Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana dilimiz və dilimizin anası - "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir"
Ana dilimiz və dilimizin anası - "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir"

Avqustun 1-i Ana Dili və Əlifba günüdür. Vətənə də Ana deyirik. Deməli, Vətən günüdür. Amma Anamızın, Vətənimizin dili nə gündədir?!

Bədbin proqnozlara görə, əsrin sonuna doğru hər həftə bir dil ölüb gedəcək. Bunu yazıçı Aqşin Yenisey deyir. Deyir, elə etməliyik ki, Azərbaycan türkcəsi ölən dillər arasında olmasın. Ana dilimizə təhlükə bu qədər böyükdür? Aqşin Yenisey deyir ki, bəli. Həm də təsəvvür etdiyimizdən də böyük risk qarşısındadır dilimiz. Yazıçı Ana dilinə təhlükənin elə bir qism analardan gəldiyini də iddia edir. Deyir: "Analar öz uşaqlarının əlindən tutub rus məktıblərinə, ingilisdilli məktəblərə aparır. Evdə uşaqla yad dildə danışırlar".

Araşdırmalar göstərir ki, uşağın əqli inkişafı, savadlı olması, təhsilə maraq göstərməsi ata-anaların təhsil səviyyəsindən də asılıdır. Əsas da anaların. Ancaq baxır, ana özü hansı dildə təhsil alıb və gündəlik həyatda hansı dildə danışır. Bunun da çox təsiri var. Analarımız - təkcə bizim deyil, deyil, dilimizin də analarıdır. Anaların üz döndərdiyi balalar məhvə məhkumdur. Öz ana dilindən imtina edənlə öz körpəsini zibil yeşiyinə atan arasında fərq yoxdur.

Tanınmış ziyalılarımız çox tez-tez həyəcan təbili çalır: "Özümüz öz əlimizlə dilimizin evini yıxırıq" deyirlər. Uşaqlarını rusdilli məktəblərə (rus məktəblərinə) qoyan ata-anaların sayı ilbəil artır. Ancaq elə təhsil nazirinin özünün dediyinə görə, ilk ən yaxşı 10 məktəb arasında bir dənə də rusdilli məktəb yoxdur. Bunu Təhsil Nazirliyinin data-analizi göstərir. Deməli, rusdilli məktəblərin daha yaxşı təhsil verməsi haqda deyilənlər mifdir.

Azərbaycanın dünyaca məhşur alimlərinin ibtidai, orta təhsilini harda almasının araşdırsaq, görərik ki, çoxu kənd məktəblərində, öz ana dilində təhsil alıb. Amma... yenə də öz dilinə xor baxıb bir-biri ilə rusca, qismən ingiliscə danışanlar hələ var. Getdikcə artır. Xüsusilə də, dövlət məmurları, hakim elitada bu xüsusi bir dəb halını alıb. Hələ də rusca danışmaq özünü elitaya aid etmək fəndidir. Ana dilimiz isə getdikcə küncə sıxışdırılır. Bu, qorxulu reallıq olaraq hələ də qalır.

Yazıçı Seyran Səxavət deyir: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir". Bizim ölkənin reallığı isə hələ ki belədir: öz ana dilində cümlə qura bilməyənlərə milli dövlət qurmağı etibar etmişik.

Hər halda bu gün Ana dili günüdür. Ana dilimiz mübarəkdir!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »