Şahdağ Milli Parkı, zubrlar və marallar haqqında çox eşitsək də, gedib görmək nəsib olmamışdı. Azərbaycanın bu gözəl məkanını görmək üçün yolumuzu İsmayıllıdan salıb, Şahdağ Milli Parkına baş çəkdik. Bizi Parkın əməkdaşı Rafael Musayev qarşıladı. 11 ildən çoxdur ki, Şahdağ Milli Parkında çalışan Rafael Musayev, parkı və təbiəti o qədər yaxşı tanıyır ki, haradan-nədən sual versək, dərhal cavabını ətraflı şəkildə verə bilirdi. Sanki, canlı kitab idi.

Rafael Musayev əvvəlcə bizə parkın yaranma tarixi haqqında danışdı. O, qeyd etdi ki, Şahdağ Milli Parkı Böyük Qafqazı yəni Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarını əhatə edir. Parkın ümumi ərazisi 130 508, 1 hektardır. Parkın landşaftı dağ meşəsi, Alp çəmənlikləri və qayalıqlardan ibarətdir. Burada müxtəlif ağaclar - Şərq palıdı, Qafqaz vələsi, Şərq fıstığı, göyrüş, qaraçöhrə, gilas, alma, armud, əzgil və s. digər ağaclara rast gəlmək mümkündür. Eyni zamanda Milli Parkda çöl donuzu, çaqqal, dovşan, dələ, canavar, tülkü və s. heyvanlar da var. Milli Parkda “Qırmızı kitaba” düşmüş heyvanlar da mövcuddur.
Şahdağ Milli Parkına giriş müəyyən istisnalarla, cəmi 2 manatdır. Məncə, təbiətin bu gözəlliyini görmək üçün 2 manatdan keçmək olar.
Şahdağ Milli Parkının bir özəlliyi isə, “Ögey ana” filminin məhz bu kənddə, bu ərazidə çəkilməsi ilə bağlıdır. “Ögey ana” filmi hansı ərazilərdə çəkilib, İsmayılın ağ atının əsl sahibi kim olub, partladılan dağ və s. bu barədə "Şahdağ Milli Parkı"nda hazırladığımız digər reportajda tanış olacaqsınız.
Bir gün İsmayıllıya yolunuz düşsə, mütləq Şahdağ Milli Parkını ziyarət edib xoş xatirələrinizə birini daha əlavə edə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info