var: Ermənistan Laçın yolundan BMT Təhlükəsizlik Şurasına şikayət etməklə dünyada çoxlarının haqqa bağlılığını, sülhə sadiqliyini bir daha sınağa çəkmiş olacaq. Biz də baxıb nəticə çıxaracağıq...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »