Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşı "miqrant"a çevirən qanun: Qeydiyyata düşməyənləri cərimə gözləyir...
Vətəndaşı "miqrant"a çevirən qanun: Qeydiyyata düşməyənləri cərimə gözləyir...
Kənar bölgələrdən, xüsusilə də rayonlardan paytaxta üz tutan, ancaq paytaxt qeydiyyatında olmayan rayon sakinləri əgər Bakıya uzunmüddətli gəliblərsə və qeydiyyatda deyillərsə, müvafiq qanunvericiliyə uyğun olaraq cərimələnəcəklər.

Qanunvericilikdə yerli qeydiyyatda bağlı maddədə bildirilir:

Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması:

563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə - xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir”.

Ancaq vətəndaşların bir çoxu bu qanundan xəbərsiz olduqlarını, ilk dəfə eşitdiklərini bildirirlər. Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşın müvəqqəti olaraq gəldiyi bölgədə qeydiyyata düşməməsi inzibati məsuliyyət yaradır: “İstirahət, səsvermə, işgünü hesab edilməyən bayram və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla, olduğu yer üzrə qeydiyyata alınır. Vətəndaş olduğu yerdən getdikdə, müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir ”.

Zaur Seyidzadə Zaur Seyidzadə

Hüquqşünas Zaur Seyidzadə mövzu ilə əlaqədar Bizimyol.info-ya bildirib ki, müvafiq maddənin icra olunması üçün müəyyən mexanizmlər mövcud deyil: “Bu qanun əvvəldən mövcud olsa da, işləmirdi. İndi bildirilir ki, qanun tətbiq ediləcək. Amma hüquqşünas kimi onu bildirə bilərəm ki, bu qanunun icra mexanizmi olmamış tətbiq edilə bilməyəcək. Məsələn, həmin qanunda nəzərdə tutulub ki, vətəndaş qeydiyyatının olmadığı başqa bir bölgəyə getdikdə, orada bir həftə ərzində qeydiyyatdan keçməlidir. Həmin vətəndaşı polis nümayəndələri saxlasalar və cərimə yazmaq istəsələr, necə müəyyən edəcəklər ki, vətəndaş bir həftə öncə, yoxsa dünən gəlib? Əgər vətəndaş xaricə gedirsə və ya gəlirsə, onun nə vaxt gəldiyini Gömrük, Sərhəd Xidməti kimi qurumların möhürlərindən, ya da təyyarə, yaxud qatar biletinin tarixçəsindən anlamaq olar ki, ölkəyə nə zaman daxil olub. Amma ölkə daxilində vətəndaşın özünə bunu tətbiq etmək üçün mexanizm yoxdur. Polis nə biləcək ki, vətəndaş rayondan şəhərə nə zaman gəlib? Hələ mən Bakı kəndlərində, digər rayonlarda qeydiyyata alınmamış evləri demirəm. Hansı ki, onların sənədləri yoxdur və qeydiyyata düşmələri mümkünsüzə çevrilib.  Başqa bir məsələ: tutaq ki, vətəndaş 30 manat cərimələndi, ona cəriməsini ödəməsi və qeydiyyat üçün aidiyyəti icra orqanına yaxınlaşması üçün neçə gün vaxt veriləcək? Yoxsa hər 24 saatdan bir 30 manat cərimələnəcək? Cərimə protokolunda bunlar qeyd olunmalıdır. Xülasə, bu qanun var, ancaq onun tətbiqi mexanizmləri işlənilməyib və boşluqlar çoxdur".

Natiq Cəfərli Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli isə bu maddənin qanunvericiliyə zidd olduğunu qeyd edib: “Bu qanun çoxdan qəbul olunmuş olsa da, onun icrasında ciddi prosedur problemləri var: müvəqqəti qeydiyyata necə düşmək olar, neçə gün müddətində və sair. Bu məsələlər tənzimlənməlidir. Vətəndaşın bunu bilməsi üçün sosial çarxlar olmalıdır və o, bilgilənməlidir ki, hansı qaydalar var, necə qeydiyyata düşmək olar. İkinci bir məsələ isə bu qanunun Konstitusiya ilə ziddiyyət təşkil etməsidir. Çünki Azərbaycan Konstitusiyasına görə, vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmə azadlığı var. Mənə elə gəlir, bu barədə Konstitusiya Məhkəməsinin də şərhini almaq daha məqsədəuyğun olardı”,– deyə Natiq Cəfərli bildirib.

P.S. Qeyd edək ki, vətəndaşın ölkə daxilində bir regiondan digərinə səyahət etdikdən sonra həmin yerdə müvəqqəti yaşayış üçün yerli icra orqanlarına müraciət edib, müvəqqəti qeydiyyata düşməsi, bunu etmədikdə isə inzibati məsuliyyətə cəlb edilməsi barədə yuxarıda göstərilən qanunun analoquna başqa ölkələrin qanunvericiliyində rast gəlinmir. Xarici ölkələrdə, xüsusilə də Qərbi Avropa ölkələrində belə qanunlar əsasən miqrantlara şamil olunur. Rayondan paytaxta üz tutan vətəndaşa miqrant münasibətinin göstərilməsinin qanuniləşdirilməsi isə təbii ki, bir mənalı qarşılanmır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »