Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi prokurorun qardaşı vətəndaşı çökdürsə də, ürəyi soyumayıb...
Hərbi prokurorun qardaşı vətəndaşı çökdürsə də, ürəyi soyumayıb...

Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı olan Şahmar Vəliyev vaxtilə biznes sahəsində birlikdə işlədiyi Cəfər Əliyev adlı şəxsi çökdürüb. Onun əmlakları – bağı, evi, avtomobili əlindən alınıb. Cəfər Əliyevin özü təxminən il yarımdır ki, həbsdədir. Prokuror ona 12 il həbs cəzası istəyib. Lakin Şahmar Vəliyev bununla kifayətlənmək istəməyib. Nümayəndəsi vasitəsilə məhkəmədə vəsatət qaldırıb, məhkəmə istintaqı təzələnib, Cəfər Əliyevə əlavə ittiham verilib, onun vəziyyətinin ağırlaşdırılması üçün iş istintaqa qaytarılıb.

Bizimyol.info xəbər verir ki, Cəfər Əliyev uzun müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işi üzrə məhkəmə istintaqı da başa çatmış, prokuror ona 12 il həbs cəzası istəmişdi. Şahmar Vəliyev özü aylardır davam edən məhkəmə iclaslarının heç birinə gəlmirdi, onu nümayəndəsi təmsil edirdi. Artıq məhkəmə prosesi hökm oxunma ərəfəsində idi...

Cəfər Əliyev məhkəmədə bildirmişdi ki, o, plastik boru istehsalı üçün lazım olan material (“kroşka”) biznesi ilə məşğul olub. Həmin məhsullar İrandan gətirilirdi. Oradan göndərən isə Əkbər adı İran vətəndaşı olub.

Şahmar Vəliyevlə 2015-ci ildən işləməyə başlayıblar. Əvvəl tikinti sahəsində əməkdaşlıq ediblər. 2018-ci ildən bu sahədə birgə fəaliyyət göstəriblər. Onun sözlərinə görə, Şahmar Vəliyev ona “kroşka” üçün pul verib. O da hər dəfə İrandan malı gətirdib, onlara çatdırıb. Lakin sonuncu dəfə pulları Əkbərə göndərsə də, o, “yoxa çıxıb” və zənglərə cavab verməyib.

Cəfər Əliyev deyir ki, Əkbəri çox axtarsa da, tapa bilməyib. Pul sahibi isə ondan tələb etməyə başlayıb. Bir müddət sonra ondan şikayətçi olub.

Cəfər Əliyev ifadəsində onu da əlavə edib ki, İran vətəndaşı onu aldadıb pis vəziyyətə qoyandan sonra özünü öldürmək istəyib: “Özümü öldürməyə cəhd eləmişdim. Mən 26 ildir Bakıdayam, heç kimin 1 manatını yeməmişəm”.

Şahmar Vəliyev 580 min dollarının mənimsənildiyini iddia edir. Cəfər Əliyev isə bildirib ki, ona dəymiş ziyanın əvəzi ödənilib. Nəyi varsa, Şahmar Vəliyev əlindən alıb: “Onun Quliyev Etibar adlı işçisi var, onunla mənim aramda borc müqaviləsi bağlatdırdı notarial qaydada. Guya mən ondan 550 min dollar borc almışam. Halbuki, belə bir şey olmayıb. Sonra da o müqavilə ilə məni məhkəməyə verib, o pulu tələb elədilər. Yönləndirdilər əmlakıma. Şahmar Vəliyev hər şeyimi əlimdən aldı – evimi, maşınımı, bağımı...”

Məhkəmədə artıq hökm oxunan ərəfədə Şahmar Vəliyevin nümayəndəsi vəsatət qaldırıb ki, məhkəmə istintaqı yenilənsin, onların dindiriləsi şahidi var. Həmin şahid də Şahmar Vəliyevin işçisi Yelena Yusifzadə olub.

O, ifadəsində bildirib ki, Şahmar Vəliyev onunla Cəfər Əliyevə çatdırmaq üçün 10, 15 və 8 min olmaqla, ümumilikdə 33 min manat pul göndərib. Onun sözlərinə görə, Cəfər Əliyevə verilən həmin vəsaitlər nəqliyyat və gömrük pulu idi.

Lakin Cəfər Əliyev onun dediklərini təkzib edib. Təqsirləndirilən şəxs bildirib ki, bu şahidi ümumiyyətlə, tanımır və ona belə pul verilməyib.

Cəfər Əliyevin vəkili də məhkəmənin nəzərinə çatdırıb ki, belə pul verilmişdisə, niyə bu şahid bu haqda istintaq zamanı ifadəsində məlumat verməmişdi?

“Çünki Şahmar müəllim mənə necə demişdi, mən də elə demişdim”, - şahid Yelena Yusifzadə cavab verib.

Şahmar Vəliyevin vəkili vəsatət qaldırıb ki, Cəfər Əliyevə əlavə ittiham verilməsi üçün iş istintaqa qaytarılsın.

Prokuror da, təqsirləndirilən şəxs, onun vəkili də buna etiraz edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Azər Paşayev, İradə Həsənzadə və Əhməd Quliyev Şahmar Vəliyevin nümayəndəsinin bu vəsatətini təmin edib.

Elmar Vəliyev Elmar Vəliyev

Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə “Azneftemaş” ASC, Yevlaxda mərkəzi bazar, Bakıda “Bakı Mexanikləşdirmə-1” ASC, “Rusel Plaza” və  başqa böyük obyektləri var.

Vəliyev qardaşlarının adları zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. Hazırda da Hərbi prokuror Xanlar Vəliyevin adı “Tərtər işi” üzrə ən çox keçən şəxslərdən biridir. Digər qardaş Elmar Vəliyev Gəncədə icra başçısı vəzifəsində çalışarkən Yunis Səfərov tərəfindən odlu silahla sui-qəsdə məruz qalmışdı. Rəsmi ittihamda Səfərovun bu addımı terror aktı, dövlət çevrilişinə cəhd kimi dəyərləndirilsə də, o, məhkəmədə çıxışında bu addımını Elmar Vəliyevin əhaliyə zülm eləməsinə görə onu cəzalandırmaq niyyətilə izah etmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »