Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata-qız münasibətləri, yaxud qadınların həyatı haradan başlayır?..
Ata-qız münasibətləri, yaxud qadınların həyatı haradan başlayır?..

Uşaqların yetkin insan kimi inkişafı sağlam münasibətlərin olduğu ailə mühitində böyüməsindən asılıdır. Valideynlərinin sevgisi və diqqəti ilə böyüməsi fərdin sosial və emosional inkişafını reallaşdırmaq baxımından çox vacibdir. Ailə uşağın inkişaf prosesində ona doğru və yanlışın nə olduğunu müəyyən edir, uşağın intellektual inkişafına dərindən təsir göstərir.

Ailələri tərəfindən sevgi, hörmət, səbir və anlayış görən uşaqların ruhi sağlamlığı müsbət istiqamətdə inkişaf edir. Müsbət psixi sağlamlığı olan uşaqlar, özünə güvənən, özü və həyatı ilə barışan, özünü və ətrafındakı insanları sevən bir insan kimi yetişir. Evdə ata-analarını xoşbəxt görən uşaqlar, düzgün psixologiyalı və özünə inamı böyük olan uşaqlar olur. Evdə valideynlərinin xoşbəxt olmadığını, dava-dalaş, depressiya dolu mühitdə böyüyən uşaqlarda isə dəyərsizlik hissi yaranır. Ailədə uşağa lazımı diqqət, sevgi və qayğı göstərilmirsə, bu çox pozucu bir davranışdır. Uşağın valideynləri ilə sevgi bağlılığı zəruridir. O dəyər görməli, şərtsiz sevilməlidir. Uşaqlıqda sevgi və şəfqət görməyən uşaqlar, gələcək həyatlarında öz şəxsiyyətlərini tapa bilməyəcək, sevgi dilənçisi olacaqdır.

Bu barədə Bizimyol.info xəbər portalına İlahiyyat üzrə fəlsəfə elmləri doktoru, professional ailə müşaviri, Həyat koçu PhD. Əfzələddin Rəhimli müsahibəsində danışır:

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

- Valideynin hər bir insanın həyatında böyük rolu olur. Valideynlərimizin davranışı  bizim sonrakı həyatımıza da yansıyır.  Əfzələddin müəllim,  ailədə atamın rolu necə olmalıdır?

- 1980-ci illərin birinci yarısından etibarən ataların uşaq inkişafına və ailə həyatına təsiri ilə bağlı araşdırmalarda artım müşahidə olundu. Bu sahədə, Lamb tərəfindən irəli sürülən “Ata rolunun tipologiyası”, ataların uşaq inkişafına təsirini araşdırmaq məqsədi daşıyan tədqiqatlar üçün mühüm nəzəri əsas təşkil etdi.

Lamb ailədə atanın rolunun üç mühüm ölçüsünü müəyyən etdi. Bunlardan birincisi “ata və uşaqların birlikdə vaxt keçirmələri”ni ifadə edən qarşılıqlı əlaqədir.İkincisi, “onların emosional və fiziki yaxınlığına, atanın uşağın prioritetlərinə sadiqliyinə aid olan əlçatanlıq”dır. Üçüncüsü, uşağın xoşbəxtliyi və sağlam inkişafı üçün atanın məsuliyyətidir.

Uşağın həyatının ilkin dövrlərində atanın davranışının xarakteri sonrakı dövrdə uşağın psixi funksiyalarına təsir göstərir. Atanın uşağa qayğısı, onu bəsləməsi, onunla oynaması və s. ilə uşağın intellekt inkişafı arasında müsbət əlaqənin olduğu, övladın cinsi və şəxsiyyətinin inkişafında atanın böyük rol oynadığı bildirilir.

Bu sahədə, günümüzün ən əsas ailə məsələlərindən biri də, ata-qız münasibətləridir. Ata bir valideyn kimi ailə başçısı olaraq sevgi, şəfqət və etibarı təmsil edir.

- Deyirlər ata və qız münasibətləri qızların sonrakı həyatında,seçimlərində çox təsirlidir?

- Jane Grandon 1995-ci ildə yazdığı "Əziz baba: ata-qız münasibətləri niyə bu qədər vacibdir?" kitabında dörd ata fiquru haqqında yazır:

Şahzadə Atalar-bu atalara şahzadə deyilir, çünki qızlarına şahzadə kimi yanaşırlar. Qızını əl üstündə tuturlar, sevgisi ilə bəsləyirlər. Onlar övladları arasında cinsiyyət ayrı-seçkiliyinə əsaslanan ədalətsizlik nümayiş etdirmirlər. Onlar üçün oğlan övladı da, qız övladı da bir nemətdir, əzizdir, dəyərlidir. Bu atalar qızlarına sevgi, qayğı və şəfqətlə yanaşır. Onlarla vaxt keçirirlər. Şahzadə atalar qızlarının qayğısına qalan, ona vaxt ayıran insanlardır. İmkan daxilində istədiyi oyuncağı alır və oyuncaqlarla oynayanda ona qoşulurlar. Belə atalar qızları ilə oyun oynayır, onun əlindən xəyali “çay içir”, oyuncaq boşqabda süfrəyə verilən yeməkləri “yeyirlər”.

Bir sözlə qız özünün evdə “qız olmağından” utanmır, sıxılmır, əzilmir. O, “atasının qızı” olmaqla xoşbəxtdir. Atanın diqqəti onun üzərindədir. Belə ataların qızları gələcəkdə özünə güvənən, insanlarla ünsiyyətdə çətinlik çəkməyən, münasibətlərində patoloji problemlərə meyilli olmayan xanımlardır.

Avtoritar atalar üçün “övlad qarşısındakı atalıq vəzifəsi” yalnız maddi dəstək vermək və sərt nizam-intizamı həyata keçirməklə məhdudlaşır. Təəssüf ki, bəzi atalar ailələrini iqtisadi cəhətdən dolandırdıqları üçün öz öhdəliklərini yerinə yetirdiklərini düşünürlər.

Sözsüz ki, dəyərli atalarımız ailəsinin rifahı üçün çox zəhmətlərə qatlanır və onların məişət problemlərinin olmaması üçün çalışırlar. Bunun üçün hər birimiz atalarımıza minnətdarıq. Onların bu sahədəki zəhmətləri əvəzolunmazdır, amma valideynin qayda-qanun yaratması və övladını intizamlı tərbiyə etməsi təbii və hətta zəruri olsa belə bu kobudluq və şiddətlə, güc və zorakılıqla deyil, məntiq və mərhəmətlə icra edilməlidir. Sözügedən atalar bir növ ailədə sanki hakimiyyət həvəskarlarıdır. Bu atalar nizam-intizam və qanun çərçivəsi təyin etməklə, hökmranlığı və sərtliyi qarışdırırlar. Belə atalar heç vaxt qız övladları ilə nəyisə müzakirə etmirlər. Onlar sadəcə qadağa qoyurlar və heç bir şərh vermədən qızlarının qeyd-şərtsiz ona riayət etmələrini tələb edirlər. Burada qızın söz, seçim və mədəni etiraz haqqı və özünüifadə icazəsi yoxdur. Hətta bunu etdiyi zaman sərt cəzalandırılırlar. Adətən belə atalar övladlarını sevdikləri üçün bu formada davrandıqlarını söyləyirlər. Amma unudurlar ki, onların qızları da sevgini bu formada mənimsəyirlər. Gələcəkdə istismara münbit bir şəxsiyyətə malik olurlar. Sosial əlaqələrində rahatlıqla güc qarşısında əziləcək və müqavimət göstərə bilməyəcəklər. Yaxud da, bir çox psixoloji travmalarla yaşayacaqlar.

Avtoritet atalar, bəzən hər şeyin ən yaxşısını bildiyini sandıqları üçün bu formada davranırlar. Lakin unudurlar ki, bununla da gələcəkdə gücsüz, öz qərarı olmayan, asılı və itaətkar qızlar yaradırlar.

Dost atalar - onlar qızları ilə vaxt keçirməyi sevən atalardır. Daim qızlarını dəstəkləyir, hər zaman qızlarının arxasındadırlar. Öz zövqlərinə önəm versələr belə qızlarının da sevdiyi fəaliyyətlərə əhəmiyyət verirlər. Bu ataların qızları hər zaman arxalarında ata dəstəyini hiss edir, güvəndə görürlər. Ali təhsil almaq, sənətlə məşğul olmaq və başqa istənilən fəaliyyətlərdə ataları daim onlara yol göstərir və arzularını uğurla reallaşdırmaq üçün mənəvi dəstək verirlər. Bu qızlar bilirlər ki, hər hansı bir çətinliklə üzləşdikləri halda ataları onların ən yaxın köməkçisidir. Burada da qız sevildiyini, dəyər gördüyünü hiss edir və bu onun şəxsiyyətinin formalaşmasında müsbət rol oynayır.

Görünməz atalar- adlarından göründüyü kimi onlar gözə görünmürlər. Bu iki formada mümkündür: Bəzi görünməz atalar o qədər tez-tez səyahət edən insanlardır ki, evə gəlmirlər. Bəzi görünməz atalar isə işdən sonra, ya evdə olmur (çayxana və sair yerlərdə boş-boş vaxt keçirir), ya da evdə olsa belə, qızı ilə bir evdə iki yad adam kimi yaşayırlar. O, qızı ilə oyun oynamır, onunla vaxt keçirmir, qayğısına qalmır, əzizləmir, ona nağıl danışmır və onunla bir neçə dəqiqə də olsa söhbət etmir. Ya telefondadır, ya televizora baxır, ya da evin oğlu (“kişi balası”) ilə söhbət edir. Bu atalar qızlarına yad insanlar kimi davranır. Qızı ilə maraqlanmır, başını sığallamır... Bunun da bir neçə amili vardır.

Onlar qızlarına cinsiyyət fərqinə görə dəyər vermir, qız övladını “ikinci dərəcəli övlad” görür. Oğlan övladını bütləşdirir.

Ya da qızlarını sevir, lakin onun qayğısına qalmaqdan çəkinirlər. Yəni, buradakı əsas amil qorxudur. İllərlə və nəsillər boyu atalara diktə olunmuş qorxu. Sevginin, dəyər verməyin, etibarın qorxusu... Qızına dəyər verərsə, ona “üz vermiş olacağından” qorxmaq. “Sözünü diktə edə bilməyəcəyi”ndən qorxmaq. “Hörmətdən düşəcəyindən” qorxmaq. “Kontrolundan çıxacağından” qorxmaq. Bir sözlə qorxu mentalitetinin dəyər ünvanında sırıdığı amillər...

Diqqət etmək lazımdır ki, burada əslində “görünməz” olan təkcə ata deyil, qız da “görünməz”dir. Çünki ata ona dəyər vermir, əzizləmir, onunla duyğu və emossiya bağı qurmur. Sanki onu görmür... Qız da özünü görünməz hiss edir.  Belə ataların qızlarının yeniyetməlik və yetkinlik dövründə sosial münasibətlərində ciddi problemlər ola bilər. Ata qızının həyatına girən ilk kişidir. Ata və qız arasındakı ünsiyyət yalnız həmin zaman baxımından deyil, həm də qızın yetkinlik dövründə yaşayacağı problemləri müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Çünki qız övladının ailə haqda düşüncəsi ilk olaraq məhz atasının obrazında formalaşır. Ata qızına sevgi və qayğı göstərdiyi zaman o, özünü daha dəyərli və sevilməyə layiq görəcəkdir. Özünə inamı olan, kobudluğu “güc” saymayan, hər xoş sözə aldanmayan qız tərbiyə etmiş olacaqdır. Ata bilməlidir ki, qızının gələcək əlaqələrinin sağlamlığında, yaxud onun həyat yoldaşı seçimində “kişi” obrazını təmsil edən məhz atadır. Hətta, bəzən ətrafındakı bütün dünyanı təmsil edən odur!

Atalar, yanlışın və doğru insanın necə olduğunu səninlə olan əlaqələri və bağlılıqları ilə öyrənəcək, sənin qızın. Vaxtında qızına dəyər ver, qayğı göstər ki, saxta məhəbbətlə, həqiqi sevginin və dəyərin nə olduğunu öyrənmiş olsun. Kiminsə ona qeyri-səmimi iltifatına, cüzi yardımına özünü borclu saymasın...

Onun iqtisadi problemlərini həll edən, məişət ehtiyaclarını təmin edən, amma zorakılıq, kobudluq edən şəxsi “qəhrəmanı” saymasın. Vəhşi xasiyyətli insanları özünə “qala”, “güc” bilməsin...

Unutmayın ki, uşaqlıqda sevgi və şəfqət görməyən qızlar, gələcək həyatlarında öz şəxsiyyətlərini tapa bilməyəcək, sevgi dilənçisi olacaq. Bu, çox dağıdıcı nəticələrə gətirib çıxarda bilər. Tez aldanan qız tərbiyə etmiş olacaqsınız...

Utanqac, içinəqapalı, çəkingən, şizoid və yaxud kimsəyə etibar etməyən, paranoid şəxsiyyət çatışmamazlıqları olan bir qız tərbiyə etmiş olacaqsınız.

- Atadan diqqət görməyən qız uşaqları  sonrakı həyatda necə olur?

- Atasından diqqət görmədiyi üçün “diqqət acı” olacaqdır. Başqalarının diqqətini cəlb etmək üçün bayağı gülüşlər, anormal geyimlər, şişirdilmiş makyajlara meyl edəcəkdir. Bir növ histiryonik şəxsiyyət çatışmamazlığı olacaqdır.

Ata qızına dəyər vermirsə, mənəvi cəhətdən bir növ təhqir edirsə, dəstəkləmirsə, onu dinləmirsə, ona vaxt ayırmırsa öz dəyərini tapmayan, özünü sevilməyə layiq bilməyən, insanlara bağlana bilməyən, gücsüz və mənən sınmış, daim qorxu və təşviş içində olan zəif iradəli bir qız tərbiyə etmiş olacaq.

Əziz atalar, Peyğəmbərimiz (s) qızı Hz. Fatimə (ə) otağa daxil olduğu zaman ayağa qalxardı, onu əzizləyər hörmətlə öz yerində oturdardı. Çünki özünü dəyərli bilən, özünə inamı olan, yaxşı və pisi, saxtalığı və reallığı seçmək qabiliyyətinə malik olan bir xanım qız tərbiyə edirdi.

Allahın rəsulu (s) hər səfərə getdiyində sonuncu olaraq Hz. Fatimə (ə) ilə görüşərdi, hər səfərdən qayırdığında isə ilk olaraq Fatimənin görüşünə gələrdi. Bu atalara ən gözəl bir ibrətdir ki, öz qızlarına dəyər vermiş olsunlar.

Evinizdə tərbiyə etdiyiniz qızın “gələcəyin anası” olduğunu anlayın. “Cənnət anaların ayağı altındadır”-deyə buyurur Həzrət Məhəmməd (s). Allahın elçisi (s) qızı Fatiməyə (ə) “Atasının anası” -deyə müraciət etdiyində, cənnətin məhz ailədə düzgün tərbiyə almış, ataları tərəfindən sevgi və qayğı görmüş, şəfqət və dəyər bəxş edilmiş qız övladlarının ayaqları altında olduğunu təsvir edirdi.

Bəs sən qızın üçün hansı mənəvi cənnəti yaratmısan? Unutma, qızın üçün yaratdığın cənnət, əslində sənin öz behiştindir! Necə ki, Hz. Məhəmməd (s) buyurur: “Qız övladı olan ata, ona gözəl tərbiyə verib, elm öyrədib, Allahın ona verdiyi nemətlərdən onu bolluca bəhrələndirərsə, həmin qız, atasının cəhənnəm atəşinə qarşı qalxanı və sipəri olar”.

İslam dini qız övladına xüsusi diqqət və qayğı ayırıb.

Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) o həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi». (Vəsail, 21-ci cild, səh-361.)

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »