Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minsk Beynəlxalq Milad Forumunda “Turandot” operasının uğurlu ifası gerçəkləşib
Minsk Beynəlxalq Milad Forumunda “Turandot” operasının uğurlu ifası gerçəkləşib

XII Beynəlxalq Milad Opera Forumu çərçivəsində Belarus Böyük Opera və Balet Teatrında Cakomo Puççininin son əsəri olan “Turandot” operasının uğurlu ifası gerçəkləşmişdir. Operanın ifası dünyanın üç böyük teatrı -  Moskvanın “Helikon Opera” musiqili teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Belarus Böyük Opera Teatrının artistlərinin iştirakı ilə yadda qalmışdır. Tamaşanı Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə etmişdir.

“Turandot” operasının baş rollarını Moskvanın “Helikon” Opera Teatrının solisti,  tanınmış opera müğənnisi İvan Qınqazov (tenor) və beynəlxalq müsabiqələr laureatı, Belarus Dövlət Opera Teatrının aparıcı solistlərindən biri olan dramatik soprano Anastasiya Maleviç (Turandot) təqdim etmişlər. Digər rollarda yer alan solistlərin də ifası gecəyə xüsusi rəng qatmışdır – Belarusun xalq artistləri Anastasiya Moskvina (Liu), Vladimir Qromov (Pinq), Vasiliy Kovalçuk (Timur), beynəlxalq müsabiqələr laureatları Yanoş Nelepa (Panq), Yuriy Bolotko (Ponq) və Yuriy Mendelevin (İmperator Altoum) iştirakı tamaşanın böyük uğuruna təkan olmuşdur. Belarus Böyük Opera Teatrının ən sevilən və populyar tamaşalarından biri olan “Turandot” bu dəfə də böyük marağa səbəb oldu – bütün biletləri satılmış tamaşada Belarusun tanınmış ictimai və mədəni xadimləri, Böyük Teatrın baş direktoru, professor Ekaterina Dulova, teatrın bədii rəhbəri – SSSR xalq artisti, Dövlət Mükafatları laureatı, dünya şöhrətli xoreoqraf Valentin Elizaryev, Azərbaycanın Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev, müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış musiqi tənqidçiləri  iştirak etmişlər.

Ən mürəkkəb səhnə əsərlərindən biri olan “Turandot” operasında möhtəşəm orkestr  və xorla bərabər səhnə arxası nəfəs alətləri orkestri, uşaq xoru,  ekzotik zərb alətləri və rəqs qrupu da yer almışdır. Qısa zamanda baş tutan məşqlərə baxmayaraq operanın iştirakçıları sonda ayaqüstə qarşılanmışdır. Sürəkli alqışlardan sonra azərbaycanlı dirijor və tamaşanın ifaçıları Milad Opera Forumunun xüsusi diplomları ilə təltif olundular.

Qeyd etmək lazımdır ki, dirijor Əyyub Quliyevlə bərabər Azərbaycanı Belarus Beynəlxalq Milad Forumunda istedadlı opera müğənnisi, Mariinski teatrının dəvətli solisti Məhərrəm Hüseynov da təmsil edir. Azərbaycanlı bas bariton  forum çərçivəsində Q.Donisettinin “Sevgi şərbəti” və  bağlanış günündə “Opera Qala” gecəsində yer alacaqdır. Təntənəli bağlanış mərasimində  Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, tanınmış tenor Ramiz Usmanov, Metropoliten (ABŞ) teatrının solisti Kristian Benedikt və digər  opera teatrlarından dəvət olunmuş müğənnilər yer alacaqdır.

Son xəbərlər
Bütün xəbərlər »