Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qarabağdan çıxırsa...
Rusiya Qarabağdan çıxırsa...

Belə məlumat var ki, Qarabağda rus pasportu daşıyanlar ordan çıxır. Onların hamısı milliyyətcə rus deyil. Ya da heç biri.

Bu, o deməkdir ki, onilliklər ərzində - işğal dövründə Qarabağ ermənilərinə (bir qisminə) Rusiya pasportu paylanıb. Ya Rusiyada uzun müddət yaşayan və Rusiya vətəndaşlığı almış erməni əsilli şəxslər müxtəlif illərdə Qarabağa köçüb, ya da köçürülüb. Yaxud da, dediyimiz kimi, Qarabağdakı ermənilərin bir qismini Rusiya öz "vətəndaşı" kimi pasportlaşdırıb. Belə də ola bilər ki, bu qədər Rusiya vətəndaşı "Ruben Vardanyan" proyektinin tərkib hissəsi kimi Qarabağ torpağına siyasi-demoqrafik desant atılıb. Hamısı, ya da çoxu birdən. Rusiya bu qədər erməniyə evində otura-otura öz pasportunu veribsə, deməli, Qarabağ üçün planı varmış; ya Krım, Donbass kimi özünə birləşdirmək istəyirmiş, ya da Abxaziya, Cənubi Osetiya kimi "müstəqilliyini" tanımağa hazırlaşırmış.

İndi bu rus pasportlular çıxıb gedirsə (həqiqətən gedirsə), deməli, plan dəyişib.

Optimist versiya bu ola bilər ki, Rusiya Qarabağdan çıxmağa başlayır (çıxır) ki, Azərbaycan orada öz suverenliyini özü tətbiq eləsin. Azərbaycan bunu antiterror əməliyyatı formasında edəcək, yoxsa dinc yolla - bu, artıq şərtlərin necə formalaşacağından asılıdır. Ancaq hələlik əldə olan faktlar, məlumatlar çox deyil; tam mənzərəni görə bilmək hələ çətindir.

BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın tutduğu mövqe aydındır; Ermənistanın tələblərini dəstəkləmədi. Bunun Azərbaycan üçün nəticəsi müsbət oldu; heç bir qətnamə qəbul edilmədi. Əslində, böyük ehtimalla, ya Çin, ya da Böyük Britaniya (ola bilsin, hər ikisi) bu qətnamənin qəbul olunmasına imkan verməyəcəkdi. Çünki onların hər ikisi Orta Dəhliz layihəsinin böyük siyasi sponsorlarıdır. Orta Dəhlizin qovşaq ölkələrindən olan Azərbaycanda - nəqliyyat-kommunikasiya xətlərinin yaxınlığında qeyri-sabitlik istəməzdilər. Rusiya da yaxşı bilirdi ki, onsuz da Ermənistanın xeyrinə qərar verilməyəcək, ona görə boş səs atmadı. Üstəlik Ermənistana isbat eləməyə çalışdı ki, hələ də bölgənin taleyinə dair qərarlar Moskvadan çox asılıdır. Rusiyanın indiki mövqeyi müəyyən korrektələrlə əvvəlki kimi qalır. Biz bu haqda çoxdan və çox yazmışıq. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı deyil. O səbəbdən, müharibəni Azərbaycanın içərisindən - Qarabağdan götürüb, Ermənistan-Azərbaycan sərhədlərinə daşımaqda maraqlı ola bilər. Çünki Ermənistanın indiki hökuməti Qərbə tərəf getmək Qarabağ ermənilərini öz ayağından asılmış, onu geri çəkən ağır daş kimi görür. İrəvan Xankəndidəki erməni azlığından məsafə saxlamağa çalışır. Məlum "humanitar aksiya" təxribatı Qarabağdakı ermənilərinin problemini Qərbin, hətta bütün beynəlxalq birliyin probleminə çevirmək, işin içindən çıxıb Azərbaycanı dünyanın böyük gücləri ilə qarşı-qarşıya gətirmək üçün düşünülmüş plan idi. Ona görə də onlarla ölkənin diplomatlarını bu plana daxil etmiş, yığıb sərhəddə gətirmişdilər. Planın legitimləşdirilməsi üçün isə ona BMT TŞ-nın qətnaməsi lazım idi. Azərbaycan diplomatiyası bu planı pozdu. Əslində bu, çoxgedişli oyun kimi düşünülmüşdü; Azərbaycan o yükü Laçın sərhəd-buraxılış məntqəsindən buraxmış olsaydı, həmin məntəqəni və dövlət sərhədləri ilə bağlı öz strategiyasını baltalamış olardı. Ermənistan hansı gedişi etdisə, Azərbaycan qarşısına daha üstün ağılla və hüququn, diplomatiyanın gücü ilə çıxdı. Bu mərhələni, bəli, Azərbaycan uddu. Ancaq indiki halda Rusiya vətəndaşı olanlar (milliyyətindən asılı olmaysraq) Qarabağdan çıxırsa, bu, hansısa başqa hadisələrin önhazırlığı da ola bilər.

Rusiyanın Azərbaycanı dəstəkləməsi Azərbaycan üçün də, Ermənistan üçün də həm yaxşı, həm pis nəticə idi. Ermənistan üçün pis tərəfi qətnamənin qəbul edilməsinə Rusiyanın mane olması idisə, yaxşı tərəfi kollektiv Qərbin düşməni olan Rusiyanın Ermənistanın hələ də düşmənçilik etdiyi Azərbaycanın xeyrinə çıxış etməsi idi. Beləliklə, BMT TŞ-da Rusiyanın tutduğu mövqenin Azərbaycan üçün yaxşı və pis tərəflərini ayrıca təhlil etməyə ehtiyac yoxdur. Rusiya özü üçün istədiyi nəticəni aldı: Ermənistanı dəstəkləyən güclər - ABŞ, Fransa və sair onun xeyrinə bir qərar çıxara bilmədilər; Ermənistan cəmiyyətini, Qərbdəki erməni diasporasını məyus etmiş oldular. Rusiya bununla bölgədə qalmaq üçün arqumentini gücləndirmiş oldu. Hər halda belə bir fikir yaratdı (yaxud yaratdığını düşünür). Konkret bir məqamda Bakı ilə Moskvanın mövqeləri üst-üstə düşdü. Ona görə yox ki, Rusiya Azərbaycanı sevir və ona görə yox ki, Azərbaycan Rusiyanın bölgədə qalmasını istəyir. Xeyr! Sadəcə, situasiya belə formalaşdı. İndi Rusiya, doğrudan da, ən azı Qarabağdakı demoqrafik, hətta siyasi və bəlkə gələcəkdə hərbi varlığını sonlandırmağa qərar veribsə, bu, onun müharibəni Azərbaycanın ortasından çıxarmaq planı ola bilər. Bu, Azərbaycan üçün optimist perspektiv olar. Pessimist ssenari isə, Rusiyanın, dediyimiz kimi, müharibəni Ermənistan-Azərbaycan sərhədlərinə daşıması cəhdi olacaq. Bu halda Rusiya hər iki ölkənin şərti sərhədlərinin mühafizəsini öz üzərinə götürərək, "permanent sərhəd müharibəsi" taktikası ilə Cənubi Qafqazın hər iki dövlətinə, hətta bütün subregiona öz üstün hərbi-siyasi təsirini (təzyiqini) onillərlə davam etdirə bilər. Rusiyanın hətta ən zəif, darmadağın vaxtlarında belə Cənubi Qafqazdan çıxmaq istəmədiyi, çıxıbsa da, qayıtdığı tarixdən bəllidir. Rusiya Cənubi Qafqazdan çıxsa, zamanla Şimali Qafqazı itirəcəyini anlayır. Odur ki, indiki çətin durumunda belə - Ukrayna "bataqlığında" çabaladığı bir vaxtda da Cənubi Qafqazda qala bilmək üçün hər formada müqavimət göstərir.

Bu baxımdan, Azərbaycan və Ermənistan diplomatiyalarının qarşısında duran əsas çağırışlardan biri Qarabağda bitirilən müharibənin sərhədlərdə davam etdirilməsinə imkan verməməkdir.

Bu isə, əlbəttə, Ermənistan tərəfdən çox asılıdır; ikitərəfli formatda daha çox işləməli, tezliklə Azərbaycanla sülhə gəlməlidir. Əks halda, dövlət müstəqilliyinin olan-qalan işartılarını da itirəcək.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »