Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş bələdiyyə sədri və YAP-ın Gənclər Təşkilatının sədr müavini həbsdə aclığa başladı
Keçmiş bələdiyyə sədri və YAP-ın Gənclər Təşkilatının sədr müavini həbsdə aclığa başladı

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri, dələduzluqda ittiham olunan Aytac Əliyeva və onun bacısı İlknur Əliyeva Turqutun işi üzrə məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən bu prosesdə dindirmələr yekunlaşıb, hazırda sənədlərin tədqiqi mərhələsidir. Aytac Əliyeva həbsdədir, bacısı isə bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Bizimyol.info xəbər verir ki, avqustun 15-də keçirilən məhkəmə iclasında keçmiş bələdiyyə sədri Aytac Əliyeva aclıq aksiyasına başladığını elan edib. O bildirib ki, məhkəmə prosesinin gedişindən narazıdır, süründürməçiliyə etiraz edir.

Məhkəmədə Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir sıra sənədlərlə tanış olmaq istədiyini bildirib. Hakim isə imkan verməyib, onun məhkəmə iclasına gec gəlməsini irad tutub. Ardınca məhkəmə prosesinin sentyabrın 22-nə qədər təxirə salındığını elan edib. Bu da Aytac Əliyevanın etirazına səbəb olub. O bildirib ki, məhkəmənin gedişindən narazıdır və buna etiraz olaraq, aclığa başlayır.

Aytac Əliyeva və bacısı özlərini qızıl-zinət əşyalarının alqı-satqısıyla məşğul olan, geniş əlaqələrə sahib şəxslər kimi təqdim edərək, müxtəlif adamları aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, bacılar zərərçəkmişləri aldadaraq, onlara ətraflarında yüksək vəzifəli şəxslərin olduğunu deyib. Onlara söz veriblər ki, onlar üçün qızıl-zinət əşyalarını həmin məmurlara sata bilərlər. Həmin şəxslər satmaq məqsədilə qızıl almaq üçün onlara pul versələr də, nə pul geri qayıdıb, nə də qızıl ala biliblər.

Aytac Əliyeva və İlknur Əliyeva Turqut ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Keçmiş bələdiyyə sədri həmçinin Binəqədi ərazisində torpaq satmaq adıyla dələduzluq etməkdə, torpaq sahələrinə saxta sənəd düzəltməkdə ittiham olunur.

Son məhkəmə iclaslarında Aytac Əliyeva və bacısı bir-birini ittiham edirdi. Onların arasında münasibətlərin gərginləşdiyi aşkar hiss olunur. Aytac Əliyeva bacısını təcridxanaya onun yanına gəlməməkdə, ondan xəbər bilməməkdə günahlandırırdı.

Aytac Əliyeva vaxtilə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədr müavini olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »