Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar məktəbə hansı paltarda gedəcək?!
Uşaqlar məktəbə hansı paltarda gedəcək?!

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda demişdi ki, vahid məktəbli forması məcburi olmayacaq. Yəni nə nazirlik, nə məktəb uşaqlardan bunu tələb etməyəcəkmiş.

Yenə də məktəbli forması ilə bağlı dolaşıq bir hal yaşanır. Nazir deyir, vahid məktəbli forması tələb olunmayacaq, ancaq Nazirlər Kabineti vahid məktəbli formalarının təsvirlərini təsdiq edir; qərarı baş nazir imzalayıb. Üstəlik, bu təsvirləri Nazirlər Kabinetinə elm və təhsil naziri özü təklif edib. Yəni Əli Əsədovun bəyənib razılıq verdiyi rəng və dizayn Emin Əmrullayevin göndərdikləridir. Burası bir müəmma. İşin ikinci anlaşılmaz tərəfi odur ki, Nazirlər Kabineti hökumət olaraq qərar verir; hökumətin qərarı isə bir qayda olaraq məcburidir. Həmin hökumətin bir üzvü isə deyir ki, istəyirsiniz, övladlarınıza məktəbli forması alın, istəməzsiniz, almayın. Bu, necə bir işdir?! Həm də deyir ki, məktəblər özləri qərar verəcək, bu rənglərdən, təsvirlərdən hansını istəsə? seçə bilər. Daha bunun harası vahid forma oldu?!

Anlayacağınız: hökumət deyib ki, məktəblilər eyni cür geyinsin. Ancaq hər məmur bunu camaata bir cür deyir. Vahid forma haqqında eyni mövqe fərqli formalarda ifadə olunur. Ona görə də ata-analar çaşbaş qalıb. Bilmir, baş nazir yazana baxsın, nazir deyənə baxsın, yoxsa məktəb direktorunun hökmünə boyun əysin. Tədris ili başlamamış uşaqlara və valideynlərə çox çətin tapşırıq verilib. İndi gəl, bu inteqralı aç, bu kvadrat tənliyin kökünü tap, görüm, necə tapırsan?!

Bu çətin məktəb forması riyaziyyatda bir məchul da var: nədən 13 ildir bu geyimləri eyni fabrik tikir?! Bakı Tikiş Evi. Şirkətin inhisarçı-məmur biznesi olduğundanmıdır, yoxsa formanın vahid olduğundan?! Bunu da bir Allah bilir. Amma lütfən, bir bəndə çıxıb valideynlərə vahid söz desin: uşaqlarına hansı rəngdə, hansı formada geyim alsınlar?! Axı, dərslərin açılmasına sayılı günlər qalır...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »